...

Dövlət Məşğulluq Xidmətinin qabaqcıl Avropa təcrübəsi əsasında yeni xidmət modeli yaradılır (FOTO)

İqtisadiyyat Materials 7 Avqust 2018 12:15 (UTC +04:00)
Hazırda qurulmaqda olan məşğulluq portalı Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək.
Dövlət Məşğulluq Xidmətinin qabaqcıl Avropa təcrübəsi 
əsasında yeni xidmət modeli yaradılır (FOTO)

Bakı. Trend:

Hazırda qurulmaqda olan məşğulluq portalı Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək. Bu, hər hansı vətəndaş işdən azad olunduğu, yəni onunla əmək müqaviləsinə xitam verildiyi anda artıq işaxtaran vətəndaş kimi məşğulluq portalında dərhal qeydə alınmasına və vakant vəzifənin təqdim olunmasına imkan verəcək.

Trend-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin səmərəli məşğulluğunun təmin olunması, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin səmərəliliyinin və şəffaflığının artırılması istiqamətində təkliflərin hazırlanması üzrə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib.

Nazir qeyd edib ki, aparılan islahatların əsas məqsədlərindən biri dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, bu sahədə xidmətlərin çevikliyinin, işsiz və işaxtaranlara asan əlçatanlığının təmin olunmasıdır. Bu istiqamətdə mühüm addım kimi məşğulluq xidmətlərinin elektron müstəvidə qurulması, məşğulluq portalının yaradılması işləri davam etdirilir. Eyni zamanda, müvafiq Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərlə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üzrə Avropanın qabaqcıl təcrübəsi əsasında yeni xidmət modelinin yaradılması təmin olunacaq.

S.Babayev diqqətə çatdırıb ki, aparılan işlər çərçivəsində “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2018-2030-cu illər)” layihəsinin artıq təkmil şəkildə son versiyası hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Həmçinin "Məşğulluq haqqında" Qanuna əsasən, Dövlət Məşğulluq Xidməti üçün xidmət keyfiyyətinin ölçülməsi indikatorları hazırlanıb. Peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi ilə bağlı normativ sənədlər paketinin formalaşdırılması üçün zəruri layihələr hazırlanaraq aidiyyəti dövlət orqanlarına razılaşdırmaq üçün göndərilib.

Özünüməşğulluq proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflərin də hazırlandığını vurğulayan S.Babayev əlillliyi olan insanların məşğulluq imkanlarına yiyələnməsində bu proqramın imkanlarından geniş şəkildə istifadə olunmasının, habelə həmin insanların işlə təminatı üçün müəssisələrdə kvota əsasında iş yerlərinin müəyyən olunması məsələsinə diqqətin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Nazir aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması üçün konkret addımların atılmasının təmin ediləcəyini, həmçinin işsiz və işaxtaran şəxslər üçün regional Peşə Tədrisi Mərkəzləri şəbəkəsinin genişləndiriləcəyini deyib.

İclasda İşçi Qrupu tərəfindən görülən işlər, aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması hazırlanan təkliflər, beynəlxalıq əməkdaşlıq müstəvisində icra olunan layihələr və s. müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti