...

Azərbaycanda dini qurumlar yeni qaydalarla qeydiyyatdan keçəcək

Cəmiyyət Materials 15 Fevral 2022 13:39 (UTC +04:00)
Azərbaycanda dini qurumlar yeni qaydalarla qeydiyyatdan keçəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda dini qurumların dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dini qurumlar (dini icmalar bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş sənədlər nəzərə alınmaqla) dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsis protokolu, nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir.

Digər bir dəyişikliklə isə dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.

Qanunun hazırkı varinatı isə belədir ki, dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri icmanın təsis protokolu və nizamnaməsi əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə müraciət edir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti