...

Elşad İskəndərov: Radikal dini cərəyanlar Azərbaycanda öz ideologiya toxumlarını çoxdan səpiblər

Cəmiyyət Materials 3 Fevral 2014 10:55 (UTC +04:00)
Təkcə Suriyada baş verən münaqişəyə deyil, ümumiyyətlə dini təbliğat nəticəsində xarici ölkələrdəki münaqişələrə cəlb edilən Azərbaycan gənclərinin həyatlarının itirilməsi ilə nəticələnən, kütləvi intiharlara gətirib çıxara biləcək, insanların sağlamlığı, psixoloji vəziyyətinə mənfi təsir edən istər dini, istərsə də digər sahədəki hər hansı fəaliyyət dövlətin diqqətində olmalıdır.
Elşad İskəndərov: Radikal dini cərəyanlar Azərbaycanda öz ideologiya toxumlarını çoxdan səpiblər

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İ.İzzət/

Təkcə Suriyada baş verən münaqişəyə deyil, ümumiyyətlə, dini təbliğat nəticəsində xarici ölkələrdəki münaqişələrə cəlb edilən Azərbaycan gənclərinin həyatının itirilməsi ilə nəticələnən, kütləvi intiharlara gətirib çıxara biləcək, insanların sağlamlığı, psixoloji vəziyyətinə mənfi təsir edən istər dini, istərsə də digər sahədəki hər hansı fəaliyyət dövlətin diqqətində olmalıdır. Çünki yanlış yolların bəzən hətta insanın özünə xəsarət yetirə biləcəyinə kimi aparması dövlətin qanunlarına görə cinayətdir və bunun qarşısı alınmalı, vətəndaşın hüquqları müdafiə olunmalıdır. Bu barədə Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.

E.İskəndərov deyib ki, digər tərəfdən, bu, bizim milli təhlükəsizliyimizlə bağlı məsələdir: "Çünki məsələn, vaxtilə müxtəlif ölkələrdən cihad adı ilə Əfqanıstanda vuruşmağa gedən insanlar vətəninə qayıdandan sonra qoşulduğu şəbəkələr, əlaqələr vasitəsilə öz ölkələrində sabitliyin pozulmasının çox təhlükəli mənbəyinə çevrilmişdilər. Nəhayət, bu, insanların, xüsusilə gənclərin vətənpərvərlik hisslərinə xələl gətirməsi baxımından da ciddi problemdir".

Onun sözlərinə görə, xaricdə vuruşan, dini təbliğat nəticəsində xaricdəki münaqişələrə cəlb edilən insanların hərəkətlərinin qanunauyğun olub-olmadığını araşdırmaq hüquq-mühafizə orqanlarının səlahiyyətindədir və bu, qanunvericilik çərçivəsində həll olunmalıdır: "Buna hansı proseslərin, təbliğatın, dünyagörüşün, ideologiyanın, "beyin yuyulma" əməliyyatlarının, dini təsirin gətirib çıxardığını öyrənməyə gəlincə, bununla həm cəmiyyət, həm də din-dövlət münasibətlərində tənzimləyici rol oynayan Dövlət Komitəsi maraqlanmalıdır. Fikrimcə, burada səbəblər nəticədən daha önəmlidir və biz bu səbəblərlə mübarizə aparmalıyıq. Hazırda Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması kimi milli strateji məqsədi var. Bu məsələ xüsusilə gənclərimizin həyat fəlsəfəsi olmalıdır. Əgər bu gün aparılan hansısa təbliğati və siyasi yollarla istər gənclərimiz öz enerji və bacarıqlarını Qarabağ məsələsinə sərf etməkdən, lazım gələrsə, Vətən uğrunda vuruşmaqdan, öz həyatlarını onun uğrunda fəda etməyə hazır olmaqdan, o cümlədən milli və dini tələblərdən irəli gələn digər məsələlərdən yayındırılırsa və yanlış istiqamətə yönəldilirsə, eləcə də Azərbaycanın milli maraqları çərçivəsində olmayan xaricdəki münaqişələrə cəlb edilirsə, bu, ciddi problemdir və bu problemə həm ictimaiyyət, həm də dövlət orqanları ciddi yanaşmalıdır".

E.İskəndərov hesab edir ki, şübhəsiz, burada həm ideoloji, həm də digər amillər var: "Lakin bütün məsələlərin yalnız maddi amillərə bağlanmasının tərəfdarı deyiləm. Əgər insan öz həyatını nəyinsə uğrunda fəda edirsə və həmin şey onun Vətəni, Vətininin dərdi, milli maraqları ilə əlaqədar deyilsə, deməli burada bir yanlışlıq var. Söhbət təkfirçi və radikal dini ideologiyadan gedir. Əfsuslar ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlətinin zəifliyindən, 1 milyon qaçqının olması kimi sosial problemlərdən istifadə edərək müxtəlif xarici cərəyanlar gəlib burada öz köklərini sala biliblər. Onlar öz ideologiyalarının, təbliğatlarının toxumlarını Azərbaycanda artıq çoxdan səpiblər. Söhbət bütün müsəlman aləmi tərəfindən rədd edilən, məzhəbindən asılı olmayaraq buna mənfi yanaşılan təkfirçi dünyagörüşdən gedir. Bəs təkfirçi dünyagörüşün əsasında nə dayanır? Onun əsasında subyektiv mülahizələrə söykənən bir qrup insanın digər müsəlmanları, dindarları və ya dindar olmayanları "dindən çıxmış", "dindən kənar" elan etməsi, onlarla istənilən mübarizə üsulunu, o cümlədən onların vəhşicəsinə öldürülməsinin və digər zorakılıq metodlarının təbliğ edilməsi və ona haqq qazandırması durur. Məhz belə ideologiyaya əsaslanaraq gənclərimizə dini baxışları fərqlidirsə, insanlara əl qaldırılması, hətta öldürülməsi, buna haqq qazandırılması və hətta əməl edilməsinin ən böyük savab olması təlqin edilir. Ona görə də ilahiyyatçılarımız, din xadimlərimiz bu dünyagörüşün yayılması ilə dini müstəvidə mübarizə aparmalıdırlar. Belə baxışların yayılmasına qarşı inzibati müstəvidə isə dövlət öz tədbirlərini görür və görəcək. Lakin digər tərəfdən, bu radikal dünyagörüşün daşıyıcıları, təkfirçi, radikal sələfi qruplarının nümayəndələri çox ciddi şəkildə təbliğat aparırlar və artıq bu istiqamətdə ixtisaslaşıblar. Həmin təbliğatın ifşa olunması, düzgün dini biliklərin ortaya çıxarılması isə xüsusi təlim tələb edir. Bununla əlaqədar, DQİDK tərəfindən respublikada 8 regional konfrans, o cümlədən kurslar, seminar-treninqlər keçirilib. Artıq 150 nəfərə yaxın din xadimi bu kurslarda iştirak edib".

Komitə sədrinin fikrincə, burada din xadimlərinin sosial təminatı da çox böyük rol oynayır: "Təhlillər göstərir ki, Azərbaycanda, xüsusilə bölgələrdə dindarlar tərəfindən məscidlərin ehtiyaclarının təmin olunması ənənəsi hələ tam formalaşmayıb. Öz-özünü idarə edən icmalarımız da, maddi baxımdan korluq çəkən icmalarımız da var. Din xadimlərinin güzəranı, onların sosial problemləri, o cümlədən pensiyaları, fəaliyyətini bitirdikdən sonra sosial təminatları məsələləri ilə ciddi məşğul olunmalıdır. Azərbaycan dövləti bu istiqamətdə əlindən gələni edir. Dünyada çox nadir haldır ki, dünyəvi dövlət bilavasitə dini konfessiyalara maddi yardım göstərsin. Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidentinin sərəncamı ilə istər müsəlman, istərsə də qeyri-müsəlman dini icma və mərkəzlərə dövlət tərəfindən maliyyə yardımı ayrılıb. Çox mühümdür ki, bu problemlərin həlli dini mərkəzlər tərəfindən həyata keçirilsin. Din xadimlərimiz həm maddi, həm ideoloji, həm də təhsil baxımından qeyd etdiyim təbliğatın önündə nüfuzlu sipər rolunu oynamalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti