Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda din sahəsində stabil mühit mövcuddur, ölkəmiz konfessiyalar və məzhəblərarası münasibətlərin tənzimlənməsi baxımından nümunəvidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib.
O qeyd edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılması dövlətin milli-mənəvi dəyərlərə olan yüksək münasibətinin bariz nümunəsidir.
E.Nəcəfov ölkədə dini durumla bağlı sabitliyin qorunub-saxlanılması və dini icmalar arasında mövcud tolerantlıq mühitinə kölgə salmağa çalışan mənfi təzahürlərin aradan qaldırılması istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən görülən işləri, xüsusilə respublikanı əhatə edən genişmiqyaslı maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib və bu tədbirlərin ölkədəki dövlət-din münasibətlərinin daha da təkmilləşməsinə öz töhfəsini verdiyini bildirib.
O, ötən ildən başlayaraq təmsil etdiyi şöbənin respublikanın bütün bölgələrində etno-siyasi və dini durumla bağlı keçirdiyi zona müşavirələrinin dini radikalizmə qarşı mübarizə işinə öz müsbət təsirini göstərdiyini bildirib.
Şöbə müdiri eyni zamanda, ölkədə sabitliyin qorunması və baş verə biləcək mənfi halların qarşısının alınması istiqamətində dini radikalizmə qarşı mübarizə, dini maarifləndirmənin genişləndirilməsi, dini-mənəvi dəyərlərin qorunması və inkişafı məqsədilə təbliğatın gücləndirilməsi, dini icmaların fəaliyyətinin dəstəklənməsi, eləcə də bölgədə şöbələrin fəaliyyətinin genişləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb.