...

"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın monitorinqi əsasında hazırlanmış hesabat təqdim edilib

Cəmiyyət Materials 29 Noyabr 2013 12:31 (UTC +04:00)
Trend xəbər verir ki, monitorinq ABŞ-ın USAİD fondu tərəfindən maliyyələşdirilib.
"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın monitorinqi əsasında hazırlanmış hesabat təqdim edilib

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Bu gün "Azərbaycan Şəffaflıq Tərəfdaşlığı" layihəsi çərçivəsində "Konstitusiya" Araşdırmalar Fondunun "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın monitorinqi əsasında hazırlanmış hesabatının təqdimatı keçirilib.

Trend xəbər verir ki, monitorinq ABŞ-ın USAİD fondu tərəfindən maliyyələşdirilib.

Monitorinqin hazırlanmasında 73 mənbəyə istinad edilib. Monitorinq 4 il ərzində davam etdiriləcək.

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, bu günədək ümumilikdə MFP-nin 34 faizi icra edilib.

Onun sözlərinə görə, bir qurumun məsul olduğu işlərin icra faizi bir neçə qurumun məsul olduğu işlərin icrasına nisbətən daha yüksəkdir. Ona görə də, dövlət qurumları arasında əlaqələndirmə və məlumatlandırma işləri gücləndirilməlidir.

"Şəffaflıq Azərbaycan" Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin sədri Rəna Səfərəliyeva bildirib ki, bu sahədə araşdırmalar davam etdiriləcək və dövlət qurumlarına təqdim edilməsi üçün müvafiq təklif və tövsiyələr hazırlanacaq.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının katibi Vüsal Hüseynov bildirib ki, MFP-nin icrasının tam sona yetməsinə hələ xeyli vaxt qaldığı nəzərə alınsa, 34 faiz çox yaxşı göstərici kimi qəbul edilməlidir. O, ümumilikdə belə bir hesabatın hazırlanmasını müsbət hal kimi dəyərləndirib və hazırlanan sənədin Komissiyanın işi üçün də faydalı olacağını deyib.

Monitorinqin nəticələrini elan edən Fondun eksperti Zaur İbrahimli qeyd edib ki, monitorinq 2012-ci ilin sentyabrından 2013-cü ilin sentyabrınadək olan dövrü əhatə edir. Onun sözlərinə görə, bu müddətdə Planın icrası ilə bağlı ləngimələr və çatışmazlıqlarla yanaşı, irəliləyişlər və mübət məqamlar da var. Belə ki, müəllim və həkimlərin mərkəzləşdirilmiş qaydada test və müsahibə yolu ilə işə götürülməsi, vakant yerlər barədə əvvəlcədən sayt və mətbu orqanlarda məlumat verilməsi müsbət məqamdır.

Həmçinin vətəndaşların qəbulu ilə bağlı elektron kargüzarlığın təşkili, etik davranış qaydaları ilə bağlı hesabatın verilməsi, sahibkarlıq subyektlərində yoxlamaların vahid reyestrinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar əhəmiyyətli irəliləyişlər kimi dəyərləndirilə bilər. Eyni zamanda, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsinin 3-cü oxunuşda təsdiqlənməsi sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilməlidir. Bundan əlavə, hüquqi aktların layihələrinin antikorrupsiya ekspertizasından keçirilməsi qaydalarının hazırlanması istiqamətində irəliləyişin olması təqdirəlayiqdir.

Eləcə də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən yarımillik və illik hesabatların açıqlanması, "161 - qaynar xətt"in işinin təkmilləşdirilməsi ilə bağlı görülən işlər müsbət
xarakterizə edilir.

Monitorinqin nəticələri əsasında bir sıra tövsiyələr də hazırlanıb.

Tədbirdə dövlət qurumlarının, xarici ölkə səfirliklərinin, yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti