...

Müsəlmanın sonrakı ağlı...

Cəmiyyət Materials 9 Noyabr 2015 19:30 (UTC +04:00)

Elmir Murad - Trend:

Açığını deyim ki, dini savadım yoxdur. Amma bu o demək deyil ki, nadan və savadsızam. Hətta din pərdəsi adı altında Suriyaya aparılanlardan, sonradan peşman olanlardan qat-qat savadlı olduğumu iddia edirəm.

Ona görə əminliklə iddia edirəm ki, məni heç kəs "Gəl bizə qoşul cihad edək", "Kafirləri birlikdə məhv edək" kimi çağırışlarla cəlb edə bilməz. Amma təəssüf ki, belə fikirlərlə bir çox gənclərin beyinlərini doldurublar. Din pərdəsi adı altında Suriyaya cihad etməyə gedənlərin bir çoxu bir müddət sonra çox peşman olaraq geri qayıdır. Peşmançılıq isə fayda vermir. Əvəzində azadlıqları əllərindən alır. Suriyada hökumət əleyhinə İŞİD və "Cəbhət ən-Nüsra" tərkibində döyüşənlər geri qayıdanda Azərbaycan qanunları qarşısında cavab verməli olurlar. Mətbuatda Suriyada döyüşüb Azərbaycana qayıdanların məhkəməsi haqqında az yazı oxumamışam. Əksəriyyəti ifadəsində İŞİD qüvvələrinin əlindən çətinliklə, həyatları bahasına qaçıb yaxa qurtardıqlarını bildirir.

Buna baxmayaraq, bir neçə gün öncə Sabunçu rayonu ərazisində bir qrup şəxsin qanunsuz aksiya keçirmək cəhdi göstərdi ki, radikal islamçılar din uğrunda mübarizə apardıqlarını iddia etsələr də, əsas məqsədləri Azərbaycanı daxildən sarsıtmaq, təxribatlar törətməkdir. Əgər belə olmasaydı, aksiyada siyasi çağırışlar səsləndirməz, öz çirkin niyyətlərini ifşa etməzdilər.

Mən demirəm ki, gənclərimiz dini savad almasın, namaz qılmasın, ibadət etməsin. Mən deyirəm ki, dini savadınızı daha yaxşı işlər üçün istifadə edin. Məsələn, pis yolda olan cavanlara məsləhətlər verin, onları yaxşı istiqamətə çəkin, onlara dini savadla yanaşı, dövləti, vətəni sevməyi öyrədin. Cihadla yox, Suriyada yox, Dağlıq Qarabağda Azərbaycan uğrunda canlarından keçməli olduqlarını öyrədin.

Bəlkə də dini savadı olmayan birinin bunları yazmasını qınayırsınız. Dini savadım olmasa da, sonradan peşman ola biləcəyim hərəkətlər etmirəm. İslam dinini, Azərbaycanı, vətəni sevməyin nə olduğunu bilirəm. Ən əsası, ailəmi - valideynlərimi, bacımı, qardaşımı nigaran, gözüyaşlı qoymuram. Yaxınlarımın, qohumlarımın başını aşağı edəcək addımlar atmıram.

Gəlin, sonradan peşman olmayaq deyə, atdığımız addımları əvvəlcədən götür-qoy edək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti