...

"Mövcudluğun dözülməz yüngüllüyü" sərgisi

Mədəniyyət Materials 6 İyun 2015 12:21 (UTC +04:00)
YAY Qalereyası böyük məmnunluq hissi ilə "Mövcudluğun dözülməz yüngüllüyü" adlı sərginin tezliklə açılacağı barədə xəbər verir.
"Mövcudluğun dözülməz yüngüllüyü" sərgisi

Azərbaycan, Bakı, 6 iyun /Trend/

YAY Qalereyası böyük məmnunluq hissi ilə "Mövcudluğun dözülməz yüngüllüyü" adlı sərginin tezliklə açılacağı barədə xəbər verir. YARAT-dan Trend-ə verilən məlumata görə, sərgidə Yaxın Şərq və Şimali Amerika ölkələrini təmsil edən dörd rəssamın əsərləri birlikdə nümayiş etdiriləcək. Dubayda yerləşən Cuadro Qalereyasının tərəfdaşlığı ilə hazırlanan bu sərgidə Kamil Zəkəriyyə, Məhəmməd Əhməd İbrahim, Roberto Lopardo və Manal Əl-Doveyn özlərinin foto, çap və heykəltəraşlıq kimi müxtəlif texnikalar vasitəsilə ərsəyə gətirdikləri sənət əsərlərini təqdim edəcəklər. Əsərlərin başlıca mövzusu - şəxsiyyət, ev və yaddaş arasındakı qarşılıqlı əlaqədir. Roberto Lopardo isə "Bakının xəritəsini çəkərək" (Mapping Baku) adlı əsərini məxsusi olaraq bu sərgi üçün hazırlayıb.

Kamil Zəkəriyyə, "İşarələr I" (Markings I), "hahnemühle" tipli rəsm kağızı, davamlı mürəkkəblə printer çapı, 152х152 sm, 2008-ci il, cəmi sayı 8 olan nüsxələrdən 5-cisi. Rəssamın, eləcə də Dubayda yerləşən Cuadro Qalereyasının razılığı ilə dərc olunur Kamil Zəkəriyyə, "İşarələr XXI" (Markings XXI), "hahnemühle" tipli rəsm kağızı, davamlı mürəkkəblə printer çapı, 152х152 sm, 2014-cü il, cəmi sayı 6 olan nüsxələrdən 1-cisi. Rəssamın, eləcə də Dubayda yerləşən Cuadro Qalereyasının razılığı ilə dərc olunur.

Roberto Lopardo "Bakının xəritəsini çəkərək" (Mapping Baku) adlı əsərini məxsusi olaraq YAY Qalereyasında keçiriləcək sərgi üçün sifarişimizlə ərsəyə gətirib. Bu əsər rəssamın Mappings ("Xəritələr çəkərək") silsiləsində on üçüncü instalyasiyadır. Mappings silsiləsi elə bir foto performansıdır ki, onu yaradarkən rəssam 24 saat ərzində hər dəqiqəyə bir kadr çəkir. Həmin çəkilişin nəticəsi olan fotolar bir içəridən işıqlandırılan laytboks (işıq) qutusunun üzərinə çəkiliş ardıcıllığı ilə düzülürlər.

Beləcə, 24 sıra fotoşəkil alınır (hər biri çəkilişin bir saatını əks etdirir), hər sırada isə 60 şəkil olur (hər biri çəkilişin bir dəqiqəsini əks etdirir). Çəkiliş zamanı rəssam əvvəlcədən müəyyən olunmuş istiqamətlə yox, tam əksinə, kortəbii hərəkət edərək kamerası ilə şəhərin mənzərəsini və müxtəlif obyektlərini təbii surətdə qarşısına çıxdıqca çəkir. Bu fotolar yan-yana düzülərək şəhərin vizual sehrini nümayiş etdirirlər - şəhərin rənglərini, naxışlarını, adətlərini, daxili əlaqələrini, enerjisini və s. Bakıdan öncə bu layihə İstanbul, Ciddə, Bəhreyn, Doha, Qüds və b. şəhərlərdə həyata keçirilib.

Manal Əl-Doveyn ağ-qara fotoşəkillərdən ibarət silsilələr yaradaraq, özündən öncəki nəsillərin yaddaşını canlandırmağa çalışır. O, neft sənayesində çalışan ailədə boya-başa çatıb, şəxsən özü də əvvəlcə neft sahəsində işləyib, sonradan rəssam olub. Odur ki, "Səni unutsam da, unutma məni" foto silsiləsində Əl-Doveyn öz atasının nəslinə məxsus xatirələri sənədləşdirib. Bu fotolar vasitəsilə o, Səudiyyə Ərəbistanın neftçilərində - həm kişi, həm də qadınlarında müşahidə etdiyi xatirələri, hərəkətləri, səciyyəvi əşyaları, onların söhbətlərini göstərərək, bir müəllif kimi öz dilindən söhbət də açıb tamaşaçıya hekayətlər söyləyir. Kamil Zəkəriyyə isə 1985-ci ildə Livanda tüğyan edən vətəndaş müharibəsi xaosundan necə baş götürüb getməsini özünün "Elə isə - rədd ol!" silsiləsində sənədləşdirib. Əl-Doveynin əsərlərində olduğu kimi, Zəkəriyyə də öz işlərində insanlarla, şəhərlərlə, ən müxtəlif eksteryer və interyerlərlə rastlaşdığını canlandırır. Məhəmməd Əhməd İbrahim isə heykəllər, bir də Turãb seriyasından kollajları sərgiləyəcək. İbrahimin yaratdığı abstrakt görüntülər və formalar onun təbiətlə münasibətini əks etdirərək, sanki, tamaşaçıya üz tutub, deyirlər: "İnsan təbiətin bir hissəsidir və bunu duyduğu zaman o, üstündəki qat bağlamış çöküntüləri lay-lay, parça-parça qoparıb tullamağa və sənət əsərləri yaratmağa başlayır."

YAY Qalereyası haqqında

YAY Qalereyası Bakının tarixi mərkəzi olan, YUNESKO tərəfindən dünya mədəniyyəti irsinə aid edilmiş İçəri Şəhərdə yerləşir. Qalereyanın təsisçisi olan YARAT müasir incəsənət sahəsində fəaliyyət göstərən, bununla da Azərbaycanda yaradıcı infrastrukturu dəstəkləyən qeyri-kommersiya təşkilatıdır. Qalereya ictimai vəzifələri yerinə yetirən müəssisədir: YAY (sözün "yaymaq", "paylaşmaq" mənasında) Qalereyasında satılmış hər bir əsərdən əldə edilən gəlir əsərin müəllifi ilə YARAT arasında bölünür. Qalereyada hər il altı sərgi keçirilir. Bundan əlavə, Qalereya böyük fəallıqla özünün görüşlər və publikasiyalar proqramını da həyata keçirir. Əsərlərini YAY Qalereyasında sərgiləyən rəssamlar sonradan beynəlxalq art-rezident proqramları və sərgilərə qatılırlar. Buna misal gətirərək, Faiq Əhmədin 2013-cü ildə nüfuzlu Jameel Prize mükafatına təqdim olunmasını və əsərlərinin Londondakı Viktoriya və Albert Muzeyində sərgilənməsini qeyd etmək olar; Nəzrin Məmmədova, Rəşad Ələkbərov və Fərid Rəsulov Delfina Fondunun məşhur art-rezident proqramı üzrə Londonda ezam-sakin olublar.

Rəssamlar haqqında:
Roberto Lopardo, 1976-cı il təvəllüdlü, Bruklin, Nyu-York. Lopardo Rod-Aylend Dizayn Məktəbini bitirib təsviri sənət üzrə magistr dərəcəsini almışdır. Braun Universiteti ona müəllimlik sertifikatı vermişdi, Uitmen Kollecindən isə ona "Siyasət" ixtisası üzrə incəsənət bakalavrı diplomu təqdim edilmişdi. Əvvəllər Lopardo müəllimlik edərdi - o, kar və korlar üçün Arizona məktəbində, Navaxo rezervasiyası ərazisindəki Dayn kollecində, Rod-Aylend Dizayn Məktəbində, eləcə də Arizona Universitetində dərs deyib. Dubayda yerləşən Amerika Universitetinin sabiq rəhbəri və fotoqrafiya üzrə professorudur. Lopardonun əsərləri bir çox nüfuzlu sərgi məkanlarında nümayiş etdirilib, bunlardan RISD muzeyi, Dubaydakı ABŞ Konsulluğu, Nyu-Yorkdakı Tenri institutu, Parisdəki Video-Appart mərkəzi, Berlindəki Emerson qalereyası və Küveytdəki Sultan qalereyasının adlarını çəkmək olar. Bu yaxınlarda Roberto Nyu-York Universitetinin (NYU) təqaüdçüsü oldu.

Manal Əl-Doveyn, Səudiyyə Ərəbistanı. Əl-Doveyn sistemli təhlil və dizayn üzrə magistridir. Tam vaxtını yaradıcılığa həsr etməkdən öncə o, on il ərzində Səudiyyə Ərəbistanında neft şirkətinin kreativ direktoru vəzifəsində çalışıb. Bir neçə dəfə art-rezident ezamiyyətində olub, o cümlədən Delfina Fondunun proqramı üzrə Londonda, The Town House qalereyasının proqramı üzrə Qahirədə, Cuadro qalereyasının proqramı üzrə Dubayda. Onun əsərləri böyük beynəlxalq sərgilərdə nümayiş etdirilib, o cümlədən 2009-cu və 2011-ci illərin Venesiya Biennalesində, 2010-cu ilin Berlin Biennalesində, 2010-cu ilin Contemporary Istanbul Festivalı çərçivəsindəki müstəqil sərgidə. Onun əsərləri Britaniya Muzeyin daimi kolleksiyasında, Los-Anceles Dairəsi İncəsənət Muzeyində, Mathaf Müasir Ərəb İncəsənəti Muzeyində, İordaniya Milli təsviri sənət muzeyində, Əbdül Lətif Cəmil Fondunda, Əbu-Dabinin Dövlət Mədəni İrs İdarəsində (ADACH), Nadour Fondunda və Barjeel Fondunda saxlanılır. Əl-Doveynin əsərləri Dubayda yerləşən Cuadro qalereyasında nümayiş etdirilir. Hal-hazırda o, həm doğma şəhəri Zahranda (Səudiyyə Ərəbistanı), həm də Dubayda (BƏƏ) yaşayıb çalışır.

Kamil Zəkəriyyə, 1962-ci il təvəllüdlü, Livan. Zəkəriyyə 1997-ci ildə Kanadanın Halifaks şəhərində NSCAD Universitetini (Nova Scotia College of Art and Design) bitirib "Təsviri sənət" üzrə bakalavr dərəcəsini almışdı. Bundan öncə isə - 1985-ci ildə - o, Beyrutdakı Amerika Universitetini bitirib mühəndislik üzrə bakalavr dərəcəsini almışdı. 2006-cı və 2007-ci illərdə Zəkəriyyə Beynəlxalq Fotoqrafiya Müsabiqəsinin birinci mükafatına layiq görülmüşdü, 2009-cu ildə isə Jameel Prize mükafatı namizədlərinin yekun siyahısına düşmüşdü. Zəkəriyyənin əsərləri Şimali Amerika, Avropa və Yaxın Şərq ölkələrinin, demək olar ki, hamısında nümayiş etdirilib, o cümlədən Londondakı Viktoriya və Albert Muzeyində, Kvebekdəki Kanada Mədəniyyətlər Muzeyində, Banqladeşin Milli təsviri sənət qalereyasında, Şarjadakı İslam Mədəniyyəti Muzeyində, Şarja Biennalesində, Floridanın Aplton muzeyində, Mühərrəqdəki Bin Matar House mərkəzində, Ər-Riyaddakı kral Əbdül-Əziz adına Milli muzeydə, Maskatdakı Bait Al Zubair muzeyində, Afinadakı Loutro ton Aeridon mərkəzində, Tehrandakı Mədəniyyət və İncəsənət İnstitutunda, Parisdəki Acte 2 qalereyasında, Hyustondakı FotoFest mərkəzində və Halifaksdakı Multikultural Mədəniyyət Mərkəzində. "Dənizkənarı gəzinti" adlı əsərlər silsiləsi 2012-ci ildə Venesiya Memarlıq Biennalesinin Bəhreyn pavilyonunda nümayiş etdirilmişdi. Həmin ekspozisiya ən yaxşı pavilyon nominasiyasında "Qızıl şir" mükafatına təqdim olunmuşdu. Ondan sonra Zəkəriyyə Bəhreyn krallığı tərəfindən 2013-cü ilin Venesiya Art Biennalesində də iştirak etməyə dəvət olundu.

Məhəmməd Əhməd İbrahim, 1962-ci il təvəllüdlü, Xorfakkan, BƏƏ. İbrahim psixologiya üzrə Əl-Ayn Universitetini bitirib. O, Le Consortium Art Mərkəzinin art-rezidenti qismində Dijonda (Fransa) ezam-sakin olmuşdu. Onun əsərləri dünya miqyasında nümayiş etdirilib, o cümlədən: 1993, 1995, 1997, 1999, 2001, 2003 və 2007-ci illərin Şarja Biennalelərində, 1996 və 2005-ci illərdə Şarja İncəsənət Muzeyində, 1993 və 2002-ci illərin Dəkkə Biennalelərində, 1990-cı ildə Moskvada keçirilən BƏƏ Təsviri Sənət Cəmiyyətinin sərgisində, 1995-ci ildə Niderlandın Sittard incəsənət mərkəzində, 1998-ci ilin Qahirə Biennalesində, 1998-ci ildə Ərəb Dünyası İnstitutunda, 2000-ci ilin Havana Biennalesində, 2002-ci ildə Almaniyanın Lüdviq Forumunda, 2005-ci ildə Bonn incəsənət muzeyində, 2009-cu ilin Venesiya Biennalesində. 1999 və 2001-ci illərin Şarja Biennalelərində İbrahim heykəltəraşlıq üzrə Birinci mükafatla təltif olunmuşdu. Onun əsərləri nüfuzlu kolleksiyalarda saxlanılır, o cümlədən Qətərdə yerləşən Ərəb Müasir İncəsənət Muzeyində, Şarja İncəsənət Muzeyində və Niderlandın Sittard incəsənət mərkəzində.

YAY Qalereyası
Ünvan: AZ1005, Azərbaycan, Bakı, İçəri Şəhər, Kiçik Qala küç., 5.
İş vaxtı: 12:00 - 20:00 (bazar ertəsindən başqa)
Website: www.yaygallery.com
Facebook: facebook.com/YayGallery
Instagram: instagram.com/yaygallery
Telefon: +994 12 505 23 23
Mətbuat və fotoşəkil müraciətləri üçün əlaqə bilgiləri:
Pelham Communications şirkətinin əməkdaşları Coş Dobbins və ya Reçel Kempbel
Telefon: +44 (0) 208 969 3959

Məqalədə:
Xəbər lenti

Xəbər lenti