Bakı. Trend:
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun (Azerbaijan Business Development Fund, ABDF) reytinqlərini “BB/B” səviyyəsində sabit proqnozla təsdiqləyib.
Trend xəbər verir ki, bu qərar 2025-ci ildə ABDF adı altında birləşən, Azərbaycan Sahibkarlığın İnkişafı Fondu ilə “Azerbaijan Investment Company”nin operativ inteqrasiyası nəticəsində əldə olunan tərəqqinin təzahürüdür.
Agentliyin məlumatına görə, fond eyni zamanda ortamüddətli strategiya hazırlayır və birləşdirilmiş strukturun idarə heyətinin formalaşdırılması 2025-ci ilin sonunadək başa çatdırılıb. ABDF-nin 2025-ci il üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun konsolidə edilmiş audit olunmuş maliyyə hesabatını 2026-cı ilin iyun ayında dərc edəcəyi gözlənilir.
Agentliyin proqnozu sabit olaraq qalır ki, bu da növbəti 12 ay ərzində birləşdirilmiş strukturların inteqrasiyanı davam etdirəcəyi, ABDF-nin isə çox güclü kapitallaşma səviyyəsini və təmkinli risk meylini qoruyub saxlayacağı gözləntilərini əks etdirir.
“Birləşmiş strukturların inteqrasiyası çətinliklərlə üzləşərsə və ya fond birləşmədən sonra risk profilini artıraraq əhəmiyyətli borc yığarsa, reytinqin mümkün endirilməsi baş verə bilər.
Eyni zamanda, yaxın 12 ay ərzində reytinqin yüksəldilməsi ehtimalı aşağıdır. Uzunmüddətli perspektivdə isə ABDF dövlət siyasəti çərçivəsində artan əhəmiyyətini təsdiqləyərsə və Azərbaycanın suveren reytinqi yüksələrsə, reytinqin yaxşılaşdırılması mümkündür”, – hesabatda bildirilir.
