...

Qeri Cons: “Şəfəq-Asiman” strukturu növbəti “Şahdəniz” ola bilər

Energetika Materials 30 May 2018 12:39 (UTC +04:00)
“Şəfəq-Asiman” strukturu növbəti “Şahdəniz” ola bilər.
Qeri Cons: “Şəfəq-Asiman” strukturu növbəti “Şahdəniz” ola bilər

Bakı. Ənvər Məmmədov - Trend:

“Şəfəq-Asiman” strukturu növbəti “Şahdəniz” ola bilər.

Trend-in məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons Bakıda keçirilən 25-ci Beynəlxalq "Xəzər Neft və Qaz" konfransında çıxışı zamanı deyib.

BP-nin SOCAR ilə birlikdə Xəzərdə və daha geniş regionda ehtiyatların axtarışını davam etdirməsindən danışan Q.Cons bildirib: “Xüsusi qeyd etmək istədiyim üç ayrı kəşfiyyat layihəsi mövcuddur: “Şəfəq-Asiman”, “Abşeron Yarımadasının Dayazsulu Hissəsi” və D230 saylı blok. Bunların hər üçündə də kəşfiyyat işləri SOCAR və BP arasında imzalanmış 50/50 iştirak payını nəzərdə tutan sazişlərə əsaslanır”.

O xatırladıb ki, BP və SOCAR 2010-cu ildə Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” strukturu üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalayıblar: “Bu, BP-nin dənizdə kəşfiyyat və işlənmə sahəsində SOCAR ilə ikitərəfli əməkdaşlığının başlanğıcını qoydu. Bu blok Bakının cənub-şərq tərəfində təxminən 125 kilometr məsafədə yerləşir və təqribən 1100 kvadrat kilometr ərazini əhatə edir. O, dənizin təxminən 650-800 metrlik dərinsulu hissəsində yerləşir, yatağın dərinliyi isə təqribən 7000 metrdir”.

Q.Cons deyib ki, 2012-ci ilin əvvəllərində “Gilavar” seysmik tədqiqat gəmisi bu strukturda planlaşdırılmış 3-ölçülü seysmik tədqiqatı tamamlayıb. Bu, həmin kontrakt sahəsində aparılmış ilk 3-ölçülü seysmik tədqiqat idi: “Sonra isə əldə edilmiş məlumatlar Azərbaycanda emal edildi və bu, ölkədə indiyədək emal edilmiş ən böyük 3-ölçülü tədqiqat məlumatları idi. Beləliklə, hazırda heyətlərimiz 2019-cu ilin ortalarında qazma işlərinin başlanması məqsədilə kəşfiyyat quyusunun planlaşdırmasını aparır. Aşkar edilmiş bu yataqdakı ehtiyatlar sənaye həcmlərində olarsa, bu, növbəti “Şahdəniz” ola bilər”.

“Abşeron Yarımadasının Dayazsulu Hissəsi”nə gəldikdə, regional prezident vurğulayıb ki, 2014-cü ilin dekabr ayında BP və SOCAR Abşeron yarımadası ətrafında dayazsulu sahədə potensial perspektiv strukturların kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında saziş imzalayıblar: “Sazişin 2015-ci ilin may ayında parlament tərəfindən ratifikasiya edilməsindən sonra BP seysmik tədqiqat işləri həyata keçirdi. 1300 kvadrat kilometr ərazini əhatə etməklə, bu, Xəzər dənizində dayazsulu sahədə aparılmış ən böyük seysmik tədqiqat oldu. Bu tədqiqat BP-nin “müstəqil sinxron mənbələr” texnologiyası vasitəsilə aparıldı. Bu texnologiya çox sayda seysmik mənbələrdən istifadə etmək və beləliklə, məlumatların yığılması müddətini əhəmiyyətli dərəcədə azaltmaq imkanı yaradır”.

O əlavə edib ki, 2017-ci ilin oktyabr ayında seysmik məlumatların interpretasiyasından sonra BP və SOCAR üç perspektiv sahədə kəşfiyyat quyularının qazılması barədə razılığa gəldilər: “Hazırda heyətlərimiz 2019-cu ilin əvvəllərində qazma işlərinə başlanılması məqsədilə quyunun planlaşdırmasını aparır”.

D230 saylı blokuna da toxunan Q.Cons bildirib ki, 26 aprel 2018-ci il tarixində BP və SOCAR D230 saylı blokun birgə kəşfiyyatı və işlənməsi üçün 25 il müddətinə hasilatın pay bölgüsü haqqında saziş imzalayıblar: “Saziş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Böyük Britaniyanın Baş naziri Tereza Meyin iştirakı ilə London şəhərində imzalandı. Bu saziş BP-yə ehtiyatların potensialını qiymətləndirmək məqsədilə dənizdə təxminən 3200 kvadrat kilometr ərazidə növbəti beş il ərzində kəşfiyyat işləri aparmaq imkanı verir. Kəşfiyyat işlərinin nəticəsi uğurlu olarsa, bu sahə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsindən etibarən Azərbaycanda ən böyük neft ehtiyatlarının işlənməsi ola bilər. Aşkar edilmiş ehtiyatlar sənaye həcmlərində olarsa, BP quyuların qazılması, quruda və dənizdə qurğuların inşa edilməsi və sualtı boru kəmərlərinin çəkilməsi üçün milyardlarla dollar sərmayə qoyulmasına səy göstərəcək”.

Şirkətin regional prezidenti qeyd edib ki, bu üç kəşfiyyat layihəsindən başqa, BP və SOCAR Xəzər regionunun həm daxilində, həm də xaricində potensial gələcək perspektiv strukturların qiymətləndirilməsini davam etdirir: “Hesab edirəm ki, bu, qarşıdan gələn illər, hətta onilliklər ərzində bizi hansı nailiyyətlərin gözlədiyi barədə sizdə dolğun təsəvvür yaradır. Əlbəttə ki, əməliyyat şirkəti olaraq biz bu layihələrin təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirilməsi üçün sənayedəki ən mürəkkəb və qabaqcıl texnologiyaları və təcrübələri Xəzər regionuna gətirməyə davam edəcəyik. 25 illik möhtəşəm tərəfdaşlıq və uğurlu iş təcrübəmizlə bizim bu uzunmüddətli kəşfiyyat-axtarış işlərini davamlı uğura çevirmək imkanlarımız böyükdür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti