...

Deputat: Azərbaycan bu sahədə dünya üçün kifayət qədər gözəl nümunədir

Nəzər nöqtəsi Materials 8 May 2017 08:15 (UTC +04:00)
Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun keçirilməsi artıq bir ənənə halını alıb və dünya ictimaiyyətinin diqqətini cəlb edir.
Deputat: Azərbaycan bu sahədə dünya üçün kifayət qədər gözəl nümunədir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ənənə halını alıb və dünya ictimaiyyətinin diqqətini cəlb edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, tarix sübut edib ki, mədəniyyətlər, sivilizasiyalar harmoniya şəklində mövcudluğunu davam etdirəndə cəmiyyətdə sülh, əminamanlıq və inkişafa aparan faktorlar çox güclü olur: “Azərbaycan bu sahədə dünya üçün kifayət qədər gözəl nümunədir. Tariximizdə heç zaman dini və milli zəmində qarşıdurma olmayıb. Azərbaycan cəmiyyəti fərqli mədəniyyətlərə, fərqli dinlərin nümayəndələrinə həmişə hörmətlə yanaşıb. Bunun nəticəsidir ki, Azərbaycanda multikultural vəziyyət beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin diqqətini çox ciddi şəkildə cəlb edir”.

Deputat vurğulayıb ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi bu gün dünya ölkələrini narahat edən milli-dini qarşıdurmadan qaçmağın yollarını axtarmağa kömək edir: “Bu gün Avropada islamofobiya, multikulturalizmin böhranı, Qərblə Şərqin qarşıdurması çox təəssüf ki, artıq bir reallıqdır. Bu yaxınlarda AŞ PA-nın Türkiyəyə qarşı haqsız qərar qəbul etməsi, ayrı-ayrı Avropa ölkələrində məscidlərin yandırılması bir daha göstərir ki, mədəniyyətlərin birgə yaşayış məsələsi XXI əsrin ən aktual məsələlərindən bir olaraq qalır və bunun həlli tapılmalıdır. Azərbaycan paytaxtında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi həm Azərbaycan təcrübəsinin yayılmasına, həm də digər ölkələrdə bu sahədə olan uğurların öyrənilməsinə və ümumiləşdirilməsinə şərait yaradacaq. Əvvəlki illərdə olduğu kimi builki forumun da yüksək səviyyədə keçəcəyinə heç bir şübhə yoxdur”.

Qeyd edək ki, 4-6 may tarixində Bakıda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti