Bakı Slavyan Universiteti (BSU) dünyanın ən iri və nüfuzlu universitetlərini birləşdirən beynəlxalq "Maqna Charta Universitatium" təşkilatına üzv qəbul olunub. Trend in məlumatına görə, bu barədə sentyabrın 23-də mətbuat konfransı keçirən BSU-nun rektoru Kamal Abdulla məlumat verib. O, bildirib ki, İtaliyanın Boloniya şəhərində yerləşən "Maqna Charta Universitatium" təşkilatına üzv olmaq üçün BSU hələ iki il əvvəl müraciət etmişdi, lakin bu universitet haqqındam ətraflı məlumatlı olmadıqlarına görə müsbət cavab verilmirdi. Nəhayət, bu il avqust ayında Kamal Abdullaya məktub gönədərilib ki, BSU-nun bu təşkilata üzv qəbul edilməsinə dair qərar verilib.
Kamal Abdulla beynəlxalq təşkilatın dəvəti ilə sentyabrın 15-də Baloniya şəhərində "Maqna Charta Universitatium"a yeni üzvlərin qəbulu ilə bağlı keçirilən təntənəli müqavilə imzalanma mərasimində iştirak edib. O, BSU-nun həmin beynəlxalq təşkilata üzv olmasına dair müqaviləni imzalayıb. K.Abdulla rəhbərlik etdiyi təhsil ocağının bu uğurunu Azərbaycanda təhsil sisteminin, xüsusilə də ali təhsilin səviyyəsinin artması, dünya strandartlarına cavab verməsi ilə əlaqələndirib.
Qeyd edək ki, dünyanın 500-dən çox ən qabaqcıl universitetlərini özündə birləşdirən "Maqna Charta Universitatum" təşkilatı 1999-cu ildə, ən qədim universitet olan Boloniya Universitetində (XI əsr) təsis edilib. Onun funksiyası Maqna Charta tərəfindən müəyyən edilmiş əsas prinsiplərinin həyata keçirilməsinə nəzarət etməkdir. Bu prinsiplər dövlətlə universitet arasında müstəqil münasibətlər, tədris azadlığı, humanist bəşəri ənənələr və digər məsələlərt özündə əks etdirir.
Kamal Abdulla BSU-nun uğurlarından danışarkən müxtəlif ölkələrin prezidentlərinin, parlament sədrlərinin, nazirlərinin, ali dini rəhbərlərinin, səfirlərin və digər yüksək səviyyəli rəsmi şəxsləri bu ali təhsil ocağında görüşlər keçirdiyini, buranın fəxri doktoru adına layiq görüldüklərini diqqətə çatdırıb. BSU-nun profilini xeyli genişləndirərək son illərdə slavyan xalqlarına aid olmayan ölkələr üzrə də ixtisaslar yaradıldığını, bütün ixtisasların ikidilli tədris olunduğunu, yeni fakültələrin açıldığını deyib.