...

Mübariz Qurbanlının İranda verdiyi tövsiyə: Savadlı din xadimləri yetişməsə... (FOTO)

Cəmiyyət Materials 5 May 2015 10:06 (UTC +04:00)
Yaxın Şərqdə baş verən münaqişələr onu göstərir ki, İslam dinindən sui-istifadə edilir. Bu hallar dünya ictimaiyyətində İslam dini barədə yanlış fikrin formalaşmasına səbəb olur. Bu baxımdan Azərbaycan ilə İran arasında din sahəsində əməkdaşlığın inkişafı zəruridir.
Mübariz Qurbanlının İranda verdiyi tövsiyə: Savadlı din xadimləri yetişməsə... (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İlkin İzzət/

İranda səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu ölkənin xarici işlər nazirinin müavini İbrahim Rəhmipur ilə görüşüb.

Trend-in Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə M.Qurbanlı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə ilk dəfə İrana rəsmi səfər edərək iki qonşu ölkə arasında əlaqələrin genişləndirilməsinin əsasını qoyduğunu vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ötən il İrana rəsmi səfəri ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da dərinləşdirilməsi üçün geniş imkanlar açıb.

M.Qurbanlı bildirib ki, məhz Azərbaycan və İran Prezidentlərinin siyasi iradələrinin nəticəsidir ki, bu gün iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir: "Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla yanaşı, rəsmi Bakı ilə Tehran arasında ikitərəfli əlaqələr gündən-günə möhkəmlənir. Bu siyasətin əsasını mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətləri təşkil edir".

Səfər çərçivəsində keçirdiyi görüşlər haqqında məlumat verən M.Qurbanlı regiondakı geopolitik vəziyyət nəzərə alınaraq Azərbaycanla İran arasında din sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycanda din-dövlət münasibətlərindən danışan Komitə sədri qeyd edib ki, bu sahədə əməkdaşlıq etməklə yüksək səviyyəli dini kadrlar yetişdirmək və təcrübə mübadiləsi aparmaq olar. O, İslamın humanist, mütərəqqi din olmasının gənclərə çatdırılması baxımından savadlı din xadimlərinin yetişməsinin zəruriliyini qeyd edib: "Əks təqdirdə radikal dini qruplaşmalar təbliğat aparıb gəncləri öz tərəflərinə çəkərək onları terrorçuluğa və digər münaqişələrə cəlb edə bilərlər. Yaxın Şərqdə baş verən münaqişələr onu göstərir ki, İslam dinindən sui-istifadə edilir. Bu hallar dünya ictimaiyyətində İslam dini haqqında yanlış fikrin formalaşmasına səbəb olur. Bu baxımdan Azərbaycan ilə İran arasında din sahəsində əməkdaşlığın inkişafı zəruridir".

İranın din sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hər zaman hazır olduğunu bildirən İ.Rəhmipur qeyd edib ki, rəsmi Tehran radikal dini qrupların fəallaşmasının qarşısını almaq istiqamətində addımlar atır. Azərbaycan-İran münasibətlərindən danışan nazir müavini bildirib ki, ölkələr arasında həlli mümkün olmayan problem yoxdur: "İranda yaşayan azərbaycanlılar cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Yüksək dövlət vəzifələrində çalışan azərbaycanlıların da sayı çoxdur. Bəzi qüvvələr iki dost ölkənin münasibətlərinə xələl gətirərək öz mənafelərini güdməyə çalışırlar. Lakin onlar buna nail ola bilməyəcəklər. Xalqlarımızın yaxınlığı və dövlət rəhbərlərinin müdrikliyi buna imkan verməyəcək".

Nazir müavini qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və ona ehtiramla yanaşır. Görüşdə İranda təhsil alan azərbaycanlı tələbələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da görüşdə iştirak edib.

Həmin gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Milli Kitabxanası ilə tanış olub, kitabxananın sədri Əmir Salehi və Əhli-Beht Təşkilatının sədri Ayətullah Əxtəri ilə görüşüb.

Görüşlərdə radikal dini cərəyanların İranda və Azərbaycanda yayılmasının qarşısının alınması yolları ilə bağlı müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti