Azərbaycan siyasəti həm qısamüddətli, həm də uzunmüddətli perspektivə yönəldilib. Trend xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Şəmkir rayonunda yeni Olimpiya İdman kompleksinin təməl qoyma mərasimində ictimaiyyət qarşısında çıxış edərkən bildirib.
Dövlət başçısı qısamüddətli layihələr arasında iqtisadi islahatların keçirilməsini, kreditlərin verilməsini, sahibkarlığın inkişafını, elektrik stansiyalarının tikintisini, rayonların qazlaşdırılmasını və s. qeyd edib. "Lakin biz gələcəyə də baxmalıyıq. Biz ölkənin uzunmüddətli strategiyasını müəyyən etməliyik. Biz onun üzərində işləyirik və artıq onun konturları qeyd olunub", - deyə İlham Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda sosial layihələrə, məktəb və səhiyyə mərkəzlərinin tikintisinə böyük diqqət ayrılır. 2008-ci ilə qədər Azərbaycanda pis vəziyyətdə olan bütün məktəblər təmir olunacaq, eləcə də yeni təhsil müəssisələri inşa ediləcək.
Prezident qeyd edib ki, Şəmkir rayonu strateji əhəmiyyət daşıyır, həm kənd təsərrüfatı, həm də sənaye cəhətdən böyük potensiala malikdir. Rayonların inkişafı üçün əlavə vəsaitlər ayrılacaq. "Bölgələrin inkişafı şəhər və kənd arasında fərqin azaldılması və nəticədə miqrasiya səviyyəsinin azalması baxımından böyük əhəmiyyət kəsb edir. Miqrasiyanın aşağı göstəricisi dövlətin inkişaf səviyyəsini göstərir", - deyə prezident qeyd edib.
Qeyd edək ki, Şəmkir rayonuna səfər çərçivəsində prezident Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Heydər Əliyev adına muzeyin açılışında iştirak edib və bir sıra obyektlərdə olub.