Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 100-ə yaxın ağacın aşması və budaqlarının sınması hadisəsi qeydə alınıb.
Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
İndiyədək birliyə ağac aşması nəticəsində 3 maşına yüngül zərər dəyməsi barədə məlumat daxil olub.
Birliyin heyəti hazırda gücləndirilmiş iş rejimində çalışır və aşan ağacların ərazilərdən götürülməsi üçün iş aparır.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 17-18-də ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, bu gün gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin keçəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.