Bakı. Trend:
Azərbaycanda vətəndaşlar arasında vahimə yaradan terrorçuluq əməllərini öncədən zərərsizləşdirmək və ölkə daxilində sabitliyin pozulmasına yönələn təhlükəli əməlləri əngəlləmək üçün kifayət qədər hüquqi baza və onu nəzarət altına alan dövlət orqanları var. Lakin bu kimi mənfi hallara qarşı effektiv mübarizə metodu kimi maarifləndirmə işi genişləndirilməlidir.
Trend-in məlumatına görə, bunu Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov bildirib.
Gənclərin dini radikalizmə qarşı mübarizədəki rolunu önə çəkən H.Şikarov vurğulayıb ki, hazırda ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin qorunmasında, dini radikalizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı vətəndaşlar, xüsusilə də gənclər fəal iştirak etməlidirlər.
“Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda təşkil edilən tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Pirallahı ərazi bölməsinin məsul əməkdaşı Fuad Cəfərov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Aslan Sultanov da xüsusi olaraq qeyd ediblər ki, ölkəmizdə dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində genişmiqyaslı və çoxşaxəli fəaliyyət həyata keçirilir. Azərbaycan beynəlxalq müstəvidə də İslam həmrəyliyinin müdafiəçisi kimi humanist mövqe nümayiş etdirir.
Toplantıda şagirdlərin sualları cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.