...

Bakıda 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısı keçiriləcək (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2013 10:36 (UTC +04:00)
Bankın Rəhbərlər Şurasının 2015-ci ildə Bakıda keçiriləcək illik toplantısına bankın 67 üzv ölkələrindən nazirlər və yüksək vəzifəli hökumət rəsmiləri, biznes liderləri, beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyəti nümayəndələri, media təmsilçiləri olmaqla 4 mindən çox qonağın gəlməsi gözlənilir.
Bakıda 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısı keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İzzət/

Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Bakıda keçiriləcək illik toplantısına bankın 67 üzv ölkələrindən nazirlər və yüksək vəzifəli hökumət rəsmiləri, biznes liderləri, beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyəti nümayəndələri, media təmsilçiləri olmaqla 4 mindən çox qonağın gəlməsi gözlənilir.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Filippin Respublikasının paytaxtı Manila şəhərinə işgüzar səfəri çərçivəsində fevralın 19-da Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycan hökuməti arasında Bankın Rəhbərlər Şurasının Bakı şəhərində 48-ci illik iclasının keçirilməsinə dair anlaşma memorandumu imzalanıb. Razılaşma Azərbaycan Respublikası hökuməti və Asiya İnkişaf Bankı arasında 3-5 may 2015-ci il tarixində Bakı şəhərində AİB-nin Rəhbərlər Şurasının illik toplantısının keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

Səfər zamanı Şərifov Rəhbərlər Şurasının illik iclasına hazırlıq və təşkilati işlərlə yanaşı, AİB ilə Azərbaycan hökuməti arasındakı ikitərəfli əməkdaşlıqla bağlı bankın yüksək səviyyəli rəsmiləri ilə müzakirələr aparıb.

Azərbaycan nümayəndə heyəti ilə görüşdə AİB prezidenti Haruhiko Kuroda bildirib ki, bankın səhmdarlarından olan Azərbaycan AİB-nın fəal iştirakçılarından biridir və dinamik inkişaf edən iqtisadiyyatı ilə regionun gələcək tərəqqisində aparıcı rol oynayır. Prezident Kuroda Bakı şəhərinin Bankın Rəhbərlər Şurasının 48-ci illik iclasına layiqincə ev sahibliyi edərək AİB-nin etibarlı tərəfdaşı olduğunu bir daha sübut edəcəyinə əminliyini ifadə edib. Qeyd olunub ki, illik toplantı keçirilən ölkəyə bankın 67 üzv ölkələrindən nazirlər və yüksək vəzifəli hökumət rəsmiləri, biznes liderləri, beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyəti nümayəndələri, media təmsilçiləri olmaqla 4 mindən çox qonaq gəlir.

Maliyyə naziri Azərbaycan Respublikasının AİB ilə əməkdaşılğa böyük əhəmiyyət verdiyini və Prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilən bu səfər zamanı mövcud əlaqələrin daha da genişləndirilməsinin əsas vəzifə kimi qarşıya qoyulduğunu bildirib. Nazir AİB-nın Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək illik iclasının yüksək səviyyədə təşkil olunacağını və Azərbaycan hökumətinin ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini diqqətə çatdırıb. Nazir ölkənin bu sahədəki təcrübəsinin, cari iqtisadi vəziyyətin, siyasi sabitliyin, eyni zamanda Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastrukturun bu cür əhəmiyyətli tədbirləri keçirməyə imkan verdiyini vurğulayıb.

Səfər çərçivəsində Samir Şərifov AİB-nın vitse-prezidentləri Xiaoyu Zhao və Lakshmi Venkatachalam, baş katib Robert Douson və Bankın Avstraliyalı İcraçı direktoru Riçard Sisson ilə işgüzar görüşlər keçirib. Tərəflər arasında Bakı iclasına hazırlıq, bankın Azərbaycanda maliyyələşdirdiyi nəqliyyat, enerji, infrastruktur, su-kanalizasiya təchizatı və digər layihələrinin icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri, qarşılıqlı təcrübə mübadiləsi, habelə özəl sektorda layihələrin maliyyələşdirilməsinin icra vəziyyəti, regional inkişaf və digər məsələlər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, AİB Dünya Bankından sonra ən böyük inkişaf yönümlü dövlətlətarası bankdır. 1966-cı ildə yaradılan və baş qərargahı Filippin Respublikasının paytaxtı Manila şəhərində yerləşən AİB-nın Azərbaycan da daxil olmaqla 67 üzvü var. Azərbaycan Respublikası AİB-na 22 dekabr 1999-cu ildə üzv qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti