...

Dövlət Komitəsi: Ayrı-ayrı dini etiqadların başqa məqsədlərə xidmət etməsinin qarşısı alınmalıdır

Cəmiyyət Materials 13 May 2014 12:17 (UTC +04:00)
İdeoloji sahədə qalib gəlmədən heç bir sahədə qalib gəlmək mümkün olmaz. Bu ideoloji mübarizə bütün sahələrdə getməlidir. Bizim ruhani davamçılarımızın olması vacibdir.
Dövlət Komitəsi: Ayrı-ayrı dini etiqadların başqa məqsədlərə xidmət etməsinin qarşısı alınmalıdır

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/

"İdeoloji sahədə qalib gəlmədən heç bir sahədə qalib gəlmək mümkün olmaz. Bu ideoloji mübarizə bütün sahələrdə getməlidir. Bizim ruhani davamçılarımızın olması vacibdir. Buna ulu öndər Heydər Əliyev də hər zaman önəm verib". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün keçirilən təkmilləşdirmə kursunun açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı (Aran) deyib.

Səyyad Aran qeyd edib ki, gənclərimiz düzgün yolda olmasa, uğur əldə edə bilmərik: "Ulu öndər Heydər Əliyev də deyib ki, gənclərimiz dini olduğu kimi öyrənməlidir. Biz heç vaxt imkan verə bilmərik ki, ayrı-ayrı qüvvələr islam adı altında gənclərimizi zədələsinlər".

Komitə sədrinin 1-ci müavini ayrı-ayrı dini etiqadların başqa məqsədlərə xidmət etməsinin qarşısının alınmasının vacibdliyini qeyd edib: "Ayrı-ayrı dini etiqadlara hörmət edirik və onların dini mərasimlərini, ayinlərimizi yerinə yetirməsinə heç bir etirazımız yoxdur. Buna Konstitusiya da icazə verir. Amma ayrı-ayrı dini etiqadların başqa məqsədlərə xidmət etməsinin qarşısını almalıyıq. Buna görə də din xadimlərinə verilən kurs çox önəmlidir".

S.Aran deyib ki, bu gün ayrı-ayrı qruplar gənclərə fanatizm ruhu aşılamaq istəyirlər: "Bu gün cəmiyyətimizdə baş verən hadisələrə baxaq: Suriyada cavan həyatını heç nədən məhv edən insanlara təsir edirlər ki, bu yola getsinlər. Biz heç kəsin dini etiqadına, dəstəklədiyi hansısa dini istiqamətin ayinlərini yerinə yetirməsinə etiraz etmirik. Bu, Konstitusiyada da əksini tapıb. Lakin qanunvericiliyə görə heç kəs başqasını şirnikləndirməklə zorla təsir altına sala bilməz. İnanıram ki, bu kurs insanların intellektual səviyyəsinin artması istiqamətində səmərəli olacaq. Kənarda iki fərqli təriqət daşıyıcısının dialoqunda kim daha intellektualdırsa, cəmiyyətdə o rəğbətlə qarşılanacaq. Biz intellektual olmalıyıq ki, həmişə qalib olaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti