...

Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” barədə panel müzakirəsi keçirilib (FOTO) (YENİLƏNİB)

Yaşıl iqtisadiyyat Materials 19 İyun 2024 17:13 (UTC +04:00)
Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” barədə panel müzakirəsi keçirilib (FOTO) (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “COP29-a gedən yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən 29-cu yüksək səviyyəli görüşün iştirakçıları panel müzakirəsi zamanı iqlim dəyişikliyinin su ehtiyatlarına, biomüxtəlifliyə və ərzaq təhlükəsizliyinə təsirini müzakirə ediblər.

Trend-in məlumatına görə, BMT Baş Assambleyasının sədri Csaba Körosi qeyd edib ki, iqlim dəyişikliyi və ətraf mühitin həddən artıq çirklənməsi səbəbindən hidroloji dövranını kəskin şəkildə dəyişib.

“İqlim dəyişikliyi nəticəsində son 25 ildə hava ilə bağlı böyük təbii fəlakətlərin 90 faizi məhz sudan qaynaqlanıb”, - deyə o bildirib.

Bakıda keçirilən iqlim konfransının uğur qazanması üçün sədrlik edən komandaya edilən təkliflərdən biri də
COP29-da problemlər və qətnamələr üzrə səsvermə üçün xüsusi qrupun yaradılması idi.

Moldovanın keçmiş baş naziri Kiril Qaburiç də öz növbəsində müzakirələr zamanı qeyd edib ki, istənilən işdə, o cümlədən iqlim dəyişikliyi ilə mübarizədə uğur qazanmaq üçün insani yanaşma nümayiş etdirmək lazımdır.

"Qərar vermə prosesimizə daha çox insani dəyərlər qata bilsək, əgər biz xarici məqsədlər və prioritetlər təyin edə bilsək, bütün bunlar hədəflərimizə çatmağımıza kömək edəcək" - deyə o bildirib.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş elmi işçisi İsmahane Elouafi də müasir bəşəriyyətin su dövranının pozulmasının şahidi olduğunu vurğulayıb.

xxx

14:32

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı işini panel iclaslarla davam etdirir.

Trend xəbər verir ki, toplantının ilk gününün birinci panel iclası “Çağırışın statusunun icmalı” mövzusuna həsr olunub.

Bosniya və Herseqovinanın sabiq Baş naziri və xarici işlər naziri Zlatko Laqumdziyanın moderatorluğu ilə keçirilən müzakirələrdə çıxış edən COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 komandasının iyul ayında yeni beynəlxalq tədbir təşkil edəcəyini diqqətə çatdırıb. O deyib ki, iqlim dəyişikliyi ilə mübarizə məsələlərini müzakirə etmək üçün tərəfləri daha qeyri-rəsmi şəraitdə bir araya gətirmək üçün bu vacibdir.

Dünyadakı icmaların iqlim dəyişikliyinin təsirindən əziyyət çəkməkdə davam etdiklərini söyləyən baş danışıqçı beynəlxalq ictimaiyyətin havanın temperaturunun yüksəlməsinin 1,5 Selsi dərəcədə saxlanılması ilə bağlı Paris sazişindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyini vurğulayıb.

İqlim dəyişikliyi ilə mübarizədə maliyyəyə ehtiyac duyulduğunu bildirən Y.Rəfiyev bu maliyyələşmənin təkcə dövlət sektoru ilə məhdudlaşmalı olmadığını deyib, orada özəl sektorun iştirakının da vacibliyinə diqqət çəkib.

Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev Azərbaycanda keçiriləcək COP 29-un uğurlu olacağından əmiliyini ifadə edib. Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə uğur qazanmaq istəyiriksə, fikirlərimizi beynəlxalq tribunalardan və yüksək səviyyədə çatdırmağı bacarmalıyıq. “Azərbaycan gələcək nəsillərə təmiz, yaşıl gələcək təmin etmək üçün çox vacib bir işin öhdəliyini öz üzərinə götürüb”, - deyə o vurğulayıb.

“Əsas məsələ budur ki, hər kəs qlobal istiləşmə problemi ilə bağlı ortaq bir həll yolu tapmalıdır”, - deyən BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi əks halda, məsələnin həlli istiqamətində heç bir addım atmağın mümkün olmayacağını diqqətə çatddırıb. Qeyd edib ki, burada və COP29-la bağlı müzakirə olunacaq məsələlər son dərəcə vacibdir. Çünki hazırdakı statistik göstəricilər vəziyyətin hansı dərəcədə olduğunu göstərir. Dünyanı dəyişdirmək üçün özümüzdən başlamalıyıq.

Qeyd edək ki, 8 paneldən ibarət və 100-dək qonağın iştirak etdiyi tədbirin ilk günündə “Çağırışın statusunun icmalı”, “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” və “İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri” mövzusunda panel müzakirələr aparılır.

Tədbir iştirakçıları, həmçinin “Elm, texnologiya və innovasiyanın rolu”, “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti”, “İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi”, “Eyni planet, eyni sağlamlıq: davamlı gələcək üçün birləşmək” və “Azərbaycanın öz təcrübəsindən dərslər” mövzularında panellərdə fikirlərini bölüşəcək, təkliflərini səsləndirəcəklər.

Panel müzakirələrdən biri Zəngilan rayonunda təşkil olunacaq.

Tədbir işini iyunun 21-də yekunlaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti