Bakı. Əli Qasımov - Trend:
Beynəlxalq Futbol Federasiyası (FIFA) yeni turnirdə (Avropa superliqası) çıxış edən futbolçuları dünya çempionatına buraxmayacaq.
Trend-in məlumatına görə, bu barədə FIFA-nın prezidenti Canni İnfantino bildirib.
C.İnfantino yeni futbol liqasında çıxış edəcək oyunçuların dünya və Avropa çempionatından, milli liqalardan uzaqlaşdırılacağını bildirib: "Ya siz bizimləsiniz, ya da gedin".
Xatırladaq ki, noyabrın 3-ü "Spiegel" jurnalı Avropanın aparıcı futbol klublarının elit futbol liqasının yaradılması üzərində işlədikləri barədə məlumat yaymışdı.
Jurnalın məlumatına əsasən, aralarında "Bavariya", "Borussiya Dortmund", "Real Madrid", "Yuventus", "Arsenal", "Barselona" və "Milan" olan klublar artıq 3 ildir bu cür superliqanın yaradılması ilə bağlı danışıqlar aparırlar. Bu ay top-klublar niyyətləri haqqında birgə bəyanat imzalamaq istəyirlər.
Yeni layihəyə əsasən, 11 klub UEFA-dan çıxacaq və öz turnirini təşkil edəcək. Onlar 20 il ərzində çempionatdan qıraq qalma ehtimalı olmadan orada iştirak hüququ qazanacaqlar. Daha beş komanda liqaya qonaq qismində dəvət olunacaq. Turnirdə ümumilkdə 16 klub iştirak edəcək.
Superliqanın yaradıcıları İspaniyanın "Real Madrid", "Barselona", İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Çelsi", "Arsenal", "Liverpul", Fransanın "PSJ", İtaliyanın "Milan", "Yuventus" və Almaniyanın "Bavariya" klublarıdır. Dəvət olunan klubların İspaniyanın "Atletiko Madrid", Almaniyanın "Borussiya Dortmund", Fransanın "Marsel" və İtaliyanın "İnter" və "Roma" komandaları olması planlaşdırılır.
"Spiegel" həmçinin bildirib ki, "Bavariya" belə planlar əsasında 2016-cı ilin fevralında vəkillər bürosundan hüquqi cəhətdən klubun Almaniya Bundesliqasından çıxmasının mümkünlüyünü yoxlamağı istəyib.