Bakı. Trend:
Fransada keçirilən futbol üzrə Avropa çempionatının ikinci finalçısı da müəyyənləşib.
Trend-in məlumatına görə, növbəti yarımfinal oyununda Almaniya və meydan sahibi Fransa qarşılaşıblar.
İlk hissə almanların üstünlüyü ilə keçsə də, kapitan Şvaynştaygerin topu əllə dəf etməsi işləri korlayıb - 45-ci dəqiqədə Qrizman penalti zərbəsini dəqiq yerinə yetirməklə fransızları önə keçirib.
İkinci hissədə də almanlar fransızlara “hədiyyə” veriblər. 72-ci dəqiqədə qapıçı Manuel Noyerin çıxışda səhvə yol verməsi Qrizmanın dublu ilə nəticələnib.2 dəqiqə sonra almanların fərqlənməsinə qapı çatı mane olub. Bundestimin digər cəhdləri də nəticəsiz qalıb – 2:0.
Beləliklə, iyulun 10-da finalda Fransa və Portuqaliya yığmaları qarşılaşacaqlar.