...

Səyyad Aran: "Yehova şahidləri" Azərbaycanın ermənilərə qarşı silah işlətməməsini təbliğ edir

Cəmiyyət Materials 30 Sentyabr 2015 15:10 (UTC +04:00)
"Yehova şahidləri" dini moizələrində Azərbaycanın ermənilərə qarşı silah işlətməməsini təbliğ edir.
Səyyad Aran: "Yehova şahidləri" Azərbaycanın ermənilərə qarşı silah işlətməməsini təbliğ edir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Elmir Murad/

"Yehova şahidləri" dini moizələrində Azərbaycanın ermənilərə qarşı silah işlətməməsini təbliğ edir. Bunu Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Aran deyib.

Onun sözlərinə görə, sözügedən təriqətin ideologiyası Azərbaycanın siyasətinə uyğun deyil. S.Aran qeyd edib ki, komitə qanun çərçivəsində "Yehova şahidləri"nin Azərbaycanda geniş fəaliyyət göstərməsinə imkan vermir: "Azərbaycanda bir sıra qüvvələr var ki, biz onların ümumiyyətlə nə dini ideologiyasını, nə də dini xəttini qəbul etmirik. Məsələn, "Yehova şahidləri". Onların irəli sürdüyü ən başlıca müddəalardan biri budur ki, insan silah götürməməldir və onu başqa birinə tərəf tuşlayıb öldürməməlidir. Azərbaycan müharibə vəziyyətindədir. Belə bir ideologiya bizə lazımdırmı? Əlbəttə yox. Bu ideologiya bizim ümumiyyətlə, vətənpərvərlik duyğularımıza, hisslərimizə mənfi təsir göstərir".

Komitə sədrinin müavini qeyd edib ki, bu cür ideologiyalara qarşı ciddi mübarizə aparılır: "Azərbaycanda müxtəlif dini cərəyanların nümayəndələri var. Azərbaycan Konstitusiyasının 18 və 48-ci maddələrinə əsasən hər bir insan öz əqidəsi etibarı ilə azaddır. Həmçinin, dini etiqad azadlığı haqqında qanunun birinci maddəsinə görə, hər bir Azərbaycan vətəndaşı tək və ya toplum halında hər hansı bir dinə etiqad edə bilər. Ancaq bu əks təbliğata səbəb olmamalıdır. Bu məsələlər qanunla tənzimlənir. Komitə tərəfindən qanuna zidd cərəyanlara qarşı mübarizə aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti