...

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təşəkkür edib

Siyasət Materials 16 Mart 2023 14:15 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təşəkkür edib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi üçün çağırış edən Prezident İlham Əliyevə təşəkkür edirəm.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu Zirvə Türk dünyasının birliyinin rəmzidir.

"Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvəsinin Türkiyədə keçirilməsinə dair təklifinə görə şəxsim və millətim adına təşəkkür edirəm", - deyə o, əlavə edib..

Xatırladaq ki, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir. Bu tədbirin Ankarada keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Belə ki, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələdə ölənlərin sayı 49 mini keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti