...

Azərbaycan Mərkəzi Bankı dollarla borcları olanlara kömək edə bilər

Cəmiyyət Materials 27 Dekabr 2015 12:46 (UTC +04:00)
Bu, manatın devalvasiyasından sonra AMB-nin valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 3 milyard manat məbləğində vəsait hesabına mümkündür.
Azərbaycan Mərkəzi Bankı dollarla borcları olanlara kömək edə bilər

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan hökumətinə bankların yeni məzənnəyə uyğun olaraq valyuta kreditləri üzrə ödənişləri yenidən hesablaması nəticəsində yaranmış fərqi Azərbaycan Mərkəzi Bankının (AMB) vəsaitləri hesabına qarşılamaqla bağlı təkliflər təqdim edilib. Bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.

Bu, manatın devalvasiyasından sonra AMB-nin valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 3 milyard manat məbləğində vəsait hesabına mümkündür.

Onun sözlərinə görə, məhz bu vəsaiti xarici valyuta ilə kredit borcu olanlarda yaranmış fərqin qarşılanmasına yönəltmək təklif edilib: "Assosiasiya bu qərarı alqışlayır. Belə hallarda əsas problem ölkənin dövlət büdcəsini əlavə xərclərlə yükləməmək məqsədilə əhaliyə veriləcək kompensasiyanın mənbəyini müəyyənləşdirməkdir. Əgər belə mənbə (AMB-nin simasında) varsa, fikrimcə, dövlət ondan istifadə etməlidir. Bundan sonra banklar kreditlərin restrukturizasiyasına - kreditlərin ödənilməsi müddətinin artırılması, faiz dərəcələrinin azaldılması və s. - əl atmalıdır".

Z.Nuriyev qeyd edib ki, dövlət tərəfindən atılmalı olan daha bir zəruri addım əhalinin sığorta əmanətləri üzrə sistemin tam dəyişdirilməsidir: "Yaxın üç il ərzində əhalinin, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin banklardakı bütün əmanətlərinin 100 faiz təmin edilməsi lazımdır. Bu, baş verən proseslərin əmanətçilərə ziyan vurmaması üçün gərəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti