Bakı. Trend:
Avropanın enerji təhlükəsizliyinə yaranan təhdidlər qitə ölkələrini alternativ mənbələr axtarmağa vadar edir. Amma hazırki geosiyasi vəziyyətdə Avropa üçün etibarlı tərəfdaş tapmaq çətindir. Çünki bir çox qaz və neft ölkəsi enerji resurslarından iqtisadi və siyasi təzyiq vasitəsi kimi istifadə edir. Bu isə Avropanın enerji təhlükəsizliyinə böyük təhdidlər yaradır.
Amma ölkəmiz Bakı-Tibilisi-Ceyhan, Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP layihələrini uğurla həyata keçirməklə özünü Avropanın enerji bazarında etibarlı tərəfdaş kimi təsdiqləyə bilib.
Bu səbəbdən, Avropa ölkələri Rusiya-Ukrayna müharibəsi fonunda qitəni təhdid edən enerji böhranına görə yenidən etibarlı tərəfdaş olan Azərbaycana üz tuturlar. Bununla da Azərbaycan-Avropa İttifaqı enerji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyub.
Artıq 2022-ci ilin iyul ayından bəri Azərbaycanla-Avropa dövlətləri arasında enerji sahəsində 1 layihənin açılışı olub və 2 müqavilə imzalanıb:
1. İyulun 18-də Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen arasında 2027-ci ilə qədər qitəyə təbii qaz nəqlinin həcminin ən azı iki dəfə artırılması barədə Anlaşma Memorandumu imzalanıb. Həmçinin Azərbaycan Serbiya və Albaniya kimi Balkan ölkələri ilə enerji sektorunda əməkdaşlıqla bağlı danışıqlar aparır;
2. Oktyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib. İnterkonnektor Bolqarıstanda təbii qaz mənbələrinin real şaxələndirilməsi və enerji müstəqilliyinin təmini məqsədi ilə inşa olunub. IGB-nın işə salınması ilə Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövr başladı;
3. Prezident İlham Əliyevin iştirakı ilə dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi keçirilib.
Buxarestdə yaşıl enerji ilə bağlı keçirilən mərasimdə çıxış edən Prezident İlham Əliyev əvvəlcə Azərbaycanın qaz ixracı potensialı barədə danışıb.
Sitat: "Ötən il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil etmişdir, bu il 11,3 milyard kubmetrdir. Növbəti il onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. Gələn il Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün, 2021-ci ildə o, 19 milyard kubmetr təşkil edirdi".
Göründüyü kimi, Azərbaycan Avropanın qaz bazarında sürətlə möhkəmlənir.
Ölkəmizin növbəti hədəfi isə Avropanın bərpaolunan enerji ilə təmin olunmasına töhfə verməkdir. Azərbaycanın bu hədəfə çatmaq üçün də böyük potensialı var.
Prezident Azərbaycanın bərpaolunan enerji sektorundakı potensialından danışarkən deyib ki, quruda külək və günəş enerjisinin həcmi 24 qiqavatdan çoxdur.
Sitat: "Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin 157 qeqavat təşkil edir. Biz ölkəmizin strateji investorlarından biri ilə 2027-ci ilə qədər 3 qeqavat külək və 1 qeqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onun 80 faizi ixrac olunacaq. 2037-ci ilə qədər biz ən azı 6 qeqavatlıq əlavə güc yaratmağı planlaşdırırıq”.
Prezident bildirib ki, Azərbaycan elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir.
Sitat: "Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq. Təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qeqavatlıq yaşıl enerjinin istehsalına investisiya qoymağı planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qeqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq".
Ölkə başçısı bu gün Azərbaycanla Avropa arasında növbəti enerji körpüsünün qurulduğunu, ölkəmizin Gürcüstan Macarıstan, Rumıniyan Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməli olduğunu vurğulayıb.
Ümumilikdə hazırki məqamda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə bərpaolunan enerji ilə töhfə verməsi xüsusilə diqqət çəkir. Çünki hazırda dövlətlər tükənməyən və ekoloji təmiz enerjiyə ciddi maraq göstərməyə başlayıb. Ona görə də indi dünya enerji bazarında o qədər də güclü mövqeyə sahib olmayan bu enerji növünün gələcəkdə hakim olacağı ehtimal edilir.
Bu səbəbdən, Azərbaycanın gələcəyin enerjisi olan yaşıl enerji sektorunda dayanıqlı infrastruktur qurmasını rəsmi Bakının iqtisadi və siyasi qələbəsi hesab etmək olar. Ona görə ki, rəqabətli geosiyasi mühitdə ölkəyə investisiya cəlb etmək böyük diplomatik bacarıq tələb edir.
Həmçinin hazırda bu sektora investisiyanın cəlb olunması üçün sistemli işin aparılmasını uzaqgörən addım kimi qiymətləndirmək lazımdır. Çünki enerji sektorundakı inovasiyaları ilk hansı dövlət mənimsədisə, aparıcı gücə çevrilmək imkanı daha da artır. Məsələn, Azərbaycan 2000-ci illərin əvvəllərində Bakı-Tiblisi-Ceyhan neft, TANAP və TAP qaz kəməri layihələri ilə bu sektora investisiya cəlb etməyi bacardı. Nəticədə dünyada neftə və qaza ehtiyacı olan dövlətlər hazır kəmərlərə sahib olan Azərbaycana müraciət etdi. Bu səbəbdən, ölkəmiz qeyd edilən bazarda təsiredici mövqeyə yüksələ bildi. İndi isə eyni uğurlu ssenari bərpaolunan enerji sektorunda tətbiq olunur.
Bununla da Azərbaycan həm ölkə iqtisadiyyatını gücləndirir, həm daxildə iqtisadiyyatı şaxələndirir, həm də geosiyasi prosesləri öz maraqlarına uyğun şəkildə yönləndirir.