...

Milli Televiziya və Radio Şurasının fəaliyyəti tənqid edildi

Cəmiyyət Materials 28 Noyabr 2014 13:50 (UTC +04:00)
"Televiziyalar Azərbaycan xalqının mənəviyyatının altına bomba qoyurlar".
Milli Televiziya və Radio Şurasının fəaliyyəti tənqid edildi

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İlkin İzzət/

"Televiziyalar Azərbaycan xalqının mənəviyyatının altına bomba qoyurlar". Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Aran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda keçirilən konfransda deyib.

Komitə sədrinin müavini Azərbaycanda bəzi telekanalların fəaliyyətini sərt tənqid edərək onları reytinq dalınca qaçmamağa, dövlətin, xalqın maraqlarını qorumağa çağırıb: "Azərbaycan telekanallarındakı bəzi tok-şoular, verilişlər Azərbaycan xalqının mənəviyyatının altına qoyulmuş bombadır".

S.Aranın fikrincə, telekanalların xüsusilə cəmiyyətin əsasını təşkil edən ailə məsələlərində eybəcərlikləri qabartması çox təhlükəli tendensiyadır: "Ailələrdə kəskin şəkildə deqradasiya gedir. Belə hallara qarşı mübarizə aparılmalı, mili-mənəvi dəyərlərimiz qorunmalıdır".

O, qeyd edib ki, telekanalların cəmiyyətə guya ağıl vermək üçün dəvət etdikləri insanların özlərinin əxlaqı böyük sual doğurur: "Bəzən telekanallarda tok-şoulara, verilişlərə ekspert kimi dəvət olunanlar ərindən boşanmış, hətta bir neçə dəfə boşanmış qadınlar olur. O telekanallar, prodüserlər kimi, nəyi təbliğ edirlər? Cəmiyyət bu insanları guya tanımır? Nə qədər paradoksal görünsə də, bu verilişlərin bölgələrdə daha çox tamaşaçı auditoriyası var".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə deyib ki, bu cür tok-şouları səviyyəli, işini bilən aparıcılar aparmalıdır. Onun fikrincə, ictimaiyyət də bu məsələyə öz münasibətini sərt şəkildə ortaya qoymalıdır.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Flora Xəlilzadə isə çıxışında televiziyalarda bu kimi problemlərlə bağlı bir sıra nümunələr gətirərək Milli Televiziya və Radio Şurasını sərt tənqid edib: "Milli Televiziya və Radio Şurasına deyirik, Şuradan bildirirlər ki, bizim qarışmağa ixtiyarımız yoxdur. Onda bəs niyə yaranmısan? Necə olur ki, ölkədə bir yumurta oğurlayan şəxs 3 il həbs olunur, amma cəmiyyətin mənəviyyatını, əxlaqını korlayanlar, yaramazlar cəzasız qalırlar?!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti