Azərbaycan, Bakı, 29 may/ Trend , müxbir A.Qasımova/Ukrayna prezidenti Viktor Yuşşenko mayın 22-23-də enerji təhlükəsizliyi məsələləri üzrə Kiyevdə keçirilmiş Sammitin yekunlarını yüksək qiymətləndirib. Ukrayna prezidenti Trend -a eksklüziv müsahibəsində bildirib ki, - "Sammit həm Ukrayna, həm də bütün Avropa üçün istisna dərəcədə vacib hadisə oldu".
"Enerji ehtiyatlarının tranziti sahəsində vahid Avropa siyasətinin işlənilməsi fikri getdikcə daha çox dəstək tapır", - Yuşşenko bildirib.
Sammitin iştirakçıları ümumi enerji tranziti məkanının yaradılmasına dair bu mərhələdə Baltik, Qara dəniz və Xəzər regionlarını birləşdirməli olan əməli addım atıblar.
"Ümumi məkan enerji bazarının bütün iştirakçılarının - enerji ehtiyatlarının istehsalçısı olan ölkələrin, tranzit və istehlakçı ölkələrinin maraqları, hüquqları və öhdəliklərini nəzərə almalıdır. Bu, enerji rıçaqlarından beynəlxalq münasibətlərdə siyasi təzyiq vasitələri kimi istifadə cəhdlərindən qaçmağa imkan verəcək", - Yuşşenko bildirib.
Ukrayna başçısının sözlərinə görə, Sammit iştirakçıları enerji daşıyıcılarının mənbələri və nəqletmə marşrutlarının diversifikasiyasında irəliləyişin olduğunu qeyd ediblər.
"TİƏ-nin hazırlanması başa çatma mərhələsində olan "Odessa-Brodı-Plotsk-Qdans" layihəsinin əməli reallaşdırılma fazasına keçid buna dəlalət edir", - Ukrayna prezidenti bidirib.
Xəzər neftinin Odessa-Brodı boru kəməri ilə ixracına toxunan Viktor Yuşşenko bildirib ki, bu məsələ əməli xarakter alıb.
"Bu yalnız Ukrayna və Azərbaycan arasında deyil, digər maraqlı ölkələrdə də geniş əməkdaşlıq spektrində davamını tapmalı olan layihədir. Biz Xəzər və Baltik dənizlərini birləşdirəcək enerji dəhlizinin yaradılmasından danışırıq. Bu regional əməkdaşlığın yeni elementidir", - Ukrayna başçısı bildirib.
Onun sözlərinə görə, layihəyə cəlb olunan bütün ölkələrin siyasi dəstəyi var, lakin, iqtisadi və texniki detalları razılaşdırmaq lazımdır.
"Azərbaycan prezidenti təsdiqləyib ki, onun ölkəsi ixracın diversifikasiyası siyasətinin tərəfdarıdır. Biz bu məsələdə Azərbaycanın əməkdaşlığa hazır olmasını yüksək qiymətləndiririk", - Ukrayna rəhbəri bildirib.
Yuşşenkonun sözlərinə görə, Gürcüstanın Qara dəniz sahilində Azərbaycanın Dövlət Neft Şirkətinə məxsus Kulevi terminalı "Odessa-Brodı-Ploçk-Qdansk" layihəsini nəzərə alır və bu, enerji dəhlizinin ayrılmaz zənciridir.
Kulevi terminalı eyni zamanda 168 vaqon-sistern qəbul edə bilər. Çən parkının ümumi həcmi 380 min kubmetr təşkil edir. Liman 100 min tonadək dedveytli gəmiləri qəbul edə bilər. İki il ərzində terminalın buraxma gücünü ildə 15-20 mln. tonadək artırmaq planlaşdırılır.
Terminalın tikintisinin başa çatdırılması üçün ARDNŞ $305 mln. məbləğində sindikatlaşdırılmış kredit götürüb. ABN Amro, Societe Generale və BNP Paribas başda olmaqla, 15 Avropa bankından ibarət sindikat kreditor qismində çıxış edib. ARDNŞ neftə olan yüksək qiymətlər və neft hasilatının artması ilə əlaqədar, borcu 2009-cu ildə tamamilə ödəmək niyyətindədir.
İldə 2 mln. ton neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut daxil olmaqla, terminalın ümumi aşırma gücü 10 mln. ton təşkil edəcək.