...

Rəsmi Bakı "qara siyahı"da xarici KİV nümayəndələrinin sayının çox olmasına aydınlıq gətirdi

Siyasət Materials 7 Sentyabr 2016 11:14 (UTC +04:00)
Biz beynəlxalq media orqanlarının silahlı münaqişə zonası olaraq işğal olunmuş Azərbaycan ərazilərinə səfər etmək kimi peşəkar marağını başa düşürük.
Rəsmi Bakı "qara siyahı"da xarici KİV nümayəndələrinin sayının çox olmasına aydınlıq gətirdi

Bakı. Trend:

"Biz beynəlxalq media orqanlarının silahlı münaqişə zonası olaraq işğal olunmuş Azərbaycan ərazilərinə səfər etmək kimi peşəkar marağını başa düşürük. Amma Azərbaycanın işğal altında olan suveren ərazilərinə səfərlər ölkəmizin qanunlarının tələblərinə və xarici KİV nümayəndələri üçün nəzərdə tutulmuş akkreditasiya qaydalarına uyğun şəkildə həyata keçirilməlidir. Yəni xarici KİV nümayəndələri Xarici İşlər Nazirliyinə müraciət edərək Azərbaycan ərazisində jurnalist fəaliyyətinə icazə verən akkreditasiya kartı almalıdırlar".

Trend xəbər verir ki, bunu "Dailykarabakh" saytına açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) hazırladığı "arzuolunmaz şəxslərin siyahısı"nda xarici KİV nümayəndələrinin sayının çox olmasına münasibət bildirən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, bu istiqamətdə artıq uğurlu təcrübə var: "Belə ki, "Nyu-York Tayms", Polşanın İctimai Televiziyası, Ukraynanın İCTV kanalı, "AlJazeera Arabic", "Euronews" və digər KİV-lərin nümayəndələri məhz Azərbaycanın icazəsi və müvafiq akkreditə kartı ilə işğal olunmuş ərazilərə səfər ediblər. Başqa bir uğurlu təcrübəni də qeyd etmək istərdim. Litvanın Jurnalistlər İttifaqının sədr müavini, “Alkas” internet portalının redaktoru Audrys Antanaitis işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər etmişdi. Bundan sonra o, Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş etdi. Bu şəxsin müraciəti nəzərdən keçirildi və onun adı arzuolunmaz şəxslər siyahısından çıxarıldı. Hətta bu günlərdə “Alkas” internet portalının redaktoru Audrys Antanaitis Azərbaycana və vəziyyətlə yerində tanış olması üçün qoşunların təmas xəttinə səfəri təşkil olundu".

Onun sözlərinə görə, XİN bu sahədə konstruktiv əməkdaşlığa hazırdır: "Biz də istəməzdik ki, xüsusilə bəzi xarici KİV nümayəndələrinin adları bu siyahıda olsun. Amma qanuna və qaydalara hörmət və riayət etmək peşəsindən asılı olmayaraq hər kəsin borcudur. Adının arzuolunmaz şəxslər siyahısından çıxarılması üçün KİV nümayəndələrinin müraciətini nəzərdən keçirməyə hazırıq. Hazırda bu qəbildən olan bir neçə müraciət nəzərdən keçirilir".

Qeyd edək ki, Dailykarabakh-ın öncə apardığı araşdırmaya görə, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının böyük bir qismi media nümayəndələrinin payına düşür. Belə ki, Xarici İşlər Nazirliyinin “qara siyahı"sına 50 ölkədən 529 nəfər daxildir. Onların 160-dan çoxu media nümayəndələridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti