...

Azərbaycan yaşıllaşdırma fəaliyyətinə görə regionun lideridir - Umayra Tağıyeva

Gündəm Materials 1 Dekabr 2023 13:33 (UTC +04:00)
Azərbaycan yaşıllaşdırma fəaliyyətinə görə regionun lideridir - Umayra Tağıyeva
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Dubay. Trend:

Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dünya iqlim fəaliyyəti sammiti öz işinə başlayıb. Bu sammitə 117 ölkənin dövlət və hökumət başçıları qoşulub.

Trend xəbər verir ki, bunu Dubayda COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində jurnalistlərə açıqlamasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının milli əlaqələndiricisi, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də sammitdə iştirak edir.

"Qeyd etmək istərdim ki, İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında (COP28) Azərbaycan öz pavliyonu ilə təmsil olunur.

Pavilyonda iqlim dəyişmələri sahəsində dövlət siyasəti, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması üçün görülən işlər, eyni zamanda, Azərbaycanın emissiyaların azaldılması sahəsində töhfələri haqqında geniş məlumat verilib.

Bildiyiniz kimi, Azərbaycanın emissiyalarda payı 0,15% təşkil edir. Buna baxmayaraq, beynəlxalq səylərə dəstək olaraq Azərbaycan konvensiyanın katibliyinə öz yeni öhdəlikləri haqqında məlumatı təqdim edib. Belə ki, ölkəmiz 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 40% azaldılması barədə öhdəlik götürüb. Eyni zamanda, işğaldan azad edilən ərazilər karbon neytrallığı zonası elan olunub".

U.Tağıyeva qeyd edib ki, iqlim dəyişmələrinə təsirlərin azaldılması üçün dünya təcrübəsində yaşıllaşdırma fəaliyyətinin həyata keçirilməsinin böyük əhəmiyyəti var.

"Azərbaycan yaşıllaşdırma fəaliyyətinə görə regionun lideridir. Tək bu il ərzində 2 milyon müxtəlif cinsli ağaclar əkilib. İlin sonuna qədər bu rəqəmin 3 milyona çatdırılması planlaşdırılır. Bu, gələcəkdə Azərbaycanın karbon emissiyalarının azaldılmasına böyük töhfə olacaq. Ölkəmiz iqlim dəyişikliklərinə həssas olan ölkələrdən biridir.

Son illərin statistik məlumatları onu göstərir ki, ölkəmizin iqlim dəyişikliklərinə həssaslıq indeksi artır. Lakin bu, tək ölkəmiz üçün səciyyəvi deyil. Bütün dünyada təbii fəlakətlər artmaqdadır. Ölkələrin qarşısında duran digər əhəmiyyətli vəzifə erkən xəbərdarlıq sistemlərinin yaradılmasıdır.

Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən 2027-ci ilə qədər "Erkən xəbərdarlıq hər kəs üçün" təşəbbüsü irəli sürülüb. Bu sahədə də Azərbaycan dövlət investisiyaları çərçivəsində əhəmiyyətli işlər görür.

Hidrometeoroloji müşahidə şəbəkəsi ən yeni müşahidə sistemləri ilə təchiz olunur. Erkən xəbərdarlıq sisteminin regional xarakter alması Azərbaycanın məqsədlərindən biridir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti