...

Azərbaycanda çox yaşayan insanların sirlərinin yeni üsulla öyrənilməsinə başlanıldı

Cəmiyyət Materials 3 Mart 2015 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda uzunömürlülüyün (yaşı 90-ı ötmüş şəxslər uzunömürlü hesab edilirlər) öyrənilməsi sahəsində yeni istiqamət üzrə araşdırmalara başlanılıb.

Əvvəlki araşdırmalardan fərqli olaraq, bu dəfə tədqiqat yalnız uzunömürlülər arasında deyil, həm də onların yaxın qohumları və təsadüfi seçmə qruplar arasında aparılacaq. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova deyib.

Onun sözlərinə görə, bu tədqiqat Ukraynanın Herontoloji Mərkəzinin çox yüksək səviyyəli mütəxəssisləri ilə birgə iki il ərzində aparılacaq. Artıq tədqiqata cəlb edilən qruplar müəyyən edilib. Tədqiqata cəlb edilən təsadüfi seçmə şəxslərin uzunömürlülərlə heç bir qohumluq əlaqəsi olmayacaq. Layihə mərhələli şəkildə icra ediləcək. May-iyul ayına qədər layihənin ilk mərhələsi, iyuldan sonra isə növbəti mərhələ həyata keçiriləcək. Tədqiqatlar Azərbaycanda uzunömürlülərin çox yaşadığı Lənkəran rayonunda aparılacaq: "Lənkəranda 2012-ci ildə də tədqiqatlar aparılıb. Ötən illərə nisbətən 2014-cü ildə Lənkəranda uzunömürlülərin sayı daha da artıb. Azərbaycanda uzunömürlülər daha çox Lənkəranda olduğundan tədqiqat yeri kimi həmin ərazi seçilib".

Uzunömürlülərlə bağlı araşdırmaların aparılmasının institutun elmi prioritet istiqamətlərindən biri olduğunu deyən alimin sözlərinə görə, tədqiqatlar zamanı uzunömürlü şəxslərdən qan analizləri alınacaq, tibbi tədqiqatlar aparılmaqla onların sağlamlıq durumu öyrəniləcək. Uzunömürlülüyə səbəb olan iki əsas faktor - həm genetik - nəsildən nəsilə keçən uzunömürlülük, həm də müsbət ekoloji təsirlər nəticəsində yaranan uzunömürlülük araşdırılacaq. Tədqiqat nəticəsində qocalmaya, eyni zamanda, vaxtından əvvəl qocalmaya səbəb olan amillər üzə çıxarılacaq.

S.Hüseynova bildirib ki, bu tədqiqatın nəticəsi həm uzunömürlülüyün mexanizmlərinin açılmasında, həm də təbabətdə istifadə oluna bilər.

İnstitut rəsmisinin sözlərinə görə, Azərbaycandakı uzunömürlü şəxslərin konkret sayını demək mümkün deyil. Çünki bunun üçün onların yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılmalıdır.

S.Hüseynova bildirib ki, indiyədək aparılan tədqiqatlar Azərbaycanın cənub bölgəsində - Lənkəran, Lerik və Astarada uzunömürlülər arasında kişilərin sayının daha çox olduğunu göstərib: "Ümumiyyətlə, belə qəbul olunub ki, uzunömürlülər arasında qadınların sayı daha çox olur. Ancaq cənub bölgəsində uzunömürlülər arasında kişilərin sayı daha çoxdur. Bu, yəqin ki, həmin ərazinin adət-ənənəsi ilə bağlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti