...

Azərbaycan məhkəmələrində elektron məlumat bazası yaradılacaq

Cəmiyyət Materials 5 İyul 2008 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Məhkəmə Hakimlərinin İctimai Birliyi Beynəlxalq Hakimlər Assosiasiyasının Ermənistanda keçirilən toplantısına dəvət olunub.

Trend -un məlumatına görə, bu barədə İctimai Birliyin şənbə günü keçirilən toplantısında təşkilatın sədi Ələddin Cəfərov məlumat verib.

Birliyin sədri bildirib ki, rəhbəri olduğu təşkilat Beynəlxalq Hakimlər Assosiasiyasına üzv olmaq üşün 2006-cı ildə quruma müraciət etsə də, onlara bu il cavab verilib.

Cəfərovun sözlərinə görə, Beynəlxalq Hakimlər Assosiasiyasının sentyabrın 7-11-də keçiriləcək iclasına Azərbaycan Məhkəmə Hakimlərinin İctimai Birliyi müşahidəçi qismində dəvət olunub. Toplantı iştirakçıları İctimai Birliyin bu tədbirdə iştirakını məqsədəuyğun hesab etməyiblər.

Özündə 73 ölkənin hakimlərinin birliklərini birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası üzvlərinin 34-ü Avropa ölkələridir.

Birliyin sədri təşkilatın son birillik fəaliyyəti və gördüyü işlər barədə hesabat verib.

O qeyd edib ki, Birliyin internet saytı hazırlanır və yaxın günlərdə vebsayt istifadəyə veriləcək.

Toplantıda Azərbaycan Məhkəmə Hakimlərinin İctimai Birliyinin İdarə Heyəti üzvlərinin sayının artırılması, yeni tərkibin və sədrin seçilməsi məsələsi də müzakirə olunub.

İdarə Heyətinin üzvlərinin sayı 9-a çatdırılıb və Bakının Yasamal rayon məhkəməsinin sədri Cəfərov açıq səsvermə ilə Birliyə yenidən sədr seçilib.

Toplantıda həmçinin İnzibati-Prosessual Məcəllənin layihəsinə əlavələrlə bağlı təkliflərin hazırlanması üçün İctimai Birlik üzvlərinin iştirakı ilə İşçi Qrupun yaradılması barədə qərar qəbul edilib. İşçi Qrup layihəyə əlavələrlə bağlı təklifləri öyrənərək yekun layihə şəklində Məhkəmə-Hüquq Şurasına təqdim edəcək.

İctimai Birliyin toplantısında məhkəmələrdə elektron məlumat bazasının yaradılması ilə bağlı proqramın tətbiqi vacib sayılıb.

Qeyd edilib ki, əksər məhkəmələrdə hazırda sovet dövründən qalmış qeydiyyat sistemi tətbiq olunur.

Yeni tətbiq olunacaq proqram məhkəmələrdə hər bir hakimin icraatında olan işlər, onların qeydiyyatı, qərarlardan verilən şikayətlər barədə məlumatları bir bazada toplamağa imkan yaradacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti