...

Macarıstanın dövlət katibi: Mədəniyyətlərarası dialoq qlobal problemləri həll etməyə kömək edə bilər

Cəmiyyət Materials 5 May 2017 17:12 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - Trend:

Bu gün dünyada çox hadisələr baş verir və IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər qlobal problemlərin həlli üçün faydalı ola bilər.

Trend-in məlumatına görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Macarıstanın Xarici iqtisadi əlaqələr və xarici işlər nazirliyinin mədəniyyət və elm diplomatiyası üzrə dövlət katibi İştvan İydyaro deyib.

O bildirib: "Bu forum çox vacibdir, belə ki, dialoqsuz irəli getmək mümkün deyil. Ümid edirəm ki, forum bütün dünya insanlarını birləşdirməyə davam edəcək".

Onun sözlərinə görə, iki ölkə arasında dövlətlərarası münasibətlər yüksək səviyyədədir və iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var.

O əlavə edib: "Biz bu iş üzərində işləyirik, turizm əlaqələrinin səviyyəsini artırırıq. Ötən il Azərbaycandan 5000 turist Macarıstana səfər edib".

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti