Azərbaycan, Bakı, 25 sentyabr/ Trend / Ellada Xankişiyeva, Trend - ın Analitik Mərkəzinin direktoru
ABŞ - ın maliyyə bazarlarındakı son hadisələr və dolların məzənnəsinin daim düşməsi Amerika valyutasının dünya bazarlarındakı mövqelərini qəti olaraq sarsıdıb. İndi daha çox ölkə valyuta ehtiyatı kimi ABŞ dollarından imtina etmək barədə ciddi düşünməyə başlayıb. Onların çoxu bununla öz bazarlarının təhlükəsizliyini təmin etməyə və milli valyutalarının rolunu artırmağa ümid edirlər.
BVF-in məlumatlarına əsasən, 1999-cu ildə dünyanın bütün valyuta ehtiyatlarının 71 faizi dollar aktivlərinin payına düşürdüsə, hazırda bu rəqəm 65 faizdən azdır. Hazırda bütün mərkəzi bankların ehtiyatlarının təxminən 25 faizi və özəl sektorda likvidlik tələblərinin 39 faizi avroda saxlanılır. Yalnız Mərkəzi Banklar deyil, xammal şirkətləri, sərmayə fondları da valyuta siyasətlərini, əsasən, avronun xeyrinə dəyişirlər. Valyuta ehtiyatlarının diversifikasiyası bir valyutanın məzənnəsinin dəyişməsindən yarana biləcək itki təhdidini aradan qaldırır.
Azərbaycanda valyuta ehtiyatlarının dollar və avro arasında diversifikasiyasına ötən ildən başlayıblar. Yekunda bu gün Azərbaycan Milli Bankının (AMB) valyuta ehtiyatlarının 60 faizi ABŞ dollarında, 40 faizi isə, avro və funt sterlinqlərdə formalaşdırılıb. AMB, həmçinin, martın 11- də ABŞ dolları və avrodan ibarət bivalyutalı səbətə nisbətdə Azərbaycan manatının dəyərinin saxlanılmasına keçidin uğurlu olduğunu qeyd edir. İyunun 1-dən səbətin 30 faizi avrodan və 70 faizi ABŞ dollarından formalaşdırılır. Əvvəllər bu, 20 faizin 80 faizə nisbətinə bərabər olub. Onun tətbiqi inflyasiya idxalını kiçiltməyə, avrozona ilə ticarət aparan təsərrüfat subyektlərinin risklərini azaltmağa, ölkənin digər əsas ticarət tərəfdaşlarının valyutalarına nisbətdə manatın nominal effektli mübadilə məzənnəsinin neytral səviyyədə olmasını təmin etməyə imkan verib.
Azərbaycanın ticarət tərəfdaşları ilə hesablaşmalarda istifadə etdiyi valyutaya gəldikdə isə, burada dəyişikliklər müşahidə olunur. 2004-cü ildə Azərbaycanın idxal əməliyyatları üzrə hesablaşmalarda dolların payı 85 faiz təşkil edirdisə, ötən ilin sonuna bu göstərici 76 faizədək enib. Avronun payı isə, 7 faizdən 20 faizədək artıb. Son üç ildə qeyri - neft sektorları ixracının valyuta strukturunda avronun payı 3,7 faizdən 9,1 faizədək artıb. Daxili valyuta bazarında avro ilə əməliyyatların xüsusi çəkisi 2005 - ci ildəki 6 faizdən 2006 - cı ildə 13 faizədək artıb, dolların payı 89 faizdən 85 faizədək azalıb.
İxrac - idxal əməliyyatları üzrə hesablaşmalarda dolların payı azalsa da, onun hakim mövqeyi hələ də qalır. Bir müddət əvvəl Azərbaycanın Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov Türkiyənin Banklar Assosiasiyasının Baş katibi Əkrəm Keskinin başçılıq etdiyi Türkiyə nümayəndə heyəti ilə görüşdə Azərbaycan və Türkiyə arasında ticarət əməliyyatlarını birbaşa valyutalarda - manat-lirədə aparmaq fikrini irəli sürüb. Əsas səbəb ondan ibarətdir ki, qeyri - birbaşa konvertasiyaların (manat - dollar, sonra isə dollar - lirə) həcmi böyük olduqda, onlar böyük həcmdə zərər və vaxt itkisi ilə müşayiət olunur. Qeyd etmək lazımdır ki, Azərbaycan dünyanın təxminən 140 ölkəsi ilə ticarət münasibətləri saxlayır və ixracın yarıdan çox avrozonanın payına düşür.
Neftin dünya qiymətlərinin hansı valyuta ilə müəyyən edilməsi məsələsi getdikcə aktuallaşır. Fars körfəzinin beş ölkəsi - Bəhreyn, Küveyt, Qətər, Səudiyyə Əhəbistanı və BƏƏ valyuta ittifaqının təsis edilməsi və vahid pul vahidinin - "Körfəz dinarı"nın qəbul edilməsi məsələsi barədə razılığa gəliblər. Milli valyutaları dolların məzənnəsinə daha çox bağlı olan ölkələrin hakmiyyətləri 2010-cu ili ümumi valyutanın tətbiqi dövrü adlandırsalar da, onun dövriyyəsinin başlanğıcının 2012-2015-ci illərdə qoyulacağını istisna etmirlər. Ekspertlər güman edirlər ki, dövlətlər sıx bağlı olduqları dolların məzənnəsinin düşməsindən ehtiyat edirlər. Bununla yanaşı, onlar region ölkələrində inflyasiya səviyyəsinin hədsiz yüksək olmasına da işarə edirlər.
Məsələn, İran ötən ilin sonundan dünya bazarlarında öz neftini dollarla satmaqdan tam şəkildə imtina edib. İslam Respublikasının neft naziri Qulamhüseyn Nozarinin rəyinə görə, dolların məzənnəsinin düşdüyü vəziyyətdə bu valyuta "etibarı itirir". Hazırda digər ölkələrə ixrac edilən Iran neftinə görə hesablaşmalar ya avro, ya da yapon yenlərində aparılır.
Azərbaycanın neft ixracından əldə etdiyi gəlirlər də dollar mənşəlidir. Lakin onların cəmləşdirilməsi və saxlanılmasına cavabdeh orqan - Azərbaycan Dövlət Neft Fondu, sərmayə siyasətinə müvafiq olaraq, valyuta portfelinin kompozisiyasını balanslaşdırıb. Fondun təsdiq etdiyi struktura əsasən, valyuta portfeli aşağıdakı şəkildə balanslaşdırılır: aktivlərin 50 faizi dollar, 40 faizədək hissəsi avro ekvivalentində yerləşdirir. Qalan beş faiz funt sterlinqlərdə, beş faiz isə, bu valyutalar arasında yerləşdirilir və ya digər valyutalara yatırılır.
Göründüyü kimi, Amerika dolları əvvəlki kimi Azərbaycanın valyuta ehtiyatlarının böyük hissəsini tutur. Lakin dövlət ehtiyatlarının valyuta strukturuna dəyişikliklər, adətən, çox ehtiyatla edilir. Mərkəzi Banklar bu hadisələri açıqlamamağa çalışır. Dəyişikliklər isə həmişə o qədər də böyük olmur. Belə ki, bazarda valyutanın məzənnəsinin azalmasına gətirə biləcək həddən artıq kəskin hərəkətlər, hələ də bu valyutada yerləşdirilən ehtiyatların qiymətdən düşməsi ilə nəticələnəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]