...

Rəqqas Azad Hüseynovun gözü yoldadır

Cəmiyyət Materials 6 May 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /müx. TrendLife Safura/

1964-cü ildən 1984-cü ilə qədər Azərbaycan Dövlət Mahnı və rəqs ansanblında fəaliyyət göstərən, 12 il Mədəni Maarif Texnikumunda rəqs üzrə dərs deyən Azad Hüseynov Azərbaycanda ona qarşı olan diqətsizlikdən küsərək İstanbula köçüb. 10 il Türkiyyədə Azərbaycan rəqslərini təmsil və təbliğ edən Azad Hüseynov vətəndən ayrı qala bilmədiyindən yenidən Bakıya qayıdıb. Bu gün rəqsdən xəbəri olmayan, lakin pulu hesabına "mən rəqqasəyəm" deyib, Azərbaycan rəqslərini bərbad vəziyyətə qoyanlar fəxri ad alanda, o, özündən asılı olmayaraq həyəcanlanır. "Bəlkə məni də yad etdilər"- deyə, ekrandan səslənən adlara qulaq verir. Kim bilir, bəlkə Azad Hüseynova əsl qiyməti özü demişkən, ölümündən sonra verəcəklər...

-Mən artıq çoxdan Bakıdayam. Vətəndən ayrı qala bilmədim. Qərib ölkə nə qədər yaxşı olsa da, Azərbaycanın yerini vermir. Amma bura qayıtdığıma da peşimanam. Mən Əlibaba Abdullayev və Əminə Dilbazi kimi sənətkarlardan dərs almışam. Gəlib nə görsəm yaxşıdır, bu gün özfəaliyyətdə işləyən müəllimlərin 90 faizi toylarda oynayanlardır. Onları rəqqas və rəqqasə adlandırmağa dilim gəlmir. Bu "rəqqasların" Azərbaycan rəqslərindən xəbəri yoxdur.

-Azad müəllim, deyirlər toy məktəbdir, rəqqasələrimiz də əvvəlcə bu məktəbi keçirlər. Sizin fikrinizcə, toy rəqs məktəbi ola bilərmi?

-Toy elə toydur. Toyda gözəl oynayanda hamı baxır. Bəzən el şənliklərində elə rəqqas və rəqqasələrə rast gəlirsən ki, adam onların xarici görünüşündən qorxur. Biri alçaqboylu, bir başqası həddindən artıq hündür. Sifətlərində mahnı duyumu yox, hissiyyat yox. Quru-quru gəlirlər, əl-qol atıb gedirlər. Məgər bu rəqsdir? Bu gün respublikamızda muğamlarımıza diqqətin artması çox ürəyimizcədir, lakin xalq rəqslərimiz diqqətsiz qalıb. İndi "Qoçəli"ni qadınlar oynayır, "Naz eləmə"ni oynayanlar onun tarixindən xəbərsizdirlər. Yaxşı, məktəb keçmirlər, heç olmasa kitab oxusunlar. Axı, rəqs tarixini özündə əks etdirən kitablar var. Özünü rəqqasə adlandıranlar bu sənət ilə pul qazanırlar, fəxri ad alırlar.

-Azad müəllim, sizin fəxri adınız var? Yəqin çoxdan xalq artistisiniz?

-Nə danışırsınız. Bu yaxınlarda məni görən tanınmış aktrisalardan biri soruşub ki, Azad yəqin xalq artistidir. Yanındakı utandığından bunu təsdiqləyib. Mən xalqın artistiyəm. İllər boyu bu xalqa xidmət etmişəm. Azərbaycan rəqslərini dünyada tanıtdırmışam. Elə bir konsert olmayıb ki, Azad Hüseynov orada çıxış etməsin. "Qaytağı"nı bir konsertdə 5 dəfə təkrar oynamışam, "Naz eləmə"ni 3 dəfə təkrar oynamağa məni məcbur ediblər. Tamaşaçı alqışları indi də qulaqlarımdadır. Fəxri ada gəlincə, o vaxtlar fəxri adı ya ölənə yaxın, ya da öləndən sonra verirdilər. Mən 20 il səhnədə olmuşam, 12 il rəqsdən dərs demişəm. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansanblına iki il rəhbərlik də etmişəm. Amma nə olsun, heç kim qiymət verməyib. Mən Türkiyədən qayıdandan sonra İncəsənət Gimnaziyasında düz 5 ay pulsuz işləmişəm.

-Bəs necə oldu ki, İncəsənət Gimnaziyasına işə düzəldiniz?

-Bir müəllim yoldaş var-Böyükağa Qurbanov, sağ olsun, məsləhət gördü ki, bir rəqs qurum, bəlkə məni ondan sonra tanıyalar. Mən kiməm, rəqqas Azad Hüseynov. "Çobanlar" rəqsini qurdum. Milli Konservatoriyanın direktoru Səyavuş Kərimi mənim tələbələrimin bu rəqsini səhnədə görərək, müəllimin kim olduğunu soruşub, ona deyiblər ki, bu müəllim havayı işləyir. Elə həmin vaxtdan Səyavuş Kərimi məni işə götürdü. Mən yaxşı insanlara həmişə minnətdaram.

-Azad müəllim, bugünkü rəqslər əvvəlkilərdən nə ilə fərqlənir?

- Əlibaba müəllimin qurduğu rəqslərdə məna var idi. İndi rəngbərəng paltarlar geyinərək, mənasız mahnılarla mənasız rəqs edirlər. Əvvəlcə musiqi xoşa gəlməlidir, sonra rəqs. 60-cı illərdə özfəaliyyət kollektivlərində olanlar bu gün yoxdur. Uca boylu, gözəl qamətli gənclər indi hanı? Rəqs edənlərin ya boyu balacadır, ya ayaq ölçüsü qadına uyğun deyil. O vaxtlar bizim konsertlərə bilet tapılmırdı. İndi konsertlər dəvətnamə ilə olur, amma bu yolla da zal dolmur. Mən şikayət etmirəm. O vaxt hara, indi hara. Deyirlər zaman dəyişib, texnika əsridir. Rəqsə nə texnika.

-Yəqin siz də fəxri ad almaq istərdiniz?

-Mən ad almamışam, nə olsun. Qızılı qara torpaq örtsə də, yenə qızıldır. Bu gün toylarda rəqqasəlik edənlər əməkdar artist adını alır. Mən rəqsin vurğunuyam, dəlisiyəm, bu işin hambalıyam. Təəssüf ki, bu günə qədər əkdiyim ağacın bəhrəsini görməmişəm.

Xəbər lenti

Xəbər lenti