Bəhram Həsənov - Trend Agentliyi Yaxın Şərq redaksiyasının icmalçısı
Dünya maliyyə böhranı kapitalist sisteminin və bank işinin ciddi şəkildə tənqid olunmasına, hətta bəzi mütəxəssislər tərəfindən artıq bu sistemin çökməsilə bağlı bəyanatlar səsləndirilməsinə səbəb olub. Bu böhran qarşısında sosialist sistemini yenidən canlandırmaq ideyası o qədər də maraqla qarşılanmayıb.
Mütəxəssislərin indiki mərhələdə ən çox üzərində işlədikləri məsələ islahatlar vasitəsilə kapitalist sisteminin daxilindəki bank işinin təkmilləşdirilməsidir. Müasir bank sistemlərinin işi, əsasən, faiz dərəcələrindən asılıdır. Əmlakın alqısı və ya şəxsi işin yaradılması üçün banka müraciət etmiş müştəriyə pul borc verilir. Müştəri bu məbləği bankın müəyyən etdiyi faizlərlə qaytarmalıdır. Bankın əsas gəliri məhz belə faizlərdən formalaşır.
Lakin bu sistemdə ən riskli məqamlardan biri bankdan kredit götürən müştərinin iflasa uğramasıdır.
Müasir bank sistemində bu riski minimuma endirmək üçün müəyyən nəzarət mexanizmləri mövcud olsa da, qlobal maliyyə böhranı vəziyyətin heç də həmişə nəzarətdə saxlanıla bilməyəcəyini göstərib.
Müəyyən bir dövrdə bəzi səhmlərin dəyərinin artdığı vaxtda, xeyli müştəri banklardan kreditlər alaraq, qiymətli kağızlara sərmayə yatırır. Lakin bir müddət sonra sərmayə qoyulan səhmlərin ciddi ucuzlaşması müştərilərin iflasına səbəb olur, götürülmüş bank krediti isə, borca çevrilir. Bu hal hazırki maliyyə böhranında olduğu kimi, kütləvi hal aldıqda bankların işləmə mexanizmi tamamilə iflic olur, 100 milyonlarla , bəzən milyardlarla dollar əmanət tamamilə "əriyir." Qlobal maliyyə böhranından sonra müasir maliyyə və bankçılıq sisteminin alternativləri müzakirə edilməyə başanılıb. Bu alternativlər arasında ən çox diqqət çəkən İslam bankçılıq sistemidir.
Son zamanlar dünya maliyyə sistemində yaranmış problemlərə baxmayaraq, islam maliyyə bazarı son üç ildə hər il 15 % artıb. Hazırda dünyada islami qaydalarla idarə olunan 700 milyard dollarlıq maliyyə sərmayəsi var. Maliyyə böhranının İslam banklarına əhəmiyyətli təsir göstərməməsi bu bankların işləmə mexanizminə diqqətin artmasına səbəb olub. Türkiyənin Timetürk informasiya agentliyinin Financial Times - a istinadən verdiyi məlumata görə, artıq Yaponiya hökuməti ölkənin bankçılıq sistemində İslam bankçılıq sisteminə uyğun islahatlar aparmağa başlayıb. Belə sistemə marağın əsas səbəblərindən biri onun riskləri konpensasiya edən iş mexanizmidir.
İslam bankçılığının əsas xüsusiyyətlərindən biri onun borcları almaması və satmamasıdır. Sistemdə pulu faizə vermək və ya almaq qadağandır. İslam banklarının kapitalı əmanətçilərlə gəlir ortaqlığına əsaslanan əməkdaşlığa əsaslanır. Əmanətçinin öz kapitalının istifadəsini izləmək hüququ var.
Bankdan kredit götürmək istəyən müştərilərə nəqd pul əvəzinə, onun almaq istədiyi konkret mülk, obyekt və yaxud fiziki dəyəri olan hər hansı bir şey bank tərəfindən satın alınaraq, verilir. Konkret varlığı olmayan obyektləri, məsələn, səhmləri almaq olmaz.
Bank müştərinin tələb etdiyi daşınan və yaxud daşınmaz əmlakı aldıqdan sonra bu obyektin üzərinə müəyyən miqdarda gəlir payı qoyaraq, onu müştəriyə satır. Müştəri bankın ödədiyi miqdarı əvvəlcədən razılaşdırılmış qaydada müəyyən mərhələlərlə ödəyir.
Burada islam bankçılığını müasir bank sistemindən ayıran iki əsas cəhət diqqəti cəlb edir: müştərinin faiz yükündən azad olması və daşınan yaxud daşınmaz əmlaka sərmayə yatırımının spekulyasiyalara görə yox, real bazar qiymətlərinə görə həyata keçirilməsi.
Muasir bank sistemində gələcəkdə hansı dəyərə sahib olacağı məlum olmayan səhmlərə banklardan faizli borclar alınaraq sərmayə yatırıldığı halda, islam bank sistemində daşınan yaxud daşınmaz əmlaka real bazar qiymətlərindən hərəkətlə və əmlakın birbaşa özünü satın almaqla sərmayə qoyulur. Sözsüz, bu cür bir mexanizmlə işləyən bank sistemi risklərdən sığortalanır. İslam maliyyə və bank sistemini müasir maliyyə sisteminə alternativ edən də məhz risklərən sığortalanmasıdır.