Bakı. Elçin Mehdiyev – Trend:
“Dindən sui-istifadə cəhdləri var. Dini siyasiləşdirmək cəhdləri var. Eyni zamanda, müxtəlif dinlərin daxilində ayrı-ayrı cərəyanlar meydana gəlib, xüsusən İslam dini daxilində bu cərəyanların hansısa qolları Azərbaycana da gəlib çıxıb”.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycan mediasında bəzən yanlış olaraq bu cərəyanları bir-birinə qarışdırırlar və bəzən görürsən ki, bu cərəyanlarla əlaqədar yazılar yazarkən yerli-yersiz burada hansısa şəxsləri lider səviyyəsinə qaldırırlar:
“Biz mediaya bildirmək istəyirik ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Bu gün Azərbaycan çoxkonfessiyalı ölkədir. Azərbaycanda ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycanda bizim qarşımızda iki mühüm vəzifə dayanıb. Birincisi, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək və burada medianın rolunu artırmaq, ikincisi, dini xurafata qarşı mübarizə aparmaq. Dini xurafata qarşı tarixən bizim klassiklərimiz öz əsərlərində mübarizə aparıblar. Jurnalistlərimiz müxtəlif səviyyələrdə tədqiqat işləri aparıblar”.
Komitə sədri bildirib ki, bu gün də bu mübarizəyə böyük ehtiyac var: “Xurafat bu gün də mövcuddur. Cahillik də mövcuddur. Dini xurafatdan da sui-istifadə edirlər. Dini xurafatla dini radikalizm 1 medalın 2 üzüdür. Bunların hər ikisinə qarşı mübarizə getməlidir və burada medianın özünəməxsus yeri və rolu var”.