Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ərəfəsində AzMİU Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib.
Universiteti müxtəlif illərdə bitirən 300-ə yaxın məzunun iştirak etdiyi yığıncaqda ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan nüfuzlu şəxslər – AzMİU-nun fəxri məzunları da yer alıb.
Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən rektor professor Gülçöhrə Məmmədova AzMİU Məzun Assosiasiyasının yaradılmasının universitet üçün prioritet məsələ olduğunu vurğulayıb. Bu Assosiasiyanın məzunların universitet həyatında fəal iştirakını təmin edəcəyini, tələbələrlə öz təcrübələrini bölüşmək, AzMİU ilə istehsalat arasında əlaqələri daha da gücləndirəcəyi və universitetin inkişafına dəstək olmaq baxımından geniş imkanlar yaradacağını bildirib.
Beynəlxalq akkreditasiya və reytinq sistemlərində məzunların universitetin həyatındakı rolunun xüsusi qiymətləndirildiyini qeyd edən rektor bildirib ki, dünyanın, xüsusilə Qərb ölkələrinin aparıcı universitetləri bu təcrübədən geniş istifadə edir: “İnanıram ki, Assosiasiya universitetin məzunlarla əlaqələrini gücləndirəcək və onların universitet həyatında daha fəal iştirakını təmin edəcək. Bu, bir sıra məsələnin, çətinliyin sürətli həllinə şərait yaradır. Ona görə də məzunlarla iş müasir universitetlər qarşısında qoyulan ən vacib tələblərdəndir. Biz də bu Assosiasiyanı yaratmaqla bu tələbə adekvat cavab verirdik”.
AzMİU-nun məzunları – Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, "Azvirt" MMC-nin baş direktorunun elmi işlər üzrə müavini, Əməkdar mühəndis Qəhrəman Əhmədov və MMC-nin İdarə Heyətinin sədri Nəriman Topçibaşev çıxış edərək Assosiasiya ilə bağlı fikirlərini səsləndiriblər, AzMİU-nun inkişafına dəstəklərini ifadə ediblər.
AzMİU-nun prorektoru Orxan Naqdiyev çıxış edərək məzunlarla ötən ilin dekabr ayında keçirilən görüşü xatırladıb və qarşıya qoyulan vəzifələrlə bağlı görülən işlərlə əlaqədar ilkin məlumatları təqdim edib. Prorektor qeyd edib ki, AzMİU Məzunlar Assosasiyasının təsis edilməsilə bağlı bütün hüquqi və praktiki məsələlər həll olunub.
Universitetin İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin direktoru Sərxan Talıbzadə çıxış edərək məzunlar üçün azmiu.edu.az portalı üzərində yaradılan platformaq haqqında məlumat verib. Mərkəz direktoru qeyd edib ki, yeni platforma məzunlara aktual xəbərlər, elanlar və tədbirlər barədə operativ şəkildə məlumat almaq imkanı yaradacaq. Məzunlar öz ixtisas sahələri üzrə yenilikləri izləyə, həmçinin Assosiasiyanın hər bir üzvü üçün formalaşdırılmış şəxsi profil vasitəsilə fərdi məlumatlarını idarə edə biləcəklər. Platforma üzərindən müvafiq ixtisaslara uyğun iş elanları ilə tanış olmaq və onlara birbaşa müraciət etmək mümkündür. Eyni zamanda, məzunlar təkrar ali təhsil, MBA proqramlarından, AzMiU-nun Peşəkar inkişaf mərkəzinin kurslarından, eləcə də kütləvi açıq ödənişsiz onlayn kurslardan yararlana, məzunlarla qarşılıqlı kommunikasiya qura, burada öz CV-lərini yerləşdirə bilərlər.
İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev çıxış edərək AzMİU Məzun Assosiasiyasının təsis edilməsi ilə bağlı hüquqi mexanizmləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbir çərçivəsində AzMiU Məzunlar Assosiasiyasının Əsasnaməsi qəbul edilib, Təftiş Komitəsinin və İdarə Heyətinin üzvləri seçilib. Təsis yığıncağı çərçivəsində həm də İdarə Heyətinin iclası keçirilib və iclasda AzMİU Məzunlar Assosiasiyasının sədri seçilib. Səsverməyə əsasən AzMİU Məzunlar Assosasiyasının sədri “PMD Projects” MMC-nin İdarə Heyətinin sədri, AzMİU-nun məzunu Nəriman Topçibaşev seçilib.
Xatırladaq ki, AzMİU-nun 50 illik yubileyi ərəfəsində keçirilən bu görüş universitetin 60 minə yaxın məzunu ilə əlaqələrin daha da möhkəmlənməsi baxımından mühüm hadisə kimi yadda qalıb. Universitet rəhbərliyi və məzunları arasında yaradılan bu yeni körpünün AzMİU-da təhsilin keyfiyyətinin artırılmasına xidmət edəcəyi gözlənilir.