...

Estoniya Azərbaycanın Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlığa yönəlmiş səylərini yüksək qiymətləndirir - Nazir

Siyasət Materials 20 Aprel 2022 10:16 (UTC +04:00)
Estoniya Azərbaycanın Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlığa yönəlmiş səylərini yüksək qiymətləndirir - Nazir

Bakı. Trend:

Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Estoniya xarici işlər naziri Eva-Mariya Liimets arasında məktub mübadiləsi baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Ceyhun Bayramov məktubunda iki ölkə arasında əlaqələrin ötən 30 il müddətində davamlı şəkildə inkişaf etdiyini bildirərək, qarşılıqlı yüksək səviyyəli səfərlərin, eləcə də ölkələrimiz arasında geniş hüquq-müqavilə bazasının mövcudluğunun Azərbaycan və Estoniya arasında münasibətlərin müxtəlif sahələrdə möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. Nazir, Azərbaycan - Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikitərəfli iqtisadi gündəliyin müzakirə olunması üçün mühüm platforma olduğunu bildirib. Məktubda, həmçinin ənənəvi dostluq və qarşılıqlı anlaşma kimi möhkəm təməli olan və beynəlxalq hüquq prinsiplərinə əsaslanan ikitərəfli əlaqələrin qarşıdan gələn illərdə daha da inkişaf edəcəyinə dair inam ifadə olunub.

Öz növbəsində, nazir Eva-Mariya Liimets ölkələrimiz arasında əməkdaşlığın son 30 ildə inkişaf etdiyini bildirərək, ali təhsil və informasiya texnologiyaları sahələrində əməkdaşlıqda əldə olunmuş nailiyyətləri xüsusilə vurğulayıb. Azərbaycanın Cənubi Qafqazda gücləndirilmiş təhlükəsizlik və daha geniş regional əməkdaşlığa yönəlmiş səylərinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən nazir, Estoniyanın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Nazir, ikitərəfli gündəlikdə olan bütün başlıca məsələlər üzrə əməkdaşlığın daha da irəli gedəcəyinə dair inam ifadə edib.

Nazirlər səmimi təbriklərini çatdırıb, iki dost xalqa sülh, əmin-amanlıq və rifah arzu ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti