...

Ərəb torpaqlarında yeni dövlətlər

Nəzər nöqtəsi Materials 2 Aprel 2012 15:51 (UTC +04:00)
Ərəb torpaqlarında yeni dövlətlər
Ərəb torpaqlarında yeni dövlətlər

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Son günlər ən çox müzakirə olunan mövzulardan biri də İraqın şimalındakı kürd administrasiyasının müstəqil "Kürdüstan dövləti"nin qurulması haqqında bəyanatları və mərkəzi hökumətlə administrasiya arasında iqtisadi məsələlərdə yaranan ciddi fikir ayrılığıdır.

Belə ki, ölkənin şimalındakı kürd administrasiyasının rəhbəri Məsud Bərzani son bəyanatlarında bu il martın 21-də İraqın şımalında müstəqil "Kürdüstan dövləti"nin elan ediləcəyini açıqlayıb. Müstəqil "Kürdüstan dövləti"nin elanı təyin edilən vaxtda gözlənilsə də, bəzi səbəblərdən bu baş vermədi. Administrasiya rəhbəri İraqın "əş-Şərqiyyə" televiziyasına verdiyi son açıqlamasında isə regionda kürdlərə qarşı zülm edildiyini, lakin kürdlərin də gec-tez bir dövlətinin olacağını bildirdi.

"Söylədiklərim bir gerçəkdir, kürdlər ərəblərdən, farslardan, nə də türklərdən əskik deyil. Kürdlər millət olaraq bir neçə dövlət ərazisində bölünüblər və onlara öz dövlətlərini qurmağa imkan verilməyib", - Bərzani bildirib. Bərzani onu da qeyd edib ki, kürdlər hər an elan edilə biləcək dövlətimizin müjdəsini gözləyirlər.

İlk baxışdan Bərzaninin söylədikləri bir o qədər ciddi təəssürat yaratmasa da, ölkənin iqtisadi həyatında baş verən son hadisələr nəzərə alınarsa, kürd liderin bəyanatlarının gözlənildiyindən də ciddi olduğu aydın olar. Belə ki, kürd administrasiyası mərkəzi hökumətin rəyi olmadan Birləşmiş Ştatların "Exxon Mobil" şirkəti ilə administrasiya ərazisində neft kəşfiyyatı və hasilatı üzrə müqavilə imzaladı. İraq mərkəzi hökuməti imzalanan müqavilənin qeyri-qanuni olduğunu bildirdikdən sonra "Exxon Mobil" Şimali İraqda müvəqqəti olaraq fəaliyyətini dayandırdı.

Aprelin 2-də isə kürd administrasiyası İraq mərkəzi hökumətinə neft təchizatını dayandırdı. Bərzani hökuməti bu addımı mərkəzi hökumətin onlara 1,5 milyard dollar borcu olması ilə izah etdi.

Hadisələrin belə gedişatı bir daha onu göstərir ki, Bərzani hökuməti müstəqil "Kürdüstan"ın yaradılması və mərkəzi hökumətin təsir dairəsindən çıxmaq üçün sadəcə siyasi mübarizə deyil, eyni zamanda, iqtisadi təzyiq vasitələrindən də istifadə edəcək.

Baş verən hadisələrin fonunda ən maraqlı açıqlama İraq mərkəzi hökumətindən gəldi. Trend-ə açıqlama verən mənbə kürd administrasiyasının nefti qanunsuz şəkildə ixrac etdiyini bildirdi. Açıqlamada o da qeyd olunur ki, İraqa ixrac edilən neftin dayandırılması kürd administrasiyasının büdcəsinə də ciddi zərbədir və əgər administrasiya bundan narahat deyilsə, deməli, o, nefti alternativ yollarla satmaqla öz büdcəsini doldurur.

İraq administrasiyasının dənizə çıxışı olmadığını və qonşu Suriyadakı qeyri-sabit vəziyyət nəzərə alınarsa, neftin satılması üçün yeganə alternativin Türkiyə ərazisi olduğunu görmək olar. Lakin bu o anlama gəlmir ki, kürd administrasiyası dənizə çıxış üçün daim Türkiyə ərazisindən istifadə edəcək. Ehtimallar onu söyləməyə əsas verir ki, Bərzaninin "Kürdüstan dövləti"ni elan etməməyinin və Suriya müxalifətinin İstanbulda keçirilən toplantısında Demokratik Birlik Partiyasının (Partiya Yekîtiya Demokrat) Suriyanın digər siyasi qruplarından fərqli olaraq, ölkənin ərazi bütövlüyünün qorunması haqqında razılığa gəlməməyinin əsas səbəblərindən biri də sadəcə vaxt qazanmaqdır.

Bəşşar Əsədin hakimiyyətdən getməsi və Suriyanın şimalında yaşayan kürdlərin "azadlıq" mübarizəsinə başlaması ilə Barzanı hökumətinin müstəqil "Kürdüstan dövləti"ni elan edəcəyi istisna edilmir. Bu isə İraqın parçalanacağı istiqamətində atılan ən ciddi addımlardan biridir.

Təbii ki, İraqda sadəcə kürdlərin siyasi aktivliyinin olmasını düşünmək bir o qədər də inandırıcı deyil. Səddam rejiminin süqutundan sonra ölkədə şiə müsəlmanların simasında İran amilinin güclənməsi də yaxın zamanlarda regionda ciddi dəyişikliyin - yeni şiə dövlətinin olacağından xəbər verir. Hər nə qədər qəribə olsa da, bu istiqamətdə artıq ciddi addımlar atılmaqdadır. Hətta, bəzi ərəb şiə mütəfəkkirləri Bəhreyndəki siyasi böhrandan sonra regionda "yeni şiə dövləti"nin olmasının labüdlüyünü bildiriblər.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Yaxın Şərqin ərəb dövlətlərində gec də olsa yeni dövlətlər qurula bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti