Bakı. Trend:
Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub.
Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi
daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının
kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal
dayandırılmalıdır.
Bir daha bəyan edirik ki, Ermənistan tərəfindən Azərbaycanın
Qarabağ iqtisadi rayonunda yerləşən qeyri-qanuni erməni silahlı
dəstələrinə silah, sursat, mina, təminat və digər hərbi vasitələrin
çatdırılması, eləcə də bu yolla döyüş mövqelərinə şəxsi heyətin
daşınması və rotasiyası Azərbaycanın suverenliyinin, üçtərəfli
Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbaycana
qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir. Bu kimi
əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və
qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren
ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə
Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində
qalacaqdır.
Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət
rejiminin yaradılmasının zəruriliyini və labüdlüyünü bir daha
təsdiq edir.