...

AYİB-in Direktorlar Şurası Azərbaycan üzrə yeni strategiyasını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2010 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir N.İsmayılova/

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası 2011-2013-cü illər üzrə Azərbaycan üzrə yeni strategiyasını təsdiqləyib. Bu barədə çərşənbə günü AYİB-in Bakı nümayəndəliyindən deyilib.

"Dekabrın 7-də bankın Direktorlar Şurası ölkə üzrə strategiyasını təsdiqləyib və təsdiqlənmiş versiya AYİB-in rəsmi saytında təqdim olunacaq", - bankdan bildiriblər.

Oktaybrda AYİB Azərbaycan üzrə yeni strategiyanı müzakirəyə çıxarıb. AYİB-in rəsmi saytında yerləşdirilən strategiyanın ilkin versiyasına əsasən, bank bundan sonra da Azərbaycanın islahatların həyata keçirilməsi və investisiya mühitinin yaxşılaşdırılması üzrə səylərini dəstəkləyəcək. Strategiyanın əsas məqsədi Azərbaycanda qeyri-neft sektoruna investisiya yatırımının dəstəklənməsi və maliyyə sektorunun inkişafıdır ki, bu da strategiyanın əsas istiqamətlərindən biridir. Eləcə də AYİB ölkənin banklarının və bank olmayan təşkilatlarının səhmdar kapitalına daxil olmağı davam etdirəcək.

2009-cu ildə AYİB Azərbaycanda doqquz layihəyə orta hesabla 232 milyon dollar sərmayə yatırıb. AYİB 2010-cu ildə Azərbaycanda 15 layihəni maliyyələşdirib.

AYİB ümumilikdə Azərbaycanda fəaliyyətə başladığı müddətdə 110 layihənin həyata keçirilməsinə 1,6 milyard dollar yatırıb. Bankın cari portfeli bir milyard dollar təşkil edir.

İnvestisiyaların 44 faizi Azərbaycanın enerji sektoruna, 23 faizi korporativ sektora yönəlib. Maliyyə sektorunda 70 layihə həyata keçirilib. Hazırda AYİB ölkənin doqquz bankı, altı mikromaliyyə təşkilatı və üç bank olmayan kredit təşkilatı ilə əməkdaşlıq edir.

AYİB - vəsaitlərinin Mərkəzi Avropa və Mərkəzi Asiyanın 30 ölkəsində demokratiya və bazar iqtisadiyyatının bərqərar olması üçün istifadə edildiyi bankdır. Onun sahibi 61 ölkə və iki beynəlxalq təşkilatdır.

Xəbər lenti

Xəbər lenti