...

Mərakeşdə Novruz bayramı qeyd edilib (FOTO)

Siyasət Materials 16 Mart 2023 17:05 (UTC +04:00)
Mərakeşdə Novruz bayramı qeyd edilib (FOTO)

Bakı. Trend:

14 mart 2023-cü il tarixində ilaxır çərşənbə günü Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyi tərəfindən Novruz bayramı münasibətilə tədbir təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə biznes və mətbuatı təmsil edən Mərakeşdə yaşayan Azərbaycan diaspora nümayəndələri iştirak edib.

İlk öncə səfir Azərbaycan diasporası nümayəndələri ilə tanış oldu və onların həyat və fəaliyyətləri haqqında məlumat aldı. Tədbirdə çıxış edən səfir Nazim Səmədov diaspora nümayəndələrini və səfirlik əməkdaşlarını Novruz bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb.

Daha sonra isveçli fotoqraf, operator və rejissor Mikayıl Silkeberqin ölkəmizin mədəniyyət paytaxtı Şuşaya həsr edilmiş zəngin mədəni irsi haqqında “Xarı Bülbül Əfsanəsi” sənədli filminin təqdimatı keçirilib. Filmdə görkəmli elm və mədəniyyət xadimlərinin Qarabağ və Şuşa haqqında fikirləri, həmçinin tarixi şəxsiyyətlər barədə kadrlar yer alıb. Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, musiqisi, muğamı və təbiəti ilə bağlı düşüncələri filmin əsas xəttini təşkil edib.

Səfir bildirdi ki, 2022-ci il Azərbaycanda “Şuşa ili” elan olunmuşdu və bu məqsədlə tədbirlər planı çərçivəsində həmin sənədli filmi çəkilmişdi.

Tədbirdə Azərbaycan mətbəxinin ləziz təamları, o cümlədən plov, dolma, habelə müxtəlif növ Novruz şirniyyatlarımızın bəzədiyi zəngin süfrə açılıb, samovar çayı dəmlənilib və səfirliyin həyətində Novruzun əsas atributlarından biri olan tonqal qalanıb.

“Azərbaycan mətbəxi” adlı ingilis və ərəb dilində kitablar təqdim edildi. Sonda diaspora nümayəndələri ilə xatirə şəkli çəkildi və onların hər birinə hədiyyələr təqdim edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti