İyirmi il əvvəl başlayan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mövcud deyil. Bunu cümə günü Moskvada Ermənistan XİN başçısı ilə danışıqlardan sonra keçirilən brifinqdə Rusiya XİN rəhbəri Sergey Lavrov deyib. ( RİA Novosti )
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 -ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
"Mən tam əminəm ki, bu problemin hərbi yolla həlli variantı yoxdur və bu, Minsk qrupunun bütün üzvlərinin mövqeyidir", - deyə Lavrov vurğulayıb.
"Bölgədə silahlanma probleminə gəldikdə isə silah və hərbi texnikanın parametrləri bir sıra verifikasiya mexanizmlərinə əsaslanan beynəlxalq müqavilələrlə tənzimlənir. Biz də məhz bundan çıxış edirik", - deyə nazir bildirib.
"Hər iki tərəf siyasi iradə nümayiş etdirsə, hər şeyi tezliklə həll etmək olar. Lakin bəzi məsələlər var ki, orada tələskənlik etmək lazım deyil. Mürəkkəb məsələ ilə bağlı konkret danışıqlar gedir. Tərəflərin problemin müəyyən aspektlərini razılaşdırmaq niyyəti var və əsas odur ki, Minsk qrupu həmsədrləri tərəflərə hər cür kömək etməkdə qətiyyətlidirlər ", - deyən Lavrovun sözlərinə görə, Ermənistan və Azərbaycandakı daxili siyasi təqvim kimi amil də nəzərə alınır.
"Biz həmçinin bu prosesə kömək etmək istəyən xarici oyunçuların ehtiyatsız addım atmaqdan vaz keçmək və xoş niyyətdən irəli gələn hansısa ideyaları təklif etmək cəhdlərindən kənar durmaq kimi məsələlərin vacibliyini nəzərə alırıq ", - deyə Lavrov əlavə edib.
"Əminəm ki, öncədən əldə olunan və xüsusən də nəticə verən anlaşmalara sadiqliyin nümayiş etdirilməsi nəticə etibarilə problemin nizamlanmasına gətirib çıxaracaq. Bu, ümumi vəzifənin olduqca vacib elementləridir", - deyə rusiyalı nazir fikrini tamamlayıb.