...

Dini ekstremizmin təzahür formaları və ona qarşı mübarizə müzakirə edilib

Cəmiyyət Materials 2 Avqust 2018 18:30 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Dövlət Sərhəd Xidməti (DSX) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə Tədbirlər Planına uyğun olaraq DSX-nın Sahil Mühafizəsində “Dini ekstremizmin təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, zabit və sərhədçilərin iştirak etdiyi tədbirdə ilk öncə DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub.

Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov əsası ulu öndər tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə əlaqədar hökümətin həyata keçirdiyi tədbirlərin müsbət nəticələrindən, gənclər arasında aparılan maarifləndirmə işinin effektivliyinin artırılmasından danışıb.

S.Heydərov onu da bildirib ki, “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən din xadimlərinə maddi dəstəyin göstərilməsi, eləcə də din sahəsində milli kadrların hazırlanması məqsədi ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bu istiqamətdə görülmüş müsbət işlərin bariz nümunəsidir.

Natiq eyni zamanda deyib ki, hərbi vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərin özünəməxsus rolu var. Dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu vurğulayan S.Heydərov DQİDK-nın bu istiqamətdə müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini, hüquqi və ideoloji müstəvidə mübarizə aparıldığını diqqətə çatdırıb.

O, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələrində bu cür tədbirlərin mütəmadi keçirildiyini qeyd edib.

Sədr müavini onu da deyib ki, bəzi xarici qüvvələr İslam dinindən siyasi və iqtisadi maraqlar naminə alət kimi istifadə edirlər və Yaxın Şərqdə baş verən proseslər bunun nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ictimai-siyasi sabitliyin mövcud olduğunu bildirən S.Heydərov xarici dairələr tərəfindən Azərbaycanda mövcud sabitliyi pozmaq cəhdlərinin olduğunu deyib.

Sədr müavini gəncləri yad ideyalardan qorunmaları üçün müvafiq icazəsi olmayan ədəbiyyatlardan istifadə etməməyə çağırıb.

“Şəhadət” sənədli filminin əhəmiyyətindən də danışan natiq deyib ki, bu film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub.

“Şəhadət” sənədli filmində Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir. Vurğulayıb ki, filmdə Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı təbliğ olunur, digər tərəfdən isə radikalizmin törətdiyi fəsadlar tamaşaçılara təqdim edilir.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin rəisi, general-mayor Əfqan Nağıyev isə çıxışında bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. Ə.Nağıyev eyni zamanda, dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin zəruriliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti