...

Valideynlər uşaqları ilə münasibətlərini hansı prinsiplər əsasında qurmalıdırlar?

Cəmiyyət Materials 1 İyun 2013 09:00 (UTC +04:00)
Uşağın yetkin şəxsiyyət ola bilməsi üçün elmi terminologiyada sosiallaşma prosesi olaraq adlandırdığımız mərhələlərdən keçməsi, başqa sözlə, cəmiyyətlə bütünləşməsi vacibdir.
Valideynlər uşaqları ilə münasibətlərini hansı prinsiplər əsasında qurmalıdırlar?

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İ.İsabalayeva/

Uşağın yetkin şəxsiyyət ola bilməsi üçün elmi terminologiyada sosiallaşma prosesi olaraq adlandırdığımız mərhələlərdən keçməsi, başqa sözlə, cəmiyyətlə bütünləşməsi vacibdir. Bunu Trend-ə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə müsahibəsində "Aktual" elmi-sosioloji araşdırmalar mərkəzinin rəhbəri, Üsküdar Üniversitetinin dosenti, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı bildirib.

- Müasir uşaqları necə tərif etmək olar? Onların əsas fərqləndirici xüsusiyyətləri nədir?

- Müasir uşaqlar bir çox baxımdan əvvəlki nəsillərdən və öz valideynlərindən fərqlənirlər. Hər şeydən əvvəl, onlar texnologiya və informasiya əsrinin uşaqlarıdır. İndi artıq uşaqlarda hələ dünyaya gəlmədən, ana bətnində ultrasəslər vasitəsilə frekanslara qarşı vərdiş formalaşır. Dünyaya gəldikdən sonra isə özünü çoxsaylı texniki avadanlığın əhatəsində olan uşaqda texnologiyaya qarşı əl və beyin vərdişi formalaşır. Bu mənada indiki uşaqların bu qədər yeni texnologiyaları tez qavramaları təəccüblü görülməməlidir. Lakin bu prosesin uşaqların inkişafı və sosializasiyası baxımından mənfi fəsadları da mövcuddur. Ələlxüsus uşaqların vaxtlarının böyük hissəsinin kompyuter ve mobil telefonların ekranları qarşısında oyun oynayaraq, söhbət edərək keçirmələri həm böyük vaxt itkisinə səbəb olur, həm də onların virtual məkana bu qədər aludəçiliyi onları real həyatdan uzaqlaşdırır. Bununla bağlı ibrətamiz bir misal çəkmək istəyirəm. Atası vəfat etmiş beş yaşlı bir uşaq ətrafındaki insanların kədərləndiyini görür və onlara "Bu qədər üzülməyin, atamın ikinci canı var, indi o diriləcək" deyir. Yəni uşaq oynadığı oyunlarn təsiri altında qalaraq atasının ölməsini belə dərk etməkdə çətinlik çəkir, onu oyun kimi qəbul edir. Bunun kimi çoxlu misallar çəkmək olar. Bütün bunlar müasir texnologiyaya hədsiz aludəçiliyin uşaqların nə qədər reallıqdan uzaqlaşdırdığını və onları öz əsirinə çevirdiyini göstərir. Buna görə də valideynlər diqqətli olmalı, övladlarının texnologiyanın əsirinə çevrilmələrinə imkan verməməlidirlər.

Uşağın sosiallaşma prosesində qarşıya çıxan problemlər

Uşağın yetkin şəxsiyyət ola bilməsi üçün elmi terminologiyada sosiallaşma prosesi olaraq adlandırdığımız mərhələlərdən keçməsi, başqa sözlə, cəmiyyətlə bütünləşməsi vacibdir. Bu mərhələlər arasında ailə, məhəllə və yaxud ətraf mühit və məktəb üçbucağı əhəmiyyətli rol oynayır. Bu gün diqqətlə nəzər yetirdikdə hər üç mərhələdə də ciddi nöqsanlar özünü büruzə verir. Valideynlər vaxt çatışmazlığı və başqa obyektiv və subyektiv səbəblər ucbatından bu funksiyanı yerinə yetirməkdə çətinlik çəkirlər. Onların boşluğunu televiziya, internet kimi qeyri-formal qurumlar doldurur. Halbuki ailənin funskiyasını bu qurumların əvəzləməsi mümkün deyil. Nəzərə alsaq ki, bu gün televiziya kanallarında yayımlanan proqramlar nəinki uşaqların inkişafına xidmət edir, əksinə, onların həm zehni, həm də mənəvi baxımdan korlanmasına səbəb olur ki, bu zaman da vəziyyətin nə qədər təhlükəli olduğu aşkar olur. Bunun nəticəsində uşaqlarda natamamlıq kompleksi, aqressiya, eqoizm inkişaf edir.

İndiki uşaqların böyük bir qismi həm də məhəllə ünsiyyəti görmədən böyüyən uşaqlardır. Mən burada məhəlləni müsbət mənada istifadə edirəm. Qonşu uşaqları ilə müxtəlif oyunlar vasitəsilə bölüşmə, bir-birini başa düşmək və güzəştə getmək, bir mənada həmrəylik münasibətlərinin formalaşdığı, köməkləşmə vərdişlərinin, qarşılıqlı hörmət prinsiplərinin aşılandığı məhəllə. Bunun əvəzinə hətta tətillərdə belə uşaqlar öz vaxtlarını telefon və yaxud fərdi kompüterlərdə oyun oynamaqla və sosial şəbəkələrdə keçirirlər. Bir tərəfdən, bu, onların yeni texnologiyaları daha yaxşı mənimsəmələrinə şərait yaradır, digər tərəfdən isə onları real ünsiyyət vərdişlərindən uzaqlaşdırır, bu vərdişləriniyaranmasını əngəlləyir. Valideynlər son dövrlər artan kriminal elementlər fonunda məhəllənin təhlükəli olduğunu nəzərə alaraq, uşaqların virtual məkanda vaxt keçirmələrini daha az zərərli hesab edirlər. Halbuki o məkanın heç də təhlükəsiz olmadığı son dövrlər yaşanan mənfi hadisələr nəticəsində daha aydın görünür. Rayonda yaşayan məktəbli qızların sosial şəbəkələrdə danışdıqları tanımadığı insanlarla görüşmək üçün Bakıya qaçmaları kimi faktlar bunun bariz nümunəsidir.

Məktəblərdə də bu mənada vəziyyət ürəkaçan deyil. Məktəbdə də xüsusilə müəllimlər daha çox təlim prosesinə diqqət yetirdikləri üçün tərbiyə prosesi əksər hallarda diqqətdən kənar qalır. Burada müasir təhsil sistemindən də irəli gələn bəzi nöqsanların rolu var. Belə ki, müasir təhsil sistemi uşaqları xüsusilə ali məktəbə daxil olmaq üçün ağır proqramlarla yükləyən, davamlı olaraq test həll edən, heç bir sosial fəaliyyətlərdə iştirak etməyən bir yola sövq edir. Türkiyədə bu vəziyyəti izah etmək üçün "uşaqları yarış atına çevirmək" sözündən istifadə olunur. Bu da öz növbəsində uşaqların davamlı stress halında olmalarına, rəqabətçi və eqoist psixologiyada böyümələrinə səbəb olur. Bunun da nəticəsində cəmiyyət həyatına uyğunlaşmaqda çətinlik çəkən, özündən başqasının maraqlarını nəzərə almayan, ictimai məsuliyyət hissi olmayan bir nəsil formalaşır.

- Valideynlər uşaqları ilə münasibətlərini hansı prinsiplər əsasında qurmalıdırlar? Hansı tərbiyə üsullarına diqqət yetirməlidirlər?

- Valideynlərin bu dövrdə işləri o qədər də asan deyil. Çünki texnologiyanın inkişafı ilə paralel olaraq, valideynlərin öz uşaqları ilə olan məsafə əvvəlki nəsillərdən fərqli olaraq çox böyümüşdür. Bu məsafəni azaltmaq üçün valideynlər mütləq yeni texnologiya vərdişlərinə yiyələnməlidirlər. Bu vərdişlərə yiyələnmək onlara həm övladlarına müəyyən mənada nəzarət etmək, həm də onların maraqlarını öyrənmək və onları daha yaxşı başa düşmək imkanı verəcəkdir. Unutmaq olmaz ki, uşağın da özünəməxsus maraqları və idealları var və onların da qorunması vacibdir. Təəssüflər olsun ki, bəzi valideynlər uşaqların maraqlarının nəzərə alınmasını daha çox onun maddi istək və arzularının həyata keçirilməsi kimi dərk edir və uşağın heç bir istəyini geri çevirmirlər. Bu da çox səhv bir yanaşmadır və bu səhvin nəticəsində həm o valideynin övladı əziyyət çəkir, həm də bu nümunə digərləri üçün də əlavə problemlərə səbəb olur. Belə ki, uşağın hər dediyini alan və yaxud həyata keçirən valideyn dərk etməlidir ki, bir sonrakı mərhələdə uşaq istəkləri və nəfsinə nəzarət edə bilmədiyi üçün daha çox şey tələb edəcək, bir müddət sonra isə övladı artıq zövq ala biləcəyi bir şey qalmadığı üçün içki, qumar, narkotik kimi zərərli vərdişlərə yönələcəkdir. Valideynlərin uşağın artan istəklərini yerinə yetirməkdə çətinlik çəkdiyi dövrdə isə artıq hər şey gec ola bilər. Bəzi valideynlərin isə övladlarından hər cür maddi neməti əsirgəməmələri nisbətən az gəlirli ailələrin uşaqlarında əlavə problemlərin meydana gəlməsinə səbəb olur. Belə ki, öz ailələrində bu istəkləri qarşılaya bilməyən uşaqlarda isə öz ailələrinə qarşı soyuqluq və üsyan hissi formalaşır, hətta intihara belə səbəb ola biləcək depressiya halı meydana gəlir. Digər tərəfdən, bəzi uşaqlar bunlara sahib ola bilmək üçün düzgün olmayan, kriminal yollara mürcaiət edə bilirlər . Bunun üçün də valideynlər övladlarının maddi nemətlərdən daha çox, mənəvi yetkinlik hisslərinin formalaşmasına diqqət yetirməlidirlər. Onları halal yolla, zəhmət hesabına əldə olunan uğurlara sövq etməli, mütaliə vərdişlərini formalaşdırmalı, onları milli və dini dəyərlərimizə malik fərdlər kimi tərbiyə etməlidirlər. Unutmaq olmaz ki, ölkəmizin gələcəyi indiki uşaqların həm təhsilindən, həm sağlamlığından, həm də milli və dini dəyərlərimizə sahib çıxmalarından asılıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti