Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Trend xəbər verir ki, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət müzakirə olunub.
Müzakirəyə çıxarılan ilk məsələ sentyabrın 23-də Güney Azərbaycanda öz haqlarını tələb edən soydaşlarımıza İran dövlətinin göstərdiyi münasibət olub. BAXCP İdarə Heyəti İranın ölkədə ən böyük millət olan, öz tarixi ərazilərində yaşayan Azərbaycan türklərinə qarşı antidemokratik basqılarını kəskin şəkildə pisləyib.
İdarə Heyətinin toplantısında BMT Baş Assambleyasının 61-ci sessiyasının müzakirəsinə çıxarılan GUAM ölkələrində dondurulmuş münaqişələrin vəziyyəti ilə bağlı məsələyə baxılıb. BAXCP İdarə Heyəti Gürcüstan prezidenti Mixail Saakaşvilinin postsovet məkanındakı bütün münaqişələrin məhz Rusiya tərəfindən törədilməsi və bu ölkənin problemlərin həllində maraqlı olmamasıyla bağlı fikirlərinin mövcud vəziyyətə ədalətli və düzgün yanaşma olduğunu bildirib.
BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, digər GUAM təmsilçiləri də öz çıxışlarında münaqişələrin həllinə məhz Rusiyanın mane olduğunu birmənalı şəkildə ifadə etməkdən çəkinməməlidirlər.
Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyevin sədri olduğu BAXCP 2001-2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası kimi fəaliyyət göstərib. 2005-ci ildə BAXCP kimi dövlət qeydiyyatından keçib.