Bakı. Trend:
Azərbaycanda indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq üçün, daxili və yerli istehsalı sürətləndirmək üçün tədbirlər görülməlidir.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, dövlət məmurlarının daha geniş imkanları var ki, öz sözlərini desinlər: "Ona görə, mən istərdim ki, bütün bölgələri təmsil edən sahibkarlar çıxış etsinlər, həm gördüyü işlərlə bağlı məlumat versinlər, eyni zamanda onları narahat edən problemlər müzakirəyə çevrilsin. Bu gün fasilədən sonra nazirlər, dövlət məmurları, icra hakimiyyətləri başçıları və sahibkarlar seksiyalarda öz işini davam etdirəcəklər. Əminəm ki, orada müzakirə olunacaq məsələlər əhəmiyyətli olacaq və müzakirə nəticəsində konkret təkliflər də irəli sürülməlidir".
İlham Əliyev bildirib ki, sahibkarlığın inkişafı üçün çox işlər görülüb və bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən yuxarısı özəl sektorda formalaşır: "Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir. Ancaq yeni dövr yeni vəziyyət, yeni yanaşmaları tələb edir. İndiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq üçün, daxili və yerli istehsalı sürətləndirmək üçün tədbirlər görülməlidir. Müvafiq dövlət qurumlarına artıq tapşırıq vermişəm, ancaq istəyirəm ki, yerlərdə sahibkarlar özləri də o problemləri ortaya qoysunlar ki, bu problemlər öz həllini tapsın.
Bu ilin planları ilə bağlı ilk növbədə demək istəyirəm ki, bütün sosial proqramlar tam icra ediləcək. Bildiyimiz kimi, maaşlar və pensiyalar qaldırıldı, sosial müavinətlər artırıldı. Sosial müdafiə bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Azərbaycan bazar iqtisadiyyatına sadiqdir və bazar iqtisadiyyatı Azərbaycanda uğurla inkişaf edir. Ancaq biz islahatlar apararkən, hər zaman sosial məsələləri yadda saxlamalıyıq. Unutmamalıyıq ki, biz xalq üçün çalışırıq, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur, onun problemlərini həll etməliyik. Ona görə, bizim bütün səylərimiz, o cümlədən iqtisadi inkişaf bu məqsədə qulluq etməkdir".
Prezident deyib ki, Azərbaycanda güclü sosial siyasət aparılır, aparılacaq və imkan daxilində bütün sosial proqramlar daha da geniş icra ediləcək: "Regionlarda bu il nəzərdə tutulan infrastruktur layihələri icra edilməlidir. Bir çox layihələr artıq icra edilib. Ancaq hələ elektrik enerjisi və qazlaşma ilə bağlı, xüsusilə kənd yollarının tikintisi ilə bağlı görüləsi işlər çoxdur. Hesab edirəm ki, kənd yollarının tikintisinə bu il əlavə böyük vəsait ayrılmalıdır. Çünki ilk növbədə buna ehtiyac var. Yerlərdən təkliflər irəli sürülür. Eyni zamanda bu bölgələrdə insanlar bu işlərə cəlb ediləcək və işsizlik də aradan qaldırılacaq. İşsizliyə qarşı son illər ərzində çox fəal işlər görmüşük. Və bunun nəticəsidir ki Azərbaycanda işsizlik son illər ərzində 5 faizə düşüb. Bu, doğrudan da bizim tarixi nailiyyətimizdir. Yoxsulluq da işsizliklə bərabər, 5 faizə düşüb. Amma indiki şəraitdə işsizlik arta bilər. Düzdür, artıq yeni iş yerləri açılır və iş yerləri bağlanır. Keçən il ölkədə 80 mindən çox daimi iş yeri açılmışdı, 40 min iş yeri bağlanmışdı. Bu il biz bu statistikanı düzgün aparmalıyıq. O yerlərdə, o bölgələrdə ki iş yerləri bağlanıb, orada daha böyük işlər görülməlidir. Həm dövlət qurumları, həm özəl sektorlar bu məsələni diqqətdə saxlamalıdır".
Dövlət başçısı bildirib ki, kənd yollarının tikintisi isə bu istiqamətdə önəmli addımdır: "Bu, iki məqsəd güdür. Həm infrastruktur yaxşılaşır, həm də insanlar işə cəlb olunur. Və kənd yollarının tikintisində bizim xarici komponentə ehtiyacımız yoxdur. Bütün lazım olan materiallar Azərbaycanda istehsal olunur və kənd yollarının tikintisində valyuta komponenti yoxdur. Bu da indiki şəraitdə çox önəmlidir".
Azərbaycan Prezidenti qeyd edib ki, içməli su layihələri də icra edilməlidir: "Bu layihələr insanları içməli su ilə təmin edəcək və edir, yeni iş yerləri yaradacaq. İçməli su layihələrinin icrasında da daxili istehsal bu işləri təmin edir. Son illər ərzində daxili istehsala verdiyimiz diqqət, qoyduğumuz sərmayə bu reallığı indi təmin edir. Əgər bunu etməsəydik, biz indi idxaldan daha çox asılı vəziyyətdə olacaqdıq. Ona görə də infrastruktur layihələri icra edilməlidir. Bəziləri hesab edirlər ki, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlı biz daha da ixtisar etməliyik. Təbii, bu belədir, ancaq güman edirəm ki, biz 2016-cı ildə infrastruktur və biznes layihələrini icra etməklə ölkəmizə daha da böyük dinamizm verə bilərik və bunu edəcəyik".
İlham Əliyev vurğulayıb ki, son illər ərzində 1500-ə yaxın subartezian quyusu qazılıb: "Və keçən ilin sonunda bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan 10 milyon manat ayrılıb. Ola bilər ki, il ərzində əlavə vəsaitlər ayrılacaq və subartezian quyularının qazılması prosesi davam etdiriləcək".
Dövlət başçısı deyib ki, sosial infrastruktur layihələri davam etdirilməlidir: "Məktəb, tibb məntəqələri, xüsusilə uşaq bağçalarının tikintisinə böyük ehtiyac var. Həm Bakıda, həm böyük şəhərlərdə, həm də kiçik şəhərlərdə. Yeni iş yerlərinin yaradılması bu il xüsusi əhəmiyyət kəsb edir. Çünki bəzi iş yerləri bağlanıb. Son 12 il ərzində 1 milyon 500 min iş yeri yaradılıb ki, onlardan 1 milyonu daimi iş yeridir. Amma bu illər ərzində Azərbaycan əhalisi artıb. 2003-cü ildə əhalinin sayı 8,4 milyon idisə, bu il Azərbaycanın əhalisi 9,7 milyon nəfərdir. Bu bizim böyük üstünlüyümüz və inkişafın əlamətidir. Artım dinamikasına nəzər salsaq görərik ki, sürətli inkişaf dövründə əhali daha da artıb. Bu üstünlükdür, eyni zamanda bu bizi daha da fəal olmağa çağırır. Çünki artan əhali artan iş yerləri deməkdir. 1 milyon daimi iş yeri yaradılıb, 1 milyon 300 min əhali artıb. Bu, yeni iş yerləri ilə yanaşı, yeni məktəblər deməkdir, yeni uşaq bağçaları deməkdir, yeni yolların çəkilməsi deməkdir".
Dövlət başçısı qeyd edib ki, şəhərsalma işi daha da düşünülmüş şəkildə aparılmalıdır: "Bizim şəhərlərimiz böyüyür, şəhər infrastrukturu daha güclü şəkildə qurulmalıdır. 2030-cu ilə qədər içməli su layihələrinin icrasında əhalinin artımı nəzərdə tutulmalıdır. Yəni biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq. Əlbəttə, biz fəxr edirik ki, qısa müddət ərzində 1 milyon daimi iş yeri açmışıq. Ancaq əhali də artıb. Bizim əmək resurslarımız kifayət qədər böyükdür. Həmişə belə olub. Sovet dönəmində də belə olub, bu gün də belədir. Ona görə də bu, çox ciddi məsələdir. Mən çox şadam ki, əhali artıb. Mən bunun tərəfdarıyam. Amma iqtisadiyyat, infrastruktur, iş yerləri normal şəkildə artmalıdır. Ona görə də hökumət bu məsələlərlə bağlı ciddi işləməlidir, konkret uzunmüddətli plan tərtib edilməlidir, əmək resurslarının işlə təmin edilməsi üçün hansısa addımlar atılmalıdır".
Prezident hesab edir ki, indiki şəraiti nəzərə alaraq, sahibkarlar da yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görə bilərlər: "Mənə verilən məlumata görə, son 12 il ərzində Azərbaycanda 70 mindən çox müəssisə yaradılıb və ölkədəki müəssisələrin sayı 100 minə yaxındır. Bunların içərisində böyük müəssisələr də var, kiçik müəssisələr də. Ancaq hesab edirəm ki, iş adamları əgər sosial məsuliyyət nöqteyi-nəzərindən bu məsələlərə yanaşsalar və işsiz qalan insanları işə götürsələr və ya ixtisar etmək istədikləri insanları ixtisar etməsələr, bu bizim işimizə töhfə verəcək. Çünki bu, sosial məsuliyyətdir. Bu bizim ümumi işimizdir. Bununla bərabər, artıq mən əmək və əhalinin sosial müdafiəsi nazirinə və Azərbaycanın dövlət şirkətlərinə tapşırıq vermişəm ki, birgə işləsinlər və məşğulluq idarələrinə müraciət edən insanları işlə təmin etmək üçün dövlət şirkətlərində vakansiyalar yaratsınlar.
Əlbəttə ki, biz bazar iqtisadiyyatında yaşayırıq və bu prinsipdən dönməyəcəyik. Hamımız başa düşürük ki, bazar özü hər şeyi tənzimləməlidir ki, nə qədər insan işləməlidir, nə qədər məhsul istehsal edilməlidir. Amma hesab edirəm ki, müvəqqəti və daimi iş yerlərinin açılması prosesi başlanmalıdır, dövlət şirkətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Bakıda və bölgələrdə nümunə göstərməlidirlər. İşini itirən insanlar bu idarələrə müraciət etsinlər. Əminəm ki, onları işlə təmin etməyə bizdə imkanlar var. Ona görə də, ilk növbədə, dövlət şirkətləri bunu etməlidir, özəl şirkətlərdən isə xahiş edirəm ki, bu faktoru nəzərə alsınlar. Xüsusilə nəzərə alsınlar ki, dövlət sahibkarlığın inkişafına kömək edirsə, həm siyasi dəstək, həm də metodoloji dəstək verir. İqtisadiyyat Nazirliyi bütün layihələr üzrə biznes-planlar hazırlayıb. 12 il ərzində sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilib. Bu ili nəzərə alsaq, 2 milyard manat edir. Ona görə də sahibkarlar həm iş yerləri, həm istehsal sahələri yaratmalıdırlar, həm də fəaliyyət göstərdikləri bölgələrdə sosial məsuliyyəti hiss etməlidirlər".
İlham Əliyev bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində iş aparılır, müvafiq göstərişlər, sərəncamlar verilib: "Mütləq bu sahə də daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq qurumlar bu istiqamətdə aparılan fəaliyyətimizi yüksək qiymətləndirirlər. Dünya Bankı biznes hesabatında Azərbaycanı yüksək yerlərə layiq görüb. Davos Dünya İqtisadi Forumu ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinə görə Azərbaycanı 40-cı yerə layiq görüb. Biz MDB məkanında birinci yerdəyik".
Dövlət başçısı vurğulayıb ki, biznes, investisiya mühitinin yaxşılaşdırılması, iqrisadi, maliyyə sektorunun tam şəffaflaşması, vergi bazasının genişləndirilməsi, vergi uçotunun sadələşdirilməsi, statistikanın düzgün aparılması çox vacib olan məsələdir: "Mən deyə bilmərəm ki, bu məsələlərin həllində istədiyimizə nail ola bilmişik. Yox. Hələ görüləsi işlər çoxdur, qüsurlar var, onlar aradan götürülür, götürülməlidir. 2016-cı il bu istiqamətdə həlledici rol oynamalıdır. 2016-cı ildə biz bütün maliyyə, iqtisadi sistemimizi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən təşkil etməliyik. Burada, əsasən, statistika əsas yer tutur. Bizim statistikamız da aparıcı ölkələrin statistikasına xas olan bütün əlamətləri ehtiva edir. Çünki əsas məlumatdır. Biz dəqiq bilməliyik ki, harada nə işlər görülür, hansı məhsullar istehsal olunur. Əgər belə olmasa, gələcək fəaliyyətimizi formalaşdırmaq çətin olacaq. Biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq, bununla bərabər, inhisarçılığa yol verməməliyik. Bu da çox ciddi məsələdir. Çünki əvvəlcə mən istəyirəm ki, Azərbaycan məhsulları daha çox istehsal olunsun, biz idxaldan asılılığı azaldaq, iş yerləri yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal olunsun. Bununla bərabər, əgər idxal mallarına süni əngəllər yaratmamalıyıq. İdxal qarşısındakı maneələr aradan götürülməlidir, daxili istehsal qorunmalıdır. Ona görə də müvafiq qurumlar çox fəal işləməlidirlər ki, bu iki faktoru təmin etsinlər. Yerli istehsal, idxaldan asılılığın azaldılması bizim gələcək dayanıqlı inkişafımızın əsas məsələsidir".
İlham Əliyev bildirib ki, eyni zamanda inhisarçılığa da yol vermək olmaz: "Bəzi hallarda bizdə inhisarçılıq yaradılır, çünki bazar o qədər də böyük deyil. Hər hansısa bir və ya iki böyük müəssisə malları üzərinə götürüb. Burada, əlbəttə, antiinhisar xidmətinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir ki, sərbəst rəqabətə mane olan bütün faktorlar aradan qaldırılsın. İnvestisiyaların təşviqi sistemi yaradılıb, tətbiq edilib".
Dövlət başçısı hesab edir ki, yerli icra hakimiyyəti orqanları bu işlərdə daha da fəal olmalıdırlar: "Onların fəaliyyətinə veriləcək qiymət böyük dərəcədə bu amildən asılı olacaq. Nə qədər investisiya cəlb etmisən, nə qədər sahibkara şərait yaratmısan, nə qədər müəssisə yaradılıb, nə qədər iş yeri açılıb? Ona görə, ilk növbədə, hər bir yerdə statistika düzgün aparılmalıdır ki, burada "pripiska" olmasın, çünki bu, elə köhnə xəstəlikdir. İşlər düzgün qurulmalıdır. Ona görə də hər bir rayonda sənaye zonalarının yaradılması bu il başlamalıdır. Ümumiyyətlə, qeyri-qida məhsulları üzrə bizim özümüzü təmin etmə imkanlarımız haqqında bir neçə rəqəmi söyləmək istəyirəm. Bu, həm görülən işləri əsk etdirir, həm də sahibkarlara, icra başçılarına, dövlət qurumlarının nümayəndələrinə "yol xəritəsi" olacaq ki, harada boşluqlar var və hansı işlər görülməlidir. Beləliklə, sement istehsalı - Azərbaycanda 92 faiz səviyyəsində özümüzü təmin edirik. Burada maya dəyərində idxaldan asılılıq 10 faizdir. Əsas qatqılar və qablaşdırma materiallarıdır. Ona görə, sement istehsalı nəinki 100 faiz, daha çox olmalıdır. İstehsal gücümüz var. Biz sementi ixrac etməliyik. Çalışmalıyıq ki, istehsalda 10 faiz xarici komponenti də özümüz istehsal edək. Bentanit - biz dəfələrlə öz tələbatımızı ödəyirik və böyük ixrac potensialı yaranıb. Karton - cəmi 60 faiz özümüzü təmin edirik. Mütləq yeni karton fabrikləri tikilməlidir. Biz istehsalda 50 faiz xarici materiallardan asılıyıq. Bunu da tədricən aradan götürməliyik. Polietilen borular - 60 faiz özümüzü təmin edirik. 70 faiz isə yerli istehsalın tərkibində xarici komponent var ki, bu da xammaldır. Əhəng - tam özümüzü təmin etmirik, 50 faiz səviyyəsində, xarici komponent 13 faizdir. Gips 1,6 dəfə, yəni tam, həm 100 faiz təmin edirik, həm də ixrac potensialı var. Ancaq istehsalda 50 faiz xarici komponent var. Qatqılar və və qablaşdırma materialları. Bu qablaşdırma materialları bütün pozisiyalar üzrə var. Bu nəyi göstərir? Onu göstərir ki, bu sahəyə fikir verilməyib. Ona görə də müxtəlif qablaşdırma məmulatlarının istehsalına bu il başlanılmalıdır. Kərpic - 99 faiz özümüzü təmin edirik. Burada cəmi iki faiz xarici faktor var. Beton-tikinti blokları - 100 faiz özümüzü təmin edirik, 30 faiz xarici komponentdir. Alçıpan - 95 faiz özümüzü təmin edirik, 48 faiz xaricdən asılıdır. Burada da metal profilləri əsas rol oynayır. Metal konstruksiyalar - 40 faiz özümüzü təmin edirik. Elektrik kabelləri - 48 faiz, elektrotexniki avadanlıqlar - 62 faiz. Yəni bu onu göstərir ki, son illər ərzində bu sahəyə çox böyük investisiyalar qoyulub, dövlət özəl sektora kömək edib. Biz bu vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilmişik, ancaq hələ görüləsi işlər çoxdur. Birinci vəzifə 100 faiz özünü təmin etmək, ikinci vəzifə maya dəyərində xarici asılılığı minumuma endirməkdir. Təbii, mən bilirəm ki, bunu 100 faizlik etmək mümkün deyil, amma çalışmalıyıq. Belə olan halda, neftin qiymətinin düşüb-qalxmasından asılı olmayaraq, istehlak qiymətlərində heç bir dəyişiklik olmayacaq".
Dövlət başçısı xatırladıb ki, keçən il Azərbaycanda "Kənd təsərrüfatı ili" idi. Kənd təsərrüfatı 6,9 faiz artmışdı: "Çox yaxşı göstəricidir. Məhsuldarlıq artmışdı, xüsusilə taxılçılıqda. Xüsusilə iri fermer təsərrüfatlarının fəaliyyətini qeyd etmək istəyirəm. Burada məhsuldarlıq orta məhsuldarlıqdan təxminən iki dəfə çoxdur. Ona görə də bu, bir nümunədir. Biz iri fermer təsərrüfatlarının yaradılmasını bu il davam etdirməliyik. Bu bizə imkan verəcək ki, idxaldan asılılığı azaldaq. Ancaq kiçik və orta fermer təsərrüfatlarını da yaddan çıxarmamalıyıq. Onlar üçün də daim diqqət olmalıdır, şərait yaradılmalıdır".
Prezident əlavə edib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün prioritet məsələdir: "Keçən il bir neçə fərman imzalanmışdır. Bu fərmanların praktik nəticələri artıq görünməkdədir. Əlavə vəsait ayrılmışdır. Bizim üçün kənd təsərrüfatı uğurlu sahədir ki, bu da qeyri-neft ixracımızı təmin edəcək, insanları işlə təmin edəcək, ərzaq təhlükəsizliyini təmin edəcək. Ona görə, "Kənd təsərrüfatı ili" keçən il olsa da, bu ili də "Kənd təsərrüfatı ili" kimi hesab edəcəyik. Hər il "Kənd təsərrüfatı" ili olmalıdır. İslahatlar daha da dərinləşməlidir. Torpaq fondunun dəqiq uçotu aparılmalıdır, çünki burada da bəzi hallarda uyğunsuzluq yaranır. Vaxtilə verilmiş torpaq sahələri, real faktiki sahələr sənədlərdə olan sahələrlə üst-üstə düşmür. İndi də bizim xeyli imkanlarımız var - "Azersky". Mən onlara da tapşırmışam ki, mütləq bizim torpaq fondumuzun dəqiq uçotu aparılsın. Kağızda bir sahə verilir, amma real fermer başqa sahədə işləyir. Bu uyğunsuzluğu aradan götürməliyik. Hesab edirəm ki, əlbəttə, sənədləşmə dəqiq aparılmalıdır. Çünki biz indi fermerlərə deyə bilmərik ki, bu sənin sahən deyil. Harada işləyir, o da onun mülkiyyətidir. Ancaq düzgün uçot, sənədləşmə işləri aparılmalıdır. Bu, vaxt tələb edir. Hesab edirəm ki, bu il bu istiqamətdə ciddi addımlar atılmalıdır".
İlham Əliyev bildirib ki, elektron kənd təsərrüfatı proqramı icra edilir, bu yaxınlarda ona bu barədə məruzə edilib: "Biz bunu daha da yaymalıyıq. Kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya layihələrini icra etdik. Taxtakörpü və Şəmkirçay su anbarlarını inşa etdik. Samur-Abşeron kanalının bərpası, yenidən qurulması layihəsi təmin edildi. Ceyranbatan gölünün təmizlənməsi, müasir təmizləmə qurğularının yaradılmasına nail olduq. Həm içməli su, həm də meliorasiya məqsədləri üçün yeni suvarma qurğularını sifariş edirik. Beləliklə, bizdə 10 minlərlə yeni torpaq sahələri suvarılacaq və tezliklə suvarılmalıdır".
Dövlət başçısı qeyd edib ki, tezliklə o sahələrdə, qərb və şimal zonalarında, Siyəzən, Şabran, Xızı rayonlarında, Şəmkir və ətraf rayonlarda yeni fermer təsərrüfatları yaradılmalıdır: "Heyvandarlığın inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi yeni təkliflər irəli sürüb. Biz əvvəllər daha çox cins mal-qaranın alınması ilə məşğul idik. Bu, davam edir, ancaq Azərbaycanda cins mal-qaranın yaxşılaşdırılması üçün imkanlar var, burada süni mayalanma sistemi geniş tətbiq olunmalıdır və mənə verilən məlumata görə, biz bir neçə il ərzində tamamilə mal-qara cinsini yaxşılaşdıracağıq və beləliklə, əlavə imkanlar yaranacaq".
Azərbaycan Prezidenti bitkiçilikdə böyük imkanların olduğunu da deyib: "Keçən il kənd təsərrüfatının inkişafı daha çox bitkiçiliklə bağlı idi və hesab edirəm ki, biz pambıqçılıqla daha ciddi məşğul olmalıyıq. Pambıq tarlalarında çoxlu insan işləyib maaş alacaq, eyni zamanda bu, valyuta gətirən məhsuldur. Biz həm xam pambığı satmalıyıq, həm də tekstilə çevirib ixrac etməliyik. Bu, mütləq olmalıdır. Hesab edirəm ki, pambığı yığanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, indi 1 kiloqram pambığa görə insanlara 42 qəpik pul verilir. Hesab edirəm ki, bu, çox azdır, əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Pambıqçılıq, həmçinin tütünçülük və çayçılıq sürətlə inkişaf etməlidir. Bu sahədə də böyük ənənələrimiz var. Sovet dövründə nə qədər pambıq yığılırdı, çay, tütün yığılırdı. Biz bu sahələri canlandırmalıyıq".
İlham Əliyev ərzaq məhsullarında asılılıqla bağlı məlumatları diqqətə çatdırıb: "Mal əti ilə özümüzü 92 faiz təmin edirik, maya dəyərində idxaldan asılılıq 5 faizdir. Əsasən, yem və dərman, qoyun əti ilə 99 faiz özümüzü təmin edirik. Cəmi iki faiz maya dəyərində idxaldan asılılıq var, yenə də yem və dərman. Quş əti - 98.6 faiz özümüzü təmin edirik, son bir neçə il ərzində quş ətinin istehsalında böyük irəliləyiş var. Nəyə görə? Çünki quşçuluq fabrikləri yaradıldı, dövlət dəstək verdi, kredit verdi, sahibkarlığı bu istiqamətə yönəltdi ki, biz özümüzü quş əti ilə tam təmin edək. Buna artıq çatmışıq, ancaq maya dəyərində idxaldan asılılıq 65 faizdir. Nədir bu asılılıq? Qarğıdalı, soya, günəbaxan, dərmanlar. Bu, sahibkarlar üçün fəaliyyət meydanıdır. Qarğıdalı, soya, günəbaxan əkilməlidir, dərman Azərbaycanda istehsal olunmalıdır. Niyə özümüzü dərmanla təmin edə bilmirik? Etməliyik. Bu olsa, biz quş ətini 100 faiz daxili komponent hesabına təmin edəcəyik. Yumurta ilə özümüzü 99.46 faiz təmin edirik, yenə də maya dəyərində 65 faiz xarici faktorlar var. Süd və süd məhsulları ilə özümüzü təmin etmə əmsalı 80 faizdir. Burada da çox böyük irəliləyiş var və burada cəmi 10 faiz xarici faktordan asılıyıq, bu da yenə dərmandır. Hesab edirəm ki, süd fabriklərinin tikintisinə bu il də böyük diqqət yetirilməlidir. Biz özümüzü südlə 100 faiz təmin etməliyik və ixrac etməliyik. Bildiyimə görə, indi ixrac olunur, ancaq idxal da var. İdxal ancaq çeşidlərin sayına görə olmalıdır, asılılıq isə tamamilə aradan götürülməlidir".
Dövlət başçısı Azərbaycanda taxıl istehsalının artdığını deyib: "2014-cü ildə iki milyon 300 min ton istehsal olunmuşdu, 2015-ci ildə iki milyon 900 min ton istehsal olunub. Bu, gözəl inkişafdır. Ancaq özümüzü 64 faiz səviyyəsində təmin edirik. Ona görə də iri fermer təsərrüfatlarının yaradılması prosesi bundan sonra da davam etməlidir. İri fermer təsərrüfatlarında bir hektarda məhsuldarlıq 50 sentnerdir, bəlkə də çox, orta məhsuldarlıq isə 30 sentnerdir. Biz bunu bu il əldə etmişik, əvvəllər 23-24 sentner idi. Yeni torpaq sahələri verilməlidir, dövlət infrastruktur layihələri icra edilməlidir, biz özümüzü 100 faiz taxılla təmin etməliyik. Taxıl istehsalında maya dəyərində idxaldan asılılıq 20 faizdir - gübrə və dərman. Kartofla özümüzü 90 faiz təmin edirik. Kartofla özümüzü 100 faiz təmin etməliyik və ixrac etməliyik. Kartof istehsalında 35 faiz xarici faktordan asılılıq var, yenə də gübrə və dərman. Soğanla özümüzü 100 faizdən çox təmin edirik. Burada xarici faktor yoxdur. Bostan məhsulları - 100 faiz və xaricdən asılı deyil. Meyvə və giləmeyvə - təxminən 110 faiz, maya dəyərində 30 faiz idxaldan asılılıq var, yenə də gübrə və dərman. Gübrə zavodu tikilir, ancaq gərək sürətlə tikilsin. O vaxt biz bu layihəni başlamışıq ki, idxaldan asılılığı azaldaq, ancaq çox uzanır. Bu il çox ciddi işlər aparılmalıdır, gübrə zavodu tezliklə işə düşməlidir. Dərmanla bağlı müzakirələr aparılmalıdır ki, nə iş görmək lazımdır, harada müəssisələr yaradılmalıdır, tələbat nə qədərdirsə təmin edək. Duzla özümüzü 87 faiz təmin edirik. Burada xarici faktor 5 faizdir və bu da qablaşmadır".
Prezident əlavə edib ki, şəkər və şəkərdən hazırlanan məhsullarla özümüzü İmişlidə şəkər zavodu hesabına 191 faiz təmin edirik: "Ancaq burada 80 faiz xaricdən asılılıq var. Xam şəkər xaricdən gətirilir. Ona görə də çalışmalıyıq ki, xarici komponenti aşağı salaq. Bunun üçün nə lazımdır? Aydın məsələdir, daha çox çuğundur əkilməlidir. Bu, həm iş yerləri yaradacaq, həm də xarici faktordan asılılıq aradan götürüləcək. Bitki yağları və marqarinlə özümüzü 67 faiz təmin edirik. Burada da 80 faiz idxaldan asılılıq var ki, bu da xam yağ və qablaşmadır. Bitkiçiliyin inkişafı hesabına özümüz yerli məhsullardan daha çox yağ əldə edə bilərik. Kərə yağı ilə özümüzü 60 faiz təmin edirik, xarici faktordan asılılıq 10 faizdir. Hesab edirəm ki, kərə yağını 100 faiz Azərbaycanda istehsal etməliyik. Nə lazımdırsa, buyurun, təklif verin. Makaronla özümüzü 52 faiz təmin edirik. Ancaq bu yerli istehsalın 95 faizi xaricdən gələn xammal hesabına təmin edilir. Ona görə də taxılçılığın inkişafı, keyfiyyətli un istehsalı imkan verəcək ki, makaron istehsalında xarici faktordan asılılığı aradan qaldıraq. Meyvə-tərəvəz şirələri 105 faiz təmin edilir, meyvə-tərəvəz konservləri təxminən 90 faiz və 10 faiz xarici faktor var. Bu cədvəl nə göstərir? İlk növbədə onu göstərir ki, son illər ərzində böyük nailiyyətlərə imza atmışıq. Sovet dövründə yağı da, əti də, pendiri də Rusiyadan, Ukraynadan gətirirdik. İndi özümüzü böyük dərəcədə təmin edə bilmişik. Ona görə ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasəti uğurla aparılır. Ancaq bu, eyni zamanda onu göstərir ki, hələ görüləsi işlər çoxdur. Bax bu səsləndirdiyim cədvəllər iş adamları üçün, dövlət qurumları üçün, yerli icra orqanları üçün əsas sənəd olmalıdır və bunu tezliklə icra etməliyik".
İlham Əliyev vurğulayıb ki, turizmin inkişafı daha sürətlə getməlidir: "Xüsusilə Avropa Oyunlarından sonra Azərbaycana maraq dünyada daha da artdı. Biz bundan istifadə etməliyik. Nə qədər çox turist gəlsə, o qədər də çox adam Azərbaycanı tanıyacaq və turistlər də ölkəmizə valyuta gətirəcəklər. Son 12 il ərzində Azərbaycanda 300-ə yaxın mehmanxana tikilib, indi bizim dünya səviyyəli kurortlarımız var - Şahdağ kurortu, Naftalan kurortu, Qəbələ beynəlxalq kurort mərkəzinə çevrilib və Qalaaltı müalicəvi kurort mərkəzi, Naxçıvanda kurort mərkəzi yaradılıb. Sadəcə daha fəal olmalıyıq ki, turistləri cəlb edək. Burada vizaların sadələşdirilməsində əlavə tədbirlər görülüb ki, turist axınını təmin edək. Turistləri maraqlandıran Azərbaycanın ənənəvi sənət növləri də, o cümlədən xalçaçılıq inkişaf etməlidir. Bu bizim böyük milli sərvətimizdir və hesab edirəm ki, indiki şəraitdə, xüsusilə kəndlərdə şərait yaradılmalıdır ki, qadınlar xalçaçılıqla məşğul olsunlar. Onlar materiallarla, dəzgahlarla, iplərlə təmin olunmalıdırlar ki, xalça toxusunlar, pul qazansınlar və biz bu malları da xarici bazarlara çıxara bilək".
Azərbaycan Prezidenti deyib ki, ekoloji tədbirlər bu il də görülməlidir: "Xüsusilə ağacəkmə prosesi gedir. Ağacəkməyə daha çox insanları cəlb etmək olar, xüsusilə bölgələrdə, burada müvəqqəti iş yerləri yaradılmalıdır. Yerli icra orqanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi təkliflər hazırlasınlar ki, biz bu il nə qədər ağac əkəcəyik, nə qədər insan bu işlərə cəlb ediləcək".
Dövlət başçısı bildirib ki, dünyada böhran yaşanan dövrdə bir çox ölkələrdə ictimai işlərə daha çox üstünlük verilir: "Bizdə böhran yoxdur. Hazırda iqtisadiyyat sürətlə inkişaf edir. İnkişafımız dayanıqlı olacaq. Ancaq mən istəyirəm ki, Azərbaycanda, ümumiyyətlə, işsiz adam olmasın. Hər kəs iş tapa bilmir. Ona görə verdiyim tövsiyələr və tapşırıqlar mütləq icra edilməlidir. Bu il müvəqqəti ictimai işlərə biz daha çox insanları cəlb etməliyik. Onlara maaş veriləcək. Onlar da xalq, dövlət üçün çalışsınlar. İstehlak qiymətlərinə nəzarət daim olmalıdır. Süni bahalaşmaya qarşı mübarizə aparılır və aparılacaq, cəza tədbirləri görülür".
İlham Əliyev bildirib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə öz bəhrəsini verir: "Korrupsiya böyük bəladır, bütün ölkələr, o cümlədən də Azərbaycan üçün. Biz həm cəza tədbirlərini tətbiq edirik, həm də inzibati addımlar atılır, institusional tədbirlər görülür. Korrupsiya, rüşvətxorluq üçün meydan daralır, yeni ictimai xidmətlər yaradılır. "ASAN xidmət" artıq iki il ərzində 7 milyon insana xidmət göstərib. Bu 7 milyon insan iki il ərzində "ASAN xidmət"də korrupsiya görməyib. Ancaq əvvəlki dövrdə hansı qapıya gedilibsə, qanuni arayışa, qanuni icazəyə və s. görə onlardan nə isə tələb olunub. Ona görə də institusional tədbirlər ən səmərəlidir. Bununla bərabər, korrupsiyaya qarşı cəza tədbirləri də tətbiq ediləcək və edilir. Burada heç kim imtiyazlı ola bilməz, heç kim toxunulmaz deyil. Son hadisələr Azərbaycanda bunu bir daha göstərdi".
Prezident əlavə edib ki, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borcunu yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaq və cəzalandırılır: "Xalq da, ictimaiyyət də bunu görür. Hamı da bilsin. Azərbaycanda bir nəfər də olsa, toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir. Mən artıq qeyd elədim ki, yerli icra orqanları bu il daha çox iş yerlərinin yaradılması və investisiyaların cəlb edilməsi ilə məşğul olmalıdırlar. Müntəzəm olaraq, Prezidentə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə əldə edilmiş nailiyyətlə bağlı məlumat verməlidirlər. Dövlət məmurları xalqla bir yerdə olmalıdırlar. Mən həmişə demişəm - hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib. Biz də bu etimadı, inamı hər gün doğrultmalıyıq".
İlham Əliyev vurğulayıb ki, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar: "Xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq etməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var, insanlara xidmət etmək, onların problemlərini həll etmək, onlara qayğı göstərmək, məmurlar insanları incitməməlidirlər. Əksinə, insanlara qayğı, diqqət göstərə bilməlidirlər və onlara kömək etməlidirlər. Mən bir də demək istəyirəm, bütün bu faktorlar onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq.
Burada bəzi çıxışlarda səsləndi - indi Azərbaycanda yerli istehsal nə qədər inkişaf edir, o cümlədən mebel istehsalı? Ancaq bizim dövlət idarələrində yerli mebeldən istifadə edirlərmi? Yox. Hər bir kiçik məmur istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu nə ədabazlıqdır? Bizdə gözəl mebel istehsal olunur. Təkcə "Embawood" şirkəti deyil. Bəlkə də onlarla, yüzlərlə mebel şirkətimiz var. Mebel istehsal edirlər, amma di gəl, bizim yüksək vəzifəli, kiçik vəzifəli dövlət məmurlarımız onu bəyənmirlər. Özü də onun keyfiyyəti heç bir başqa mebeldən fərqlənmir. Amma bu, Azərbaycan mebelidir, bunu özümə rəva bilmirəm, gərək İtaliya, Rumıniya mebeli olsun? Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır. Bütün təftiş edən orqanlar, Hesablama Palatası, Maliyyə Nazirliyi və digər orqanlar buna nəzarət etməlidirlər. Təkcə mebeldən söhbət getmir. Digər mal, materiallar alınanda da nədənsə bizdə xarici mallara üstünlük verilir. Mənə bu yaxınlarda hökumətin müşavirəsində ayaqqabı gətirib göstərdilər ki, baxın, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bizim bəzi hərbi qurumlar bəyənmir, əsgərlər üçün xaricdən ayaqqabı alır. Nə üçün? Ona görə də bu sahə çox ciddi nəzarət altında olmalıdır".
Dövlət başçısı bildirib ki, beləliklə, biz israfçılığa yol verməyəcəyik, xərclər azalacaq, valyuta xaricə getməyəcək, yerli istehsal güclənəcək: "Ona görə də mənim göstərişim hamıya aiddir. Bundan sonra belə də olmalıdır. İndi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avadanlıq alsın, özü də dövlət hesabına. Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları avtomobilləri oradan alsınlar. Yaxşı da maşınlardır, xarici maşınlardan o qədər də fərqlənmir. Çox gözəl, daha çox alsınlar. Yəni, bax, hökumət bu sahəyə çox ciddi diqqət verməlidir. Harada ki, pozuntular varsa, dərhal mənə məlumat verilməlidir və ölçülər götürüləcək. Və sahibkarlar ölkə iqtisadiyyatına daha çox vəsait qoysunlar. Mən bilirəm, indi Azərbaycan sahibkarları xaricə də investisiya qoyurlar. Mən özüm də həmişə bunun tərəfdarı olmuşam, istərdim, bizim firmalar dünya bazarına çıxsınlar, onları tanısınlar. Hətta xarici səfərlərdə mən həmişə, indi söhbət düşmüşkən, Azərbaycan sahibkarlarını təbliğ edirəm. İstəyirəm, onlar xaricdə fəaliyyət göstərsinlər. Ancaq indiki şəraitdə sahibkarlar əsas vəsaiti Azərbaycana qoymalıdırlar".
Prezident əlavə edib ki, sahibkarlar, əlbəttə, məsuliyyətli olmalıdırlar, vergiləri tam ödəməlidirlər: "Bunu etmək üçün vergi uçotu düzgün aparılmalıdır. Çünki bəzi hallarda sahibkarın yanına gəlib deyirlər ki, sən filan qədər verməlisən, sən dövlətə verməlisən. Bunu nəzərdə tuturam. Bəzi hallarda bu da sahibkarları narahat edir, çünki sahibkar əldə etdiyi gəlirə görə vergi verməlidir. Ona görə də burada uçot ən vacib məsələdir. Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər və kənd təsərrüfatı, emal sənayesi, sənaye materiallarının istehsalına vəsait qoymalıdırlar. Mən dəfələrlə demişəm, biz elə işləməliyik ki, sanki bizdə neft-qaz resursları yoxdur. Əslində, bu vəziyyət, neftin qiyməti elə vəziyyətə gətirib çıxarıb ki, elə bil doğrudan belədir. Sözün düzü, biz hesablayırdıq ki, postneft dövrü Azərbaycanda 30-cu, 40-cı illərdən sonra başlayacaq. Çünki bizim bütün proqnozlarımız onu göstərir ki, hələ onilliklər bundan sonra Azərbaycanda neftin hasilatı təxminən sabit qalacaq və 2-3 ildən sonra reallaşacaq Cənub Qaz Dəhlizinin faydası da, əlbəttə, müəyyən dərəcədə 40-cı ildən sonra neftin tənəzzülünün qarşısını alacaq. Çünki biz böyük qazla bazara çıxacağıq. Ancaq neftin qiyməti 4 dəfə aşağı düşdü və biz artıq bu gün postneft dövründə yaşayırıq. Biz qısa zaman çərçivəsində bu işləri görürük ki, insanlar bunu hiss etməsinlər. Ona görə, bundan sonra islahat, şəffaflıq, məsuliyyət, qeyri-neft sektorunun inkişafı, ixrac yönümlü məhsulların istehsalı, idxaldan asılılığın azaldılması - bütün bu faktorlar bizim dayanıqlı inkişafımızı təmin edəcək".
İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan 2016-cı ildə, bundan sonrakı illərdə də uğurla inkişaf edəcək: "Biz müstəqillik yolu ilə gedirik, inkişaf yolu iə gedirik".