Bakı. Trend:
Almaniyanın Reynland-Pfalts əyalətinin Vestervald bölgəsindəki Vaytefeld qəsəbəsində bir ailənin üç üzvünün öldürülməsi ilə bağlı şübhəli bilinən şəxsin axtarışları davam edir.
Trend "Bild" qəzetinə istinadən xəbər verir ki, 61 yaşlı Aleksandr Maysnerin axtarışlarına xüsusi təyinatlı qüvvələr də cəlb olunub.
Polis və təhlükəsizlik qüvvələri şahidlərin və kənd sakinlərinin verdikləri məlumatlara əsaslanaraq fasiləsiz axtarış-əməliyyat tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, aprelin 6-da Vaytefeld qəsəbəsində bir evdə üç nəfərin – 47 yaşlı ata, 44 yaşlı ana və onların 16 yaşlı oğlunun cəsədləri tapılıb. Təxminən 2200 nəfərin yaşadığı qəsəbədə baş verən bu cinayətdən sonra sakinlər arasında qorxu və narahatlıq yaranıb. A.Maysnerin əvvəllər bir neçə qonşusu ilə münaqişələr yaşadığı və qəsəbəyə yenidən qayıtmasından narahat olduqları bildirilir.
Cinayətkarın yaxalanması üçün peşəkar xüsusi təyinatlılar və müvafiq texniki vasitələr əraziyə göndərilib. Həmçinin, polis əməliyyatlara helikopterin də cəlb ediləcəyini istisna etmir. Şübhəli şəxs barədə operativ məlumatların verilməsi üçün "qaynar xətt" də yaradılıb.