...

İran-ABŞ tanqosu valsa çevrilir

Siyasət Materials 19 Sentyabr 2013 16:31 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani ABŞ-a səfəri ərəfəsində xarici mediaya ilk müsahibəsini həmin ölkənin NBC telekanalına verərkən bildirib ki, Qərblə nüvə məsələsi üzrə müzakirələrdə hər cür addım atmağa tam səlahiyyəti var.
İran-ABŞ tanqosu valsa çevrilir

Dalğa Xatınoğlu, Trend-in İran xəbərlər xidmətinin rəhbəri

İran Prezidenti Həsən Ruhani ABŞ-a səfəri ərəfəsində xarici mediaya ilk müsahibəsini həmin ölkənin NBC telekanalına verərkən bildirib ki, Qərblə nüvə məsələsi üzrə müzakirələrdə hər cür addım atmağa tam səlahiyyəti var.

Bu birinci dəfədir ki, İranda Prezident ölkənin ən prioritet və strateji məsələsində qərar verməyə tam səlahiyyəti olduğunu dilə gətitir.

İranda xarici siyasət və strateji məsələlər üzrə qərar vermək hüququ konstitusiyanın 110-cu maddəsinə əsasən dini lider Ayətullah Əli Xamneyiyə məxsusdur.

Ə.Xamneyi sentyabrın 17-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) generalları ilə görüşündə elan etmişdi: "Mən diplomatik protokol qaydalarını, etik davranış normalarını, eləcə də illər öncə dediyim "qəhrəmancasına yumşaq siyasət"i hələ də dəstəkləyirəm".

Ayətullah "illər öncə qəhrəmancasına yumşaq siyasət" deyəndə, şiələrin ikinci imamı Həsən ibn Əlinin Müaviyə ilə sülh müqaviləsi bağlamasına dair özünün 44 il öncə (30 yaşında) tərcümə və nəşr etdiyi "İmam Həsənin sülhü" kitabına işarə edir.

Bu birinci dəfədir ki, Ə.Xamneyi ali dini lider vəzifəsinə təyin olunandan Qərbə qarşı "yumşaq siyasət" ifadəsini işlədir. O, həmçinin 17 sentyabr tarixli çıxışında ilk dəfə olaraq "Sepah"dan tələb edib ki, siyasətə qarışmasın.

Sabiq dövlət başçısı Mahmud Əhmədinejadın 8 illik prezidentliyi dövründə "Sepah" həm siyasət, həm də iqtisadi sahədə ölkədə ən güclü quruma çevrildi. Xatırladaq ki, 2009-cu il seçkilərində müxalifət liderləri "Sepah"ı seçkinin nəticəsinə müdaxilə etməkdə günahlandırdılar. "Sepah"ın generalları da dəfələrlə ölkənin daxili və xarici siyasəti ilə bağlı açıq bəyanat vermişdilər. Hətta M.Əhmədinejadın birinci prezidentliyi dövründə 7 nazir, ikinci dövrdə isə 6 nazir (o cümlədən neft naziri) "Sepah" generalı idi.

Görünür ki, həqiqətən də İranın dini lideri H.Ruhaniyə tam səlahiyyət vermək istəyir, eləcə də ölkədə böyük nüfuza malik "Sepah"ı ona maneçilik törətməkdən kəskin çəkindirir.

Son bir ayda İrana qarşı sanksiyalar da xeyli səngiyib. Avropa Məhkəməsi keçən həftə İranın 18 böyük şirkətinə, o cümlədən bir neçə bank və İran Gəmiçilik Şirkətinə qarşı tətbiq edilən sanksiyaları aradan qaldırmaq barədə qərar verdi.

Ötən həftə ABŞ və İran prezidentlərinin ikitərəfli məktublaşması xəbəri də təsdiq olundu. Bundan əvvəl M.Əhmədinejad da Barak Obamaya məktub ünvanlamışdı, lakin Ağ Ev-dən cavab gəlməmişdi, eləcə də B.Obama İranın dini liderinə iki dəfə məktub göndərmiş və cavab almamışdı.

İranın ABŞ-a təqdim etdiyi "zeytun budaqları siyahısı"nda uran ehtiyatlarını yarıya qədər azaltmaq da var. İranın bir neçə ay bundan əvvəl 240 kq 20 faiz zənginləşdirilmiş uran qazı (UF6) ehtiyatı var idi. Beynəlxalq Atom Enerjisi Agentliyinin son statistikasında bu rəqəm 180 kq göstərilir və çərşənbə günü İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, İran uran qazının bir xeyli hissəsini yanacağa çevirib və yalnız 140 kq UF6 ehtiyatı var.

Beləliklə, İran istəsə də, son altı ayadək nüvə silahına kifayət edəcək qədər uran qazı (90 faizlik) istehsal edə bilməyəcək.
İran-ABŞ arasında 34 illik diplomatik küsülülüyə son qoyulacağına - iki addım irəli, üç addım geri qaydası ilə tanqo rəqsinin valsa çevriləcəyinə yeni ümid yaranıb.

Tərəflərin danlışıqlar masası arxasında oturmasının həm regiona, həm də beynəlxalq ictimaiyyətə daha xeyirli və səmərəli olacağı danılmazdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti