...

Ötən gün Tehrandakı mitinqlər zamanı 50 nəfər həbs olunub

Dünya xəbərləri Materials 31 İyul 2009 16:32 (UTC +04:00)

Tehran Şəhər Polis İdarəsinin rəisi general Əzizulla Rəcəbzadə bildirib ki, ötən gün Tehranın Müsəlla məscidi və Behişt Zəhra qəbristanlığında keçirilən mitinqlər zamanı 50 nəfər həbs olunub. Bu barədə Trend MEHR xəbər agentliyinə istinadən xəbər verib.

Rəcəbzadə bildirib ki, qanuni proseduranı keçdikdən sonra həbs olunanların işinə məhkəmədə baxılacaq.

"Tehranın Vəliəsr və Mütəhhəri meydanları ətrafında keçirilən mitinq iştirakçılarının polisə tərəf daş atması nəticəsində bir neçə polis əməkdaşı yaralanıb", - Rəcəbzadə deyib.

O, ötəngünkü mitinqlər zamanı ölənlər barədə yayımlanan məlumatları təkzib edib.

İranın Daxili İşlər Nazirliyinin Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin Musəlla məscidində iyunun 20-də prezident seçkilərindən sonra baş verən iğtişaşlar zamanı həlak olan şəxslər üçün 40 günlük cənazə duası keçirilməsi xahişindən imtina etməsindən sonra, prezidentliyə sabiq namizədlər iyulun 30-da həlak olanların qəbirlərini ziyarət ediblər. İran polisi güc tətbiq etməklə Tehranın Behişt Zəhra qəbristanlığına yığışan 500 nəfəri dağıdıb. Polis Musəvini qəbristanlığı tərk etməyə "məcbur" edib.

Tehranda güclü müxalifət həyəcanları iyunun 12-də keçirilən prezident seçkilərinin yekunlarının elan olunmasından sonra baş qaldırıb. İran MSK-nın məlumatına əsasən, səslərin 66 faizini toplayan hazrkı Prezident Mahmud Əhmədinejad qələbə qazanıb. Məğlub olan namizədlərdən biri Mir Hüseyn Musəvi hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb və xalqı aksiyalara qoşulmağa dəvət edib. Toqquşmalar zamanı, rəsmi məlumatlara əsasən, 20 nəfər həlak olub, qeyri-rəsmi məlumatlara görə isə 150 nəfər həlak olub. 1032 nümayişçi həbs edilib. Onların əksəriyyəti azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti