Bakı. Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Salyan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Salyan rayonunda “Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda regional konfrans keçirilir.
Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gəncləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Rəşad Cəbrayılov Salyandakı dini durum barədə məlumat verib. Vurğulayıb ki, rayonda mövcud olan məscidlərdə vətəndaşlar sərbəst şəkildə dini ayinlərini icra edirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, bəşər tarixinə nəzər saldıqda, dinin insanlar arasında birləşdirici funksiya daşımaqla bərabər, bəzi hallarda dini-etnik zəmində münaqişələrə səbəb olmasına da təsadüf edilir. Bu cür münaqişələr minlərlə insanın öz həyatını itirməsinə və din məhfumu ilə bağlı insanlarda neqativ düşüncənin formalaşmasına səbəb olur. Sədr müavini deyib ki, dünyada baş verən dini-etnik münaqişələrin əsas kökündə dini ekstremizm fenomeni dayanır.
Gündüz İsmayılov onu da vurğulayıb ki, müstəqilliyimizin ilk illərində bəzi qeyri-ənənəvi cərəyanların ölkəyə axını müşahidə edilmişdir. Bu təriqətlərin bir qismi ekstremist xarakterli dini konsepsiya ilə çıxış etmişdir. “Lakin insanların öz adət-ənənələri və ənənəvi dini etiqadlarına bağlı olması və dövlətin bu sferaya nəzarəti gücləndirərək preventiv və profilaktik tədbirlər həyata keçirməsi ektremist qrupların ölkədaxili fəaliyyətini məhdudlaşdırdı”,- deyə DQİDK sədrinin müavini əlavə edib.
Natiq sonda qeyd edib ki, gənclər dini radikalizm və ekstremizmin təsirinə düşməmək üçün təhsilə, elmə böyük önəm verməli, din haqqında bilgiləri düzgün mənbədən almalıdırlar.
Daha sonra çıxış edən Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyev şagirdlərin ümumi dini bilgilərə yiyələnmələrinin əhəmiyyətindən bəhs edib.
Qeyd edək ki, regional konfrans fevralın 18-də öz işini davam etdirəcək.